yemeye ne var

Səbzi qovurma belə hazırlanır - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 556

Payız mövsümündə ailə süfrələrini zənginləşdirən, həm doyumlu, həm də ləzzətli yeməklərdən biri səbzi qovurmadır. Azərbaycan mətbəxinin ənənəvi təamlarından olan bu yemək ət, bol göyərti və soğanın özünəməxsus ahəngi ilə seçilir. Düzgün bişirildikdə ətin yumşaqlığı və göyərtinin ətri yeməyə xüsusi dad verir.

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə süfrələrin sevilən təamlarından biri olan səbzi qovurmanın hazırlanma qaydasını təqdim edirik.

 

Lazım olan ərzaqlar:

– 600 qram quzu əti (istəyə görə mal əti də istifadə edilə bilər)

– 3–4 ədəd orta ölçülü soğan

– 1 dəstə keşniş

– 1 dəstə şüyüd

– 1 dəstə cəfəri

– 1 dəstə ispanaq

– 1 dəstə yaşıl soğan

– 2–3 xörək qaşığı kərə yağı

– 2 xörək qaşığı bitki yağı

– Duz

– Qara istiot

– Zövqə görə sarıkök

 

Hazırlanma qaydası:

Əvvəlcə ət yuyulur, orta ölçülü tikələrə doğranır. Dərin qazanda bitki yağı və kərə yağı qızdırılır, ət tikələri əlavə edilərək hər tərəfi qızılı rəng alanadək qovrulur. Daha sonra az miqdarda qaynar su əlavə edilir, qazanın qapağı örtülür və ət yumşalana qədər zəif odda bişirilir.

Bu müddətdə soğanlar yarımhalqa şəklində doğranır. Ayrı tavada kərə yağı ilə qızılı rəng alanadək qovrulur. Hazır soğanlar bişməkdə olan ətin üzərinə əlavə edilir.

Göyərtilər diqqətlə yuyulur, suyu süzüldükdən sonra xırda doğranır. Tavada az miqdarda yağla əvvəlcə ispanaq və yaşıl soğan, daha sonra keşniş, şüyüd və cəfəri yüngülcə qovrulur. Göyərtilərin rəngini və ətrini qorumaq üçün onları uzun müddət odda saxlamaq məsləhət deyil.

Hazırlanmış göyərti ət və soğan qarışığına əlavə edilir. Duz, qara istiot və istəyə görə sarıkök vurulur. Bütün ərzaqlar ehtiyatla qarışdırılır və zəif odda təxminən 10–15 dəqiqə bişirilir ki, dadlar bir-birinə qarışsın.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir