İnsan orqanizmi mükəmməl qurulmuş bir sistemdir. Həmçinin bu sistem daim ətraf mühitlə qarşılıqlı əlaqədədir.Bu əlaqəni yaradan , tənzimləyən isə sinir sistemimizdir. İnsanın sinir sistemi çox mürəkkəb quruluşa malikdir. Topoqrafik cəhətdən sinir sistemi 2 hissəyə bölünür:
1) mərkəzi sinir sistemi – bura baş beyin və onurğa beyni aiddir .
2) periferik sinir sistemi – bura beyindən çıxan 12 cüt kəllə sinirləri və onurğa beynindən çıxan 31 cüt onurğa beyni sinirləri aiddir.
Periferik sinir sisteminə qeyd olunanlardan başqa, qanqlionlar( sinir düyünləri) və xarici mühitdən və ya orqanizmin özündən qıcıqları qəbul edən reseptorlar aiddir.
Sinir sisteminin əsas vəzifələrindən biri ondan ibarətdir ki, o orqanizmlə xarici mühit arasında qarşılıqlı əlaqəni təmin edir. Mühit və onun fiziki, kimyəvi, bioloji və başqa şərtləri dəyişdikcə, orqanizm də daima bu dəyişikliklərə uyğunlaşır.Həmin uyğunıaşmanin nəticəsidir ki,orqanizmlə mühit qırılmaz vəhdət təşkil edir. Sinir sistemi duyğu üzvlərində və daxili orqanlarda olan xüsusi hissi reseptorlar vasitəsilə müxtəlif qıcıqları qəbul edərək , orqanizmin onlara qarşı bütün reaksiyalarını təmin edir və bununla da orqanizmlə onun yaşadığı mühit arasında bu vəhdət yaranır.
Sinir sisteminin ən ali şöbəsini böyük beyin yarımkürələrinin qabığı təşkil edir.
Beyin, onun qabığı, bütün üzvlərin fəaliyyətini tənzim edir və öz növbəsində orqanizmi təşkil edən orqan və toxumalar tərəfindən təsirə məruz qalır.
Orqanizmdə sinir tənzimindən başqa çox yavaş cərəyan edən və nisbətən uzun vaxt tələb edən kimyəvi – humoral ( hormonlar vasitəsilə) tənzim də vardır. Bu kimyəvi tənzimin özü də sinir sistemi vasitəsilə icra olunur. Beləliklə, baş beyin qabığının, qabıqaltı strukturların və neyromediatorların ( hormonların ) qarşılıqlı təsirindən emosiyalarımız yaranır. Emosiyalar daxili və xarici stimullara qarşı qısa, intensiv, psixofizioloji reaksiyalardır. İlk olaraq qabıqaltı reaksiyalar işə düşür, beyin qabığı isə bu reaksiyaları ya gücləndirir, yaxud ləngidir və ya yenidən düşünməyə səbəb olur. Koqnitiv qiymətləndirmə və dərk edərək hadisəni yaşamaq vəziyyəti tənzimləməyə kömək etdiyi halda, emosiyaların cilovlanması çoxlu resurs tələb edir və stresi artırır.

Emosiyalar birbaşa qərarların qəbul edilməsinə köklənir və hadisələrlə bağlı yaddaşımızı dəyişə bilir. Emosiyalar , hətta ürək yiğilmalarının tezliyinin, tənəffüsün, tər ifrazının artmasına, həmçinin mimikaların dəyişməsinə səbəb olur. Hisslər- emosiyalara əsaslanan daha mürəkkəb və davamlı reaksiyalardır. Onlar saatlarla, günlərlə, hətta illərlə davam edə bilər. Bütün keçirilən hissləri sadalamaq mümkün deyil, lakin bir neçə əsas qrup ayırd edə bilərik:
* Sevinc –xoş emosiyadır. O, məmnunluq və xoşbəxtlik hissi verir. Biz gülümsəyirik və ətrafımıza müsbət enerji bəxş edirik.
* Qəm—qüssə və üzüntü hissidir. Gözyaşı , ürək döyüntülərinin zəifləməsi və passivliklə müşayiət olunur.
* Qəzəb – güclü qıcıqlanma və ədavət hissidir, ürək döyüntülərinin tezlənməsi, əzələ gərginliyi və aqressivliklə ilə müşayiət olunur.
* Qorxu – təhlükə hiss etdikdə yaranır, müdafiə reaksiyası ilə müşayət olunur.
* Təəccüb – bəbəklərin böyüməsi, hadisəyə marağın güclənməsi ilə özünü biruzə verir.
*Biganəlik- apatiya və marağın itməsi ilə müşayiət olunur, bu da produktivliyin azalmasına və təcrid olmaya gətirib çıxarır.
* Şəfqət hissi- bu hiss başqa bir insana və ya digər canlılara yönəlmiş hissdir. Kömək etmək və dəstək məqsədi olduqda yaranır.
* Sevgi – bu nəzakət, qayğı, bağlılıq ehtiva edir, psixi və fiziki sağlamlığımızı möhkəmləndirir, təhlükəsizlik hissi yaradır.Həm hər hansı bir insana və ya bir neçə insana, heyvanlara, evinə, sevdiyi peşəyə, işə qarşı yaranır.
* Paxıllıq və qısqanclıq – natamamlıq və peşmanlıq hissləri ilə bağlı yaranan emosiyalardır. Bu emosiyalar destruktiv davranışa və münasibətlərin korlanmasına səbəb olur.
Bütün bunlar hamısı çox sürətlə yaşanır, lakin həyatımızın ayrilmaz parçalarıdır. Özümüzün və ətrafımızdakıların emosiyalarını anlamaqla biz uğurlu və xoşbəxt ola bilərik, münasibətlərimizi isə daha hormoniyalı qurmaq imkanımız olar.
Emosiyaların davranış və qərarlarımıza təsiri
Xoşbəxtlik, həyəcan, entuziazm kimi müsbət emosiyalar bizi risk etməyə, yaradıcılığa, uğur qazanmağa motivasiya edir.
Qorxu, qəm, qəzəb kimi neqativ emosiyalar, bizi təhlükədən qaçmağa, hədələrdən müdafiə olunmağa vadar edir.
Sakitlik , darıxmaq kimi neytral emosiyalar bizim diqqətimizi toplamağa, aldığımız məlumatı analiz etməyə və qərar verməyə təsir edir.
Biz öz emosiyalarımızı idarə etməyi bacarmalıyıq, lakin emosiyaların boğulması və ya diqqətə alınmaması bir sira neqativ nəticələrə səbəb ola bilər.
* Stress və həyəcanın artması. Əgər emosiyalar ifadə olunmasa, üst-üstə yiğilaraq, fiziki və psixi gərginliyə səbəb ola bilər.
* Qərarların qəbulunun çətinləşməsi. Bu prosesdə emosiyalar mühüm rol oynadığı üçün, onların dəf edilməsi qeyri- rasional və ya impulsiv seçimlərə səbəb ola bilər.
* Münasibətlərdə problemlər. Emosiyaların dəf edilməsi insanlarla ünsiyyətimizə və sosiallaşmağımıza neqativ təsir edə bilər.
* Sağlamlıq problemləri. Emosiyaların xroniki olaraq dəf edilməsi xəstəliklərə gətirib çıxara bilər. Məsələn, ürəklə bağlı problemlər, immunitetin zəifləməsi və depressiya kimi hallar yarana bilər.

Emosiyalarımızı necə idarə edək?
Müasir dünyada emosiyaların idarə edilməsi çox çətin bir işdir. Həyatımızdakı stress, informasiya çoxluğu və bir çox faktorlar sanki bizi imtahana çəkir. Emosiyaları idarə etmək dedikdə, hisslərimizi boğmadan və impulsiv hərəkət etmədən, davranış və reaksiyalarımızı dərk edərək seçmək başa düşülməlidir. İstənilən emosiya – tələb və ya sərhədlərimiz haqqında siqnaldır. Yüksək emosional hal yaşadıqda nə edək:
* Fasilə mütləqdir. Cavab verməmək və emosiyanın pik vaxtı qərar qəbul etməmək lazımdır.
* Tənəffüsü tənzimləmək. Sakit-sakit nəfəs alıb vermək daxili gərginliyi azaldır.
* Bədənimizə nəzarət. Çənəmizdə, çiynimizdə kilidlənmə hiss etdikdə və ya ürək döyüntümüz yüksəldikdə əzələlərimizi yüngül hərəkət elətdirə bilərik.
* Diqqəti yayındırmaq. Üzü soyüq su ilə yumaq, havaya çıxmaq və ya qarşındakının situasiyasını qiymətləndirmək sakitləşməyə kömək ediır.
Bir sira effektiv təcrübələr vasitəsilə də emosiyalarımızı uzunmüddətli idarə edə və daxili hormoniyamızı qoruya bilərik:
Meditasiya
Requlyar meditasiya diqqətimizi toplamağa , həyəcanli fikirləri uzaqlaşdırmağa kömək edir və daxili sakitlik qazandırır.
Fiziki aktivlik
İdmanla məşğul olmaq stressi azaldır və əhvalımızı yaxşılaşdırır. İstənilən aktivlik növünü seçmək olar : qaçış, üzgüçülük, rəqs, yoqa və s. əsas odur ki, hərəkətli olaq və enerjimizi yüksəldək.
Yaradıcılıq
Rəsm, musiqi və bir çox istənilən yaradıcılıq emosiyalarımızı tənzimləməyə kömək edir, onları qeyri-adi şəkildə ifadə etməmizə səbəb olur.
Yaxınlarımızla ünsiyyət
Problemlərimizi yaxinlarımızla bölüşməkdən çəkinməməliyik. Çünki onların dəstəyi və məsləhəti sakitləşməyimizə , məsələyə başqa yöndən baxa bilməyimizə və həll etməyə kömək edə bilər.
Unutmamalıyıq ki, emosional tarazliği qoruya bilmək, inkişaf etdirə biləcəyimiz bir bacarıqdır. Emosiyalarımız düşmənimiz yox, sadiq bələdçimizdir. Onlar bizimlə nə baş verdiyini anlamağımıza komək edir , nə istədiyimiz, nədən qorxduğumuz haqqına siqnal verir. Əgər özümüz emosiyalarımızı idarə etməkdə çətinlik çəksək, bunun üçün psixoloqlardan dəstək ala bilərik.
Psixoloq Ləman Cəbiyeva












































































































































































