Aktiv, yoxsa hiperaktiv uşaq? – ONLARI TANIYIN

Baxış sayı: 1. 837

Uşaqlar dedikdə dəcəl, şıltaq hərəkətləri ilə daim diqqət çəkən, bir yerdə durmayan, səs-küylü, yüksək enerjili varlıqlar gəlir gözlərimiz önünə. Övladını daim gümrah, şən, enerjili və aktiv görmək hər valideynin arzusudur. Amma normadan artıq olan bütün nəsnələrin zərərli olduğu da danılmaz həqiqətdir. O səbəbdən ki, bəzi uşaqlarda rast gəlinən həddindən ziyadə aktivlik tibb aləmində diqqət əskikliyi – hiperaktivlik pozğunluğu kimi təsnif edilir. Təəssüf ki, məsələ ilə bağlı bilgisizlikdən əksər valideynlər uşaqlarının sağlamlığına zərərli olan qərarlar verirlər. Bəzən hiperaktivlik uşaq şıltaqlığı kimi dəyərləndirilir və qarşısının alınması üçün zamanında həkimə müraciət olunmur. Digər bir halda, nisbətən aktiv olan uşaqlara diqqət əskikliyi diaqnozu qoyulur və yanlış olaraq dərmanlarla müalicə aparılır.

Bəs əslində aktiv uşaqla hiperaktiv uşağı fərqləndirən xüsusiyyətlər hansılardır? “Gencaile.az” Aile.lent.az-a istinadən bununla bağlı mütəxəssislərin fikirlərini təqdim edir.

Diqqət əskikliyi-hiperaktivlik pozğunluq məktəbəqədər və məktəb çağında olan uşaqlarda yaranan pozuntudur. Uşağın davranışlarını idarə etməsində və nəyəsə diqqət etməsində problem yaranır. Heç cür yerində dayanmayan, unutqan və sairə kimi xüsusiyyətlərlə xarakterizə edilən uşaqlardır. Diqqət əskikliyi – hiperaktivlik pozğunluq içində bir-birindən fərqlənən 2 pozuntunu saxlayır:

1.Diqqət əskikliyi
2.Hiperaktivlik
Statistik məlumatlara əsasən, hər il dünyaya gələn uşaqların 70 faizi hiperaktiv doğulur. Araşdırmalar zamanı o da bəlli olub ki, problemli insanların da 50 faizi məhz hiperaktiv olanlardır.

Uşaq nevropatoloqu Rima İbadova deyir ki, diqqət əskikliyi – hiperaktivlik pozğunluğu hazırda valideynləri ən çox narahat edən problemlərdən biridir: “Amma bəzi uşaqlarda həqiqətən bu problem olsa da, bəzilərində sadəcə hərəkətliliyin bir az yüksək formasıdır. Bir az çox oynayan, evi çox dağıdan uşağa hiperaktiv demək düzgün deyil. Çünki bu uşağın sadəcə enerjisi çoxdur və daim evdə olduğu üçün həmin enerjini sərf edə bilmir. Biz belə uşaqları bağçaya, idmana, müəyyən məşqlərə, dərnəklərə yönəldiririk ki, o enerjisini həmin yerlərdə daha rahat sərf etsin”.

Həkimin sözlərinə görə, belə hallarda valideynlər uşağın başını qatmaq üçün bütün gün onu televizor, yaxud kömpüter qarşısında oturdurlar. Bu isə tamamilə yanlış haldır: “ Bu, gələcəkdə uşaqlarda zəka problemlərinə gətirib çıxara bilər. Yaxşı olar ki, yuxarıda qeyd etdiyim kimi, uşaqları enerjilərini daha müsbət yöndə sərf edəcəyi məşğuliyyətlərə yönəltsinlər”.

R.İbadova bildirir ki, bu xəstəlik bir çox halda genetik olur. Ümumilikdə isə yaranma səbəbləri müxtəlifdir: “Məsələn, ananın hamiləlik dönəmində, doğum zamanı üzləşdiyi problemlər uşaqlarda hiperaktivlik və diqqət yayınıqlığına səbəb ola bilər. Hamiləlik dönəmində ananın alkoqol, kokain, siqaretdən istifadə etməsi, anemiya, qalxanabənzər vəzin funksiyasının pozulması, yod əskikliyi, doğum zamanı uşağın çəkisinin azlığı, travmaya məruz qalması bu xəstəliyin yaranmasına rəvac verər. Doğumdan sonrakı dönəmdə normal qidalanmayan uşaqlar, dəmir, yağ turşusu əskikliyi, uşağın özündə qalxanabənzər vəzin funksiyasının pozğunluğu, epilepsiya, beyin travması və sair problemi olan uşaqlarda diqqət əskikliyi sindromunun olma halı yüksəkdir”.

Adıçəkilən sindromdan əziyyət çəkən uşaqlar müəyyən əlamətləri ilə digər uşaqlardan fərqlənirlər: “Onlar yerində oturmağa çətinlik çəkir, çox danışır, diqqətini bir şeyə yönəldə bilmirlər. Unutqan olurlar, tez-tez əşyalarını itirirlər. Sual verəndə, yaxud oyun zamanı öz sıralarını gözləməyi sevmirlər. Kimsə danışanda araya girirlər. Körpə dönəmlərində bu sindrom qidalanmada, yatmaqla bağlı, ayaqyoluna öyrətmə problemləri ilə özünü büruzə verir. Belə uşaqlarda çox yeyərək doymamaq, evdə olan qardaş-bacıya qısqanclıq, zarafat edəndə götürməmək və ağlamaq, nəyisə kiminsə inadına etmək, aqressivlik, yalan söyləmək kimi hallar da müşahidə olunur. Bu hallara rast gələn valideynlər mütləq həkimə müraciət etməlidirlər ki, problem zamanında aradan qaldırılsın”.

Mütəxəssis valideynləri bu məsələdə diqqətli olmağa çağırdı: “Həqiqətən xəstə uşaqlarda bu, özünü üç əlamətlə göstərir – diqqət əskikliyi, hiperaktivlik və impulsivlik.  Bəzən olur ki, uşaqda mikroelement, sink, dəmir çatışmazlığı olarsa, həmin elementləri verməklə problemi aradan qaldırmaq olur. Bəzən isə həkim nəzarəti altında xüsusi kimyəvi dərmanlar təyin olunur. Burada ilk növbədə xəstəliyə səbəb olan amillər araşdırılır və həmin səbəb müalicə olunur. Sadəcə simptom kimi özünü göstərdiyi halda onun da müalicəsi üçün dərmanlar var. Bu simptom bəzi psixoloji testlərlə də dəyərləndirilir. Həmçinin uşaq mütləq nevropatoloq nəzarətindən keçməlidir ki, bunun patoloji diqqət əskikliyi, hiperaktivlik, yoxsa sadəcə uşağının enerjisinin çox olması müəyyənləşsin”.

Psixoloq Vəfa Rəşidova söyləyir ki, müəyyən psixoloji amillər hiperaktivliyi yaradan səbəblərdəndir: “Hiperaktivlik 18 yaşa qədər korreksiya oluna bilər. Zamanında müalicə olunmasa, ömür boyu problemə çevrilir. Çox vaxt valideynlər övladlarında olan diqqət əksikliyini sadəcə dəcəllik kimi başa düşürlər. Onları yanlış davranışları ilə əlaqədar danlayır, hirslənirlər. Həmin uşaqlarla bu cür davranmaq qəti şəkildə olmaz. Əksinə, onlarla daha mülayim davranmaq, zamanlarının boş keçməməsi üçün daim hansısa məşğuliyyət növünə yönləndirmək lazımdır. Hiperaktiv uşaqların su ilə, qum ilə oynamaları, üzmələri, şəkil çəkmələri çox faydalıdır. O cümlədən açıq havada keçirəcəkləri bütün zaman onların xeyrinədir”.

V.Rəşidovanın sözlərinə görə, hiperaktiv uşaqlarda ünsiyyət problemi olmur, amma tezliklə həmin ünsiyyətdən sıxılırlar: “Bir növ onların həyatları alayarımçıq olur. Bir kitabı axıra qədər oxuyub qurtara bilmirlər. Hətta özləri verdikləri sualın cavabına axıra qədər dözüb qulaq asmağı bacarmırlar. Əgər müəyyən yaş dövrünə qədər müalicə olunmazlarsa, bu natamam davranışlar onları bir ömür boyu təqib edir. Müəyyən bir peşə sahibi ola bilmir, daim iş yerlərini dəyişirlər. Hətta onların sevgi münasibətləri, quracaqları ailə həyatı da uzun sürməyərək, natamamlıqla sonlanır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir