Uşağın məktəbə başlaması həm onun, həm də valideynlərin həyatında yeni mərhələnin başlanğıcıdır. Bəzən valideynlər məktəbə hazırlığı yalnız hərfləri, rəqəmləri və oxumağı öyrənmək kimi qəbul edirlər. Halbuki məktəbə hazırlıq bundan daha geniş anlayışdır.
Psixoloji baxımdan uşağın məktəbə hazır olması onun yalnız akademik biliklərə deyil, emosional, sosial və davranış bacarıqlarına da sahib olması deməkdir.
Məktəbə hazırlıq niyə vacibdir?
Məktəbəqədər dövrdə uşaq müəyyən qaydalara əməl etməyi, diqqətini bir fəaliyyət üzərində cəmləməyi, tapşırığı sona çatdırmağı və böyüklərin göstərişlərini dinləməyi öyrənir.
Bu bacarıqlar uşağın məktəb mühitinə uyğunlaşmasını asanlaşdıra bilər.
Məsələn, uşaq evdə istədiyi zaman oynamağa, istədiyi zaman dərslə məşğul olmağa öyrəşibsə, məktəbdə müəyyən edilmiş rejimə uyğunlaşmaq onun üçün çətin ola bilər. Məktəbəqədər hazırlıq isə bu keçidin daha tədricən baş verməsinə kömək edir.
Uşağın emosional hazırlığı da önəmlidir
Uşaq məktəbə gedərkən yalnız “oxumağı bacarmalıyam” düşüncəsi ilə qarşılaşmır. O, yeni müəllim, yeni uşaqlar, fərqli qaydalar və müxtəlif gözləntilərlə qarşılaşır.
Bu səbəbdən uşağın:
valideyndən müəyyən müddət ayrı qala bilməsi;
öz ehtiyaclarını ifadə edə bilməsi;
qaydalara əməl etməyə çalışması;
uğursuzluq zamanı dərhal ruhdan düşməməsi;
yaşıdları ilə ünsiyyət qura bilməsi də məktəbə hazırlığın mühüm hissələridir.
Valideynlər nəyə diqqət etməlidir?
Valideyn uşağın məktəbə hazırlığını yalnız “əlifbanı bilir?”, “100-ə qədər sayır?” kimi suallarla qiymətləndirməməlidir.
Daha vacib suallardan biri budur: “Uşağım yeni mühitə uyğunlaşmağa və müstəqil fəaliyyət göstərməyə nə dərəcədə hazırdır?”
Uşağın hər işini onun əvəzinə görmək əvəzinə, yaşına uyğun məsuliyyət vermək faydalı ola bilər. Məsələn, çantasını hazırlamaq, əşyalarını toplamaq, sadə tapşırıqları özü yerinə yetirmək kimi fəaliyyətlər müstəqilliyin formalaşmasına kömək edir.
Uşağı başqa uşaqlarla müqayisə etmək düzgün yanaşmadırmı?
Hər uşağın inkişaf tempi fərqlidir. Bir uşaq erkən yaşda oxumağa maraq göstərə bilər, digəri isə daha çox hərəkətli və yaradıcı fəaliyyətlərə üstünlük verə bilər.
“Bax, filankəs artıq oxuyur, sən isə bacarmırsan” kimi müqayisələr uşağın özünəinamına mənfi təsir göstərə bilər.
Bunun əvəzinə uşağın öz əvvəlki nəticələri ilə müqayisədə inkişafına diqqət etmək daha məqsədəuyğundur.
Məktəbə hazırlıq sadəcə dərs deyil
Məktəbəqədər hazırlığın əsas məqsədi uşağı mümkün qədər çox məlumatla yükləmək deyil. Məqsəd onun öyrənməyə marağını qorumaq, diqqət və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, yeni mühitə uyğunlaşmasına şərait yaratmaqdır.
Psixoloqun fikrincə, məktəbə hazırlanan uşağa ən böyük dəstək onun “mütləq hər şeyi bilməliyəm” təzyiqi altında deyil, öyrənməyə maraq və özünəinam hissi ilə məktəbə başlamasıdır.

Tərəqqi Academy FN: Məktəbə hazırlıqda fərdi yanaşma
Uşağınızın məktəb həyatına daha rahat və inamlı başlaması üçün məktəbəqədər hazırlıq mühüm mərhələlərdən biridir. Tərəqqi Academy FN-də uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla onların həm ilkin akademik biliklərinin, həm də diqqət, ünsiyyət, sosiallaşma və müstəqillik kimi bacarıqlarının inkişafına yönəlmiş hazırlıq həyata keçirilir.
Mərkəzdə uşaqların fərdi xüsusiyyətlərinə diqqət yetirilir və onların məktəb mühitinə uyğunlaşmasına dəstək göstərilir. Eyni zamanda, psixoloq və loqoped xidmətləri də uşağın emosional və nitq inkişafı ilə bağlı ehtiyaclarının müəyyənləşdirilməsinə və uyğun dəstəyin göstərilməsinə imkan yaradır.
Unutmayaq: məktəbə hazırlıq yalnız hərf və rəqəmləri öyrənmək deyil, uşağı yeni həyat mərhələsinə emosional və sosial baxımdan da hazırlamaqdır.
Psixoloq Fazilə İnqilabqızı
Bu rubrika çərçivəvəsindəki məqalə Tərəqqi Akademiyasının maliyyə dəstəyi ilə çap olunur.

Tərəqqi Academy FN
📞 +994-010-385-12-07
📍Ünvan: Əhmədli qəsəbəsi, Telnov 2C – Humanitar Fənlər üzrə Təmayüllü Məktəb-Liseyin yaxınlığı











































































































































































