Valideyn olmaq, dünyaya uşaq gətirmək çox çətin, məsuliyyətli və qayğı tələb edən bir prosesdir. Biz bəzən bu prosesi öz axarına buraxırıq və məsələyə uşaqdır, necə olsa böyüyəcək deyə yanaşırıq, lakin hər uşaq özünəməxsus doğulsa da, valideynin təsiri uşaq üzərində çox böyük əhəmiyyətə malikdir. Düzgün tərbiyə üsulu seçmək, cəmiyyətə faydalı, vicdanlı vətəndaş yetişdirmək heç də asan məsələ deyil .Bu daha çox valideynlərlə uşaqlar arasında qarşılıqlı münasibətlərin düzgün qurulmasından asılıdır.
H.Krayqa görə bir neçə tərbiyə üslulu vardır:
1) Avtoritet tərbiyə üsulu – yəni, açıq dialoq, yumşaq sərhəd və balanslı münasibət. Bu üsulda valideynlər açıq-aydın qaydalar qoyur, lakin uşağın fikrini dinləyərək ortaq qərarlar verirlər. Bu ən uğurlu tərbiyə üsluludur.
2) Avtoritar üsul – ciddi qaydalar, həddindən artiq tələbkarlıq və emosional ünsiyyət zəyifliyi. Bu üsul heç də effektif üsul hesab olunmur, çünki, belə üsulla böyüdülən uşaqlar intizamlı olurlar, lakin özgüvənləri zəif olur,passiv olurlar və qərar qəbul etməkdə çətinlik çəkirlər. Bəzən isə əksinə, üsyan etməyə meylli olurlar.
3) Liberal üsul – valideynlər həddindən çox sevgi və qayğı göstərirlər, tamamilə nəzarətsiz, intizamsız mühit yaradırlar. Belə uşaqlar bəzən sərhəd tanımır, çox sərbəst, impulsiv, intizamsız, eqosentrik, məsuliyyətsiz olurlar.
4) İndifferent üsul – laqeyid münasibət, emosional məsafə və qaydaların olmamasıdır. Valideynlər demək olar ki, uşağın həyatından kənardadırlar, öz problemlərinə, işlərinə, maraqlarına köklənərək bir növ uşağı “görmürlər”. Bu tip böyüdülən uşaqlar isə xroniki təklik hissi yaşayırlar,özlərini lazımsız hiss edirlər, emosional soyuq və bəzən depressiv olurlar.
Lakin bu tərbiyə üsullarını valideyinlər bilərəkdən seçmirlər, bu onların xarakterindən və özlərinin yaşadığı problemlərdən bilavasitə asılıdır. Əgər biz valideyn olaraq uşaqlarımızla etibarlı münasibət qurmaq istəyiriksə, onlaqın fikirlərinə hörmətlə yanaşmalı, öz tələblərimizi aydın şəkildə bildirməli, sevgi və qayğı hiss etdirməliyik.

Q. Eydemillerə görə valideyin uşaq münsibətlərinin bir neçə disfunksional tipi vardır:
Hiperproteksiya tipi: həddindən artıq qayğı uşağı sərbəst olmaqdan məhrum edir, uşaqları yorur.
Emosional imtina: bu zaman uşaq valideyindən aşkar soyuqluq hiss edir.
Hipoproteksiya: valideynin tamamilə nəzarətsiz və diqqətsiz olması. Belə hallarda uşaqlar vaxtından əvvəl sərbəst olurlar, bu isə bəzən kənar insanların neqativ təsirinə gətirib çıxarır.
Yüksək mənəvi prinsiplər: uşaqdan böyüklər kimi davranmaq tələb olunur.
Xaotik tip: müxtəlif və dəyişkən tələblərin qoyulması.

Sevgi
Bütün valideynlər əlbəttə ki, uşaqlarını sevir, lakin onun maraqlarına ortaq olduqda, ailədə bütün uşaqlara bərabər və ədalətli yanaşıldıqda bu demokratik bir ailə mühitinin yaranmasına səbəb olur.
Sevgi ilə böyüyən uşaqlar valideyinlə ünsiyyəti daha rahat qururlar,lakin ümumiyyətlə uşaqların valideyinlə ünsiyyəti daha çox valideynin xarakterindən də birbaşa asılıdır. Bir çox hallarda uşaqlar problemlərini valideyinlərinə deməkdə çətinlik çəkirlər ,hətta demək belə istəmirlər.
Bunun bir neçə səbəbi vardır:
1) Qorxu – əgər uşaq söylədiyi sözün qarşılığında valideyndən qışqırıq eşidirsə və ya cəzalandırılırsa, bu zaman o növbəti dəfə valideynə heç nə deməyəcəkdir;
2) Valideyni üzmək qorxusu – bəzən valideynlər hər hansı bir səbəbdən “sən məni infarkt edəcəksən”, ”sənə görə mən narahtlıq keçirirəm” kimi ifadələr işlədirlər, buna görə də uşaqlar öz problemlərini gizlətməyə çalışırlar;
3) Formal nəzarət – bu zaman valideynin çox sayda sualları uşaqları cavabdan yayındırır;
4) Hisslərin dəyərsizləşdirilməsi – bəzən valideynlər uşağın problemini lağa qoyaraq, ələ salaraq dinləyirlər, bu uşağa çox pis təsir edir və onlar bir daha valideynlə problemlərini bölüşmək istəmirlər;
5) Valideynlərin uşaqları dinləməməsi – bəzən valideynlər ya özlərini dinləyirmiş kimi göstərirlər, lakin uşağı dinləmirlər, bunu da uşaqlar hiss edir, yaxud da” indi vaxtım yoxdur “ deyərək dinləməkdən imtina edirlər;
6) Sərbəst olmaq arzusu – xüsusən bu yeniyetmələrdə müşahidə olunur, problemi valideynə söyləmədən özləri həll etmək istəyirlər;
7) Məlumat uşaqlara qarşı işlədilir – yəni, valideyn uşağın əvvəllər dediyi sözü yada salaraq ona qarşı işlədir, bu zaman aralarındakı etibar itir;
8) Danışmaq adətinin formalaşmaması – təəssüf ki, bəzi ailələrdə hissləri bölüşmək, bir-birinin fikirlərini dinləmək kimi gözəl bir ənənə formalaşmır. Belə ailələrdə söhbət yalnız məişət və məktəb mövzularında olur.bu da uşaqların öz problemlərini paylaşmamasına səbəb olur.

Belə hallarda valideynlərə hansı məsləhətləri verə bilərik?
Uşaqlarınızı sona qədər, sözünü kəsmədən dinləyin;
Mümkün olduqca səbrlə səhvlərini ( əgər varsa) başa salmağa çalışın;
Nə qədər məşğul olsanız da uşaqlarınıza az da olsa vaxt ayırın, əhvalını soruşun, onu narahat edən bir hadisənin olub olmamasını soruşun (bunu iş görərkən də edə bilərsiniz);
Siz də özünüzün etdiyiniz kiçik səhvlərdən, yüngül narahatlıqlardan bəhs edərək səhv etmənin normal olduğunu başa sala bilərsiniz ;
Şəxsi sərhədlərə hörmət etməyə çalışın,hər xırda məsələ üçün hesab tələb etməyə tələsməyin;
Yekun olaraq valideynlərə belə tövsiyə edə bilərik:
Bu cümlələri hər bir uşaq eşitməlidir;
Səni çox sevirəm;
Səninlə fəxr edirəm;
Səni hər zaman dinləməyə hazıram;
Sən də hər zaman öz məsuliyyətlərini bilməlisən;
Uğur qazanmaq üçün hər şeyə sahibsən.
Psixoloq Ləman Cəbiyeva











































































































































































