Aybeniz Hesenova

Görünməyən qorxu, görünən məhdudiyyətlər — SOSİAL FOBİYA

Baxış sayı: 511

İnsan sosial varlıqdır və gündəlik həyatda ünsiyyət, əməkdaşlıq və ictimai münasibətlər psixi sağlamlığın mühüm tərkib hissəsini təşkil edir. Lakin bəzi insanlar üçün başqalarının qarşısında danışmaq, yeni insanlarla tanış olmaq, her hansı iclasda fikir bildirmək, telefonla dansihmaq, təqdimat etmək və ya sadəcə diqqət mərkəzində olmaq güclü narahatlıq və qorxu yaradır. Bu qorxu adi həyəcan deyil, insanın gündəlik fəaliyyətini, təhsilini, peşə həyatını və sosial münasibətlərini məhdudlaşdıran klinik vəziyyətə çevrildikdə sosial fobiya adlanır.

 

Sosial fobiya nədir?

Sosial fobiya cəmiyyət arasında geniş yayılmış psixi sağlamlıq problemlərindən biridir. Bir çox insanlar bu vəziyyəti utancaqlıq və ya xarakter xüsusiyyəti kimi qiymətləndirsələr də, əslində bu, peşəkar qiymətləndirmə və uyğun müdaxilə tələb edə bilən psixi pozuntudur. Müalicə olunmadıqda sosial təcrid, akademik və peşə uğurlarının azalması, özünəinamın zəifləməsi, depressiya və digər narahatlıq pozuntularının inkişaf riski arta bilər.

Sosial fobiya insanın başqaları tərəfindən mənfi qiymətləndiriləcəyi, tənqid olunacağı, utancverici vəziyyətə düşəcəyi və ya alçaldılacağı düşüncəsi ilə müşayiət olunan güclü və davamlı qorxudur. Bu qorxu real təhlükədən daha güclü olur və insanın müxtəlif sosial vəziyyətlərdən qaçmasına səbəb ola bilər.

sosial fobiya

Sosial fobiya niyə yaranır?

Sosial fobiyanın yaranmasına tək bir səbəb deyil, bir neçə amilin birlikdə təsir etdiyi düşünülür. Bunlara – genetik meyllilik, uşaqlıq dövründə yaşanan tənqid, zorakılıq və ya alçaldıcı təcrübələr, həddindən artıq tənqidçi və ya qoruyucu ailə mühiti, mənfi sosial təcrübələr və uzunmuddətli stress səbəb ola bilər.

 

Sosial fobiya necə qiymətləndirilir?

Diaqnostik qiymətləndirmə mütəxəssis tərəfindən klinik müsahibə, simptomların təhlili  vasitəsilə aparılır. Sosial narahatlığın gündəlik həyata nə dərəcədə təsir göstərməsi qiymətləndirmənin əsas hissəsini təşkil edir.

 

İnsan özü nə edə bilər?

Müalicə prosesini dəstəkləmək üçün:

Özünə diaqnoz qoymamaq

Yaxınların dəstəyindən faydalanmaq

Psixoloji yardım almaq

Sosial situasiyalardan tam qaçmamaq

Özünü tənqid edən düşüncələri qeydə almaq və onları daha realist fikirlərlə əvəz etməyə çalışmaq

Mükəmməl görünməyə çalışmaq əvəzinə təbii olmağa fokuslanmaq

Kiçik sosial hədəflər müəyyən edib tədricən çətinlik səviyyəsini artırmaq

Kifayət qədər yuxu, fiziki aktivlik və sağlam həyat tərzinə diqqət yetirmək.

sosial fobiya 1

Unutmamaliyiq ki, sosial fobiya sadəcə utancaqlıq deyil. Bu, insanın sosial, peşə və şəxsi həyatına ciddi təsir göstərə bilən psixi sağlamlıq vəziyyətidir. Erkən diaqnostika, elmi əsaslı psixoloji müdaxilə və lazım gəldikdə multidissiplinar yanaşma ilə sosial fobiyanın əlamətlərini əhəmiyyətli dərəcədə azaltmaq və insanın həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür. Yardım istəmək zəiflik deyil, psixi sağlamlığa məsuliyyətli yanaşmanın göstəricisidir.

 

Aybəniz Həsənova

Tibbi psixoloq

 

Mütəxəssislə əlaqə üçün 050 663 64 75 whatsapp nömrəsi aktivdir.

Ünvan: Appro Hospital

Caspian buisnes center




1 şərh “Görünməyən qorxu, görünən məhdudiyyətlər — SOSİAL FOBİYA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir