Screenshot

Uşaqlarda depressiya necə görünür?

Baxış sayı: 519

Son illərdə uşaqlarda psixi sağlamlıq problemlərinin artması həm mütəxəssisləri, həm də valideynləri daha diqqətli olmağa vadar edir. Bu problemlər arasında ən çox yanlış anlaşılan pozuntulardan biri də depressiyadır. Cəmiyyətdə hələ də “uşaq depressiyaya düşməz”, “uşağın dərdi nədir ki?” kimi yanlış fikirlər mövcuddur. Halbuki elmi araşdırmalar göstərir ki, depressiya hər yaş dövründə, o cümlədən uşaqlıq çağında da yarana bilər və vaxtında aşkar edilmədikdə uşağın emosional, sosial, idrak və akademik inkişafına ciddi təsir göstərə bilər.

Depressiya sadəcə kədər hissi deyil. Bu, uşağın gündəlik həyat keyfiyyətini, münasibətlərini, öyrənmə bacarıqlarını və gələcək psixoloji sağlamlığını təsir edən klinik bir vəziyyətdir. Məhz buna görə valideynlərin depressiyanın əlamətlərini tanıması və davranış dəyişikliklərini düzgün qiymətləndirməsi böyük əhəmiyyət daşıyır.

Uşaqlarda depressiya böyüklərdə olduğu kimi hər zaman kədər və ağlama ilə özünü göstərmir. Çox zaman bu vəziyyət davranış dəyişiklikləri, əsəbilik, aqressivlik və ya müxtəlif fiziki şikayətlərlə özünü büruzə verir.

İnkişaf psixologiyası baxımından uşağın yaşı artdıqca depressiyanın əlamətləri də fərqli şəkildə ifadə oluna bilər. Məktəbəqədər yaşlı uşaqlarda səbəbsiz ağlama, valideyndən ayrılmaq istəməmək, əvvəl sevdiyi oyunlara marağın azalması, yuxu və qidalanma pozuntuları daha çox müşahidə edilir. Məktəb yaşlı uşaqlarda isə davamlı əsəbilik, aqressiv davranışlar, diqqətin azalması, dərs nailiyyətlərinin zəifləməsi, özünə inamın aşağı düşməsi və sosial mühitdən uzaqlaşma ön plana çıxır. Yeniyetmələrdə isə ümidsizlik hissi, gələcəyə marağın itməsi, özünü dəyərsiz hiss etmə, riskli davranışlar və bəzi hallarda özünə zərər vermə düşüncələri müşahidə oluna bilər.

usaqlar

DSM-5-TR diaqnostik meyarlarına əsasən uşaqlarda depressiyanın əsas xüsusiyyəti təkcə kədərli əhval deyil, həm də davamlı əsəbilik ola bilər. Bu, uşaqlarda depressiyanı böyüklərdən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biridir. Diaqnozun qoyulması üçün simptomların ən azı iki həftə davam etməsi və uşağın gündəlik funksionallığına əhəmiyyətli dərəcədə mənfi təsir göstərməsi vacibdir.

 

Uşaqlarda depressiyanın əsas əlamətləri:

  • Davamlı kədərli və ya əsəbi əhval.
  • Əvvəllər zövq aldığı fəaliyyətlərə marağın azalması.
  • Oyuna və sosial ünsiyyətə həvəssizlik.
  • Tez-tez ağlama və emosional həssaslıq.
  • Yuxu pozuntuları (çox yatmaq və ya yuxusuzluq).
  • İştahın azalması və ya artması.
  • Yorğunluq və enerjisizlik.
  • Diqqət və yaddaş problemləri.
  • Məktəb nailiyyətlərinin zəifləməsi.
  • Özünü günahkar və ya dəyərsiz hiss etmə.
  • Baş və qarın ağrısı kimi tibbi səbəbi izah olunmayan somatik şikayətlər.
  • Ağır hallarda ölüm haqqında düşüncələr və ya özünə zərər vermə davranışları.

Valideynlərin ən çox yol verdiyi səhvlərdən biri bu əlamətləri “ərköyünlük”, “inadkarlıq”, “tənbəllik” və ya “diqqət çəkmək istəyir” kimi qiymətləndirmələridir. Halbuki uşaq davranışı çox zaman onun daxili emosional vəziyyətinin göstəricisidir. Davranışın arxasında hansı psixoloji səbəbin dayandığını araşdırmaq vacibdir.

Depressiyanın yaranmasına tək bir səbəb deyil, genetik meyillilik, ailədaxili konfliktlər, valideyn itkisi və ya boşanması, emosional və fiziki zorakılıq, məktəbdə bullinq, xroniki stress, sosial təcrid və bəzi tibbi xəstəliklər kimi bir çox bioloji, psixoloji və sosial amillər birlikdə təsir göstərir.

Depressiyadan şübhələnildikdə ilk addım uşağı mühakimə etmək deyil, onu dinləmək və peşəkar qiymətləndirməyə yönləndirməkdir. Klinik psixoloq tərəfindən aparılan ətraflı anamnez, klinik müşahidə, psixodiaqnostik qiymətləndirmə və lazım gəldikdə uşaq psixiatrı ilə multidissiplinar əməkdaşlıq düzgün diaqnoz və müdaxilə üçün vacibdir.

usaq

Elmi araşdırmalar göstərir ki, erkən diaqnostika və vaxtında tətbiq olunan psixoloji müdaxilələr, xüsusilə Koqnitiv Davranış Terapiyası (CBT), ailə ilə psixoedukasiya və valideyn dəstəyi uşaqlarda depressiyanın gedişatını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Unutmayaq ki, uşaq davranışı bizə onun daxili dünyası haqqında mesaj verir. Bu mesajı vaxtında oxumaq, düzgün qiymətləndirmək və peşəkar dəstək göstərmək gələcəkdə daha sağlam, emosional cəhətdən güclü bir fərdin formalaşmasına kömək edir.

 

Psixoloq Bilqeyis Səfərqızı

Sabahgrow Oyun və Terapiya Mərkəzinin baş Mütəxəssisi




2 şərh “Uşaqlarda depressiya necə görünür?

  1. Xuraman Nağıyeva

    Menim usagim bir muddet derslere maraq gostermirdi. Indi dusunurem ki, belke de sebebini daha derinden arasdirmali idim.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir