Screenshot

"Psixoloqun işi yalnız problemi həll etmək deyil, insanın potensialını üzə çıxarmaqdır" - MÜSAHİBƏ

Baxış sayı: 302

Psixi sağlamlıq artıq yalnız problem yarandıqda xatırlanan bir mövzu deyil. Son illərdə həm böyüklər, həm də valideynlər psixoloji dəstəyin əhəmiyyətini daha yaxşı dərk edir, erkən müdaxilənin və peşəkar yanaşmanın insan həyatında oynadığı rolu daha dərindən anlayırlar. Bununla yanaşı, cəmiyyətdə psixoloq peşəsi ilə bağlı mövcud stereotiplərin aradan qalxması, psixi sağlamlıq sahəsində maarifləndirmənin genişlənməsi də aktual məsələlərdən biri olaraq qalır.

“Gencaile.az” saytının budəfəki həmsöhbəti Sabahgrow Psixoloji Dəstək Mərkəzinin Badamdar filialının Baş mütəxəssisi, psixoloq Bilqeyis Səfərqızıdır. O, müsahibəsində psixologiya sahəsinə gəlmə hekayəsindən, Azərbaycanda psixoloji xidmətlərə artan maraqdan, insanların ən çox üzləşdiyi psixoloji çətinliklərdən, valideynlərin övladlarının inkişafı ilə bağlı diqqət etməli olduqları məqamlardan, həmçinin rəhbərlik etdiyi yeni filialın fəaliyyət istiqamətləri və qarşıya qoyulan hədəflərdən danışdı.

 

– Özünüzü və psixologiya sahəsinə gəlmə hekayənizi qısaca necə təsvir edərdiniz?

– Mən Hüseynova Bilqeyis Səfərqızı, psixoloqam. Əslən Qərbi Azərbaycanın tarixi Vedi mahalındanam. Ailəliyəm, iki övlad anasıyam. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura təhsili alıram. Eyni zamanda Sabahgrow Psixoloji Dəstək Mərkəzinin Badamdar filialının Baş mütəxəssisiyəm və “Qadın Birliyi” təşkilatının qurucusuyam.

Psixologiyanı seçməyim insanı daha dərindən anlamaq istəyindən qaynaqlanıb. Mənim üçün bu peşə sadəcə problemləri dinləmək deyil, insanın potensialını üzə çıxarmaq, elmi əsaslarla ona dəstək olmaq və həyat keyfiyyətinin yüksəlməsinə töhfə verməkdir. Bu məsuliyyət məni daim öyrənməyə və inkişaf etməyə sövq edir.

 

– Sizcə, son illərdə Azərbaycanda insanlar psixoloqa müraciət etməyə əvvəlki dövrlərlə müqayisədə daha açıq yanaşırlar?

– Bəli, son illərdə bu sahədə müsbət dəyişikliklər müşahidə olunur. Sevindirici haldır ki, böyüklər artıq yalnız psixoloji çətinlik yaşadıqları zaman deyil, özlərini daha yaxşı tanımaq, emosional sağlamlıqlarını qorumaq, münasibətlərini yaxşılaşdırmaq və şəxsi inkişaflarına investisiya qoymaq üçün də psixoloqa müraciət edirlər.

Valideynlər arasında da maariflənmə artır. Xüsusilə autizm spektr pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DƏHB), nitq və inkişaf gecikmələri kimi mövzularda daha erkən müraciətlər edilir. Bununla yanaşı, bəzi ailələrdə hələ də “gözləyək, böyüyəndə düzələr” yanaşması qalır. Halbuki erkən qiymətləndirmə və vaxtında göstərilən dəstək uşağın inkişafında həlledici rol oynayır. Düşünürəm ki, psixi sağlamlıq mədəniyyətinin formalaşması istiqamətində müsbət dəyişikliklər davam edir.

 

– İnsanların ən çox yaşadığı psixoloji problemlər hansılardır və bunun əsas səbəbləri nədir?

– Bu gün psixoloji müraciətlərin xarakteri yaş qruplarına görə fərqlənir. Böyüklərdə daha çox narahatlıq, xroniki stress, emosional tükənmə, ailədaxili münasibətlərdə çətinliklər və özünüdəyər hissinin zəifləməsi ilə bağlı müraciətlər müşahidə olunur. Eyni zamanda sevindirici haldır ki, bir çox insan artıq yalnız problem yaşadıqda deyil, şəxsi inkişafı, emosional intellekti və həyat keyfiyyətini artırmaq məqsədilə də psixoloqa müraciət edir.

Uşaqlarla bağlı isə son illərdə neyroinkişaf xüsusiyyətləri ilə əlaqədar müraciətlər artıb. Bunlara autizm spektr pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DƏHB), nitq və inkişaf gecikmələri, öyrənmə və intellektual inkişaf çətinlikləri daxildir. Burada ən vacib məsələ erkən qiymətləndirmə və valideynlərin prosesi vaxtında qəbul etməsidir. Çünki erkən müdaxilə uşağın inkişaf potensialını əhəmiyyətli dərəcədə artırır.

Screenshot

– Cəmiyyətdə psixoloqlarla bağlı hansı stereotiplərin dəyişməsinə ehtiyac olduğunu düşünürsünüz?

– Ən çox rast gəldiyimiz yanlış fikirlərdən biri odur ki, psixoloqa yalnız ağır psixi problemləri olan insanlar müraciət edirlər. Halbuki psixoloq insanın psixi sağlamlığını qorumağa, həyat keyfiyyətini yüksəltməyə və çətin həyat dövrlərini daha sağlam şəkildə idarə etməsinə dəstək olan mütəxəssisdir.

Digər mühüm məsələ isə uşaqlarla bağlıdır. Bəzi valideynlər qiymətləndirmədən çəkinir və diaqnozun uşağa “etiket” vuracağını düşünürlər. Əslində düzgün qiymətləndirmə uşağı məhdudlaşdırmır, əksinə onun güclü tərəflərini və dəstəyə ehtiyac duyduğu sahələri müəyyən etməyə imkan verir. Problemi görməməzlikdən gəlmək yox, onu vaxtında dəyərləndirmək uşağın gələcəyi üçün daha faydalıdır.

 

– Gündəlik stress və emosional yorğunluqla mübarizə aparmaq üçün insanlara ən vacib tövsiyəniz nə olardı?

– İlk növbədə insan öz psixi sağlamlığına fiziki sağlamlığı qədər dəyər verməlidir. Daim güclü görünməyə çalışmaq əvəzinə, emosiyalarımızı tanımaq, ehtiyac olduqda dincəlmək və yaxınlarımızla sağlam ünsiyyət qurmaq vacibdir. Kiçik, amma davamlı vərdişlər – keyfiyyətli yuxu, fiziki aktivlik, vaxtın düzgün planlaşdırılması və rəqəmsal balans – psixoloji sağlamlığın qorunmasına ciddi təsir göstərir.

Valideynlərə isə bir tövsiyəm var: uşağın davranışına deyil, həmin davranışın arxasında duran səbəblərə diqqət yetirin. Uşaqlar bəzən sözlə ifadə edə bilmədiklərini davranışları ilə göstərirlər. Həm böyüklər, həm də uşaqlar üçün psixoloji dəstəyə vaxtında müraciət etmək problemin böyüməsinin qarşısını alan ən doğru addımlardan biridir.

 

– Sosial media və texnologiyanın insanların psixoloji vəziyyətinə təsirini necə qiymətləndirirsiniz?

– Texnologiya və sosial media düzgün istifadə olunduqda öyrənmək, ünsiyyət qurmaq və maariflənmək üçün çox faydalı vasitədir. Lakin nəzarətsiz istifadə, xüsusilə sosial müqayisələr, informasiya bolluğu və virtual təsdiq axtarışı narahatlıq, özgüvən problemləri və emosional tükənməyə səbəb ola bilər.

Uşaqlarda isə ekran qarşısında həddindən artıq vaxt keçirmək diqqət, nitq, emosional inkişaf və sosial bacarıqlara mənfi təsir göstərə bilər. Ona görə də valideynlərin rəqəmsal balans yaratması, uşaqlarla keyfiyyətli vaxt keçirməsi və texnologiyadan yaşa uyğun istifadəni təmin etməsi çox vacibdir.

Bilqeyis Seferqizi 3

– Psixoloqa müraciət etmək istəyən, amma tərəddüd edən insanlara nə demək istərdiniz?

– Psixoloqa müraciət etmək zəiflik deyil, insanın özünə və psixi sağlamlığına verdiyi dəyərin göstəricisidir. Necə ki, fiziki sağlamlığımız üçün həkimə müraciət edirik, emosional çətinliklər yaşadıqda da peşəkar dəstək almaq tamamilə təbiidir.

Valideynlərə də demək istərdim ki, uşağın inkişafı ilə bağlı kiçik bir narahatlığınız belə varsa, gözləmək əvəzinə mütəxəssis rəyi alın. Erkən qiymətləndirmə bəzən bir uşağın gələcəyini müsbət istiqamətdə dəyişə bilir.

 

– Sabahgrow Psixoloji Dəstək Mərkəzinin Badamdar filialının açılması sizin üçün nə ifadə edir? Bu filialın əsas məqsədi və fərqi nə olacaq?

– Sabahgrow Psixoloji Dəstək Mərkəzinin Badamdar filialının açılması mənim üçün həm böyük məsuliyyət, həm də qürurverici bir addımdır. Bu filialın Baş mütəxəssisi kimi məqsədim elmi yanaşmaya, peşə etikasına və fərdi ehtiyaclara əsaslanan psixoloji xidmət modelini daha geniş auditoriyaya təqdim etməkdir.

Filialımızın əsas fərqi uşaqlar, yeniyetmələr və böyüklərə kompleks yanaşma göstərməsidir. Biz yalnız psixoloji konsultasiya ilə kifayətlənmir, eyni zamanda psixoloji qiymətləndirmə, valideyn konsultasiyaları, inkişafın izlənməsi və maarifləndirmə fəaliyyətləri ilə də cəmiyyətə töhfə verməyə çalışırıq. İnanıram ki, psixi sağlamlığın qorunması müasir cəmiyyətin ən vacib prioritetlərindən biridir.

 

– Yeni filialın Baş mütəxəssisi kimi qarşıya qoyduğunuz əsas hədəflər hansılardır?

– Başlıca hədəfim hər bir müraciətçinin özünü güvəndə, dəyərli və anlayışla qarşılandığı bir psixoloji xidmət mühiti yaratmaqdır. Mənim üçün keyfiyyətli psixoloji xidmət yalnız konsultasiya ilə məhdudlaşmır; bu, düzgün qiymətləndirmə, fərdi yanaşma, etik prinsiplərə sadiqlik və davamlı peşəkar inkişafın vəhdətidir.

Xüsusilə uşaqların inkişaf xüsusiyyətlərinin erkən müəyyənləşdirilməsi, valideynlərin elmi əsaslı şəkildə maarifləndirilməsi və böyüklərin psixoloji rifahının dəstəklənməsi əsas fəaliyyət istiqamətlərimizdəndir. Eyni zamanda istəyirəm ki, Sabahgrow Psixoloji Dəstək Mərkəzinin Badamdar filialı insanların yalnız çətinlik yaşadıqları zaman müraciət etdikləri bir ünvan deyil, psixi sağlamlığın qorunması, şəxsi inkişaf və maarifləndirmə sahəsində etibar olunan bir mərkəz kimi tanınsın.

Bilqeyis Seferqizi 2

 

– Badamdar və ətraf ərazilərdə yaşayan insanlar bu mərkəzdə hansı xidmətlərdən yararlana biləcəklər?

– Sabahgrow Psixoloji Dəstək Mərkəzinin Badamdar filialında uşaqlar, yeniyetmələr və böyüklər üçün geniş xidmət spektri təqdim olunur. Burada fərdi psixoloji konsultasiya, psixoloji qiymətləndirmə, valideyn konsultasiyaları və ailələrlə psixoloji iş həyata keçirilir. Eyni zamanda autizm spektr pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DƏHB), inkişaf və öyrənmə çətinlikləri kimi neyroinkişaf xüsusiyyətləri olan uşaqların qiymətləndirilməsi, psixoloji dəstəyi və ailələrin düzgün istiqamətləndirilməsi istiqamətində xidmətlər göstərilir.

Lakin fəaliyyətimiz bununla məhdudlaşmır. Biz hesab edirik ki, psixoloji dəstək yalnız çətinliklərin həllinə deyil, insanın potensialının inkişafına da xidmət etməlidir. Bu məqsədlə uşaqlar üçün Montessori qrupları, məktəbəqədər hazırlıq proqramları, yay məktəbi, şahmat dərsləri və inkişafyönümlü fəaliyyətlər təşkil olunur. Yeniyetmələr və böyüklər üçün isə özünü tanıma, şəxsi inkişaf, emosional bacarıqların gücləndirilməsi və sosial ünsiyyətin inkişafına yönəlmiş qrup terapiyaları həyata keçirilir.

Məqsədimiz hər bir müraciətçiyə yaşına, ehtiyacına və potensialına uyğun təhlükəsiz, peşəkar və inkişafyönümlü mühit təqdim etməkdir. İnanırıq ki, sağlam cəmiyyət yalnız problemləri həll etməklə deyil, insanların potensialını vaxtında üzə çıxarmaq və inkişaf etdirməklə formalaşır.

“İnanıram ki, psixoloqun işi yalnız mövcud problemi həll etmək deyil. Əsl məqsəd insanın özünü tanımasına, daxili resurslarını kəşf etməsinə və həyatının müxtəlif mərhələlərində daha sağlam seçimlər etməsinə dəstək olmaqdır. Sağlam psixoloji mühit isə sağlam ailələrin, sağlam ailələr də sağlam cəmiyyətin təməlidir.”

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir