aile

Azərbaycan ailə modeli: Problemlər nədən yaranır?

Baxış sayı: 607

“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”

Lev Tolstoy

 

“Müasir ailə modelini necə təqdim edərdiniz? Milli-mənəvi dəyərlərimiz bugünkü ailə modellərində özünü hansı səviyyədə qoruyur? Gənc ailələrə hansı çağırışlar edərdiniz? Ailənin möhkəm təməlini şərtləndirən amillər hansılardır?” kimi suallara cavab tapmaq istədik.

 

Müasir texnologiyalar ailə üzvləri arasında ünsiyyətin azalmasına gətirib çıxarıb

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva bildirdi ki, Azərbaycan ailə modeli uzun illərdən bəri qorunub saxlanılaraq, fundamental dəyərlərini itirmədən günümüzə gəlib çatıb. S. Əliyeva onu da  qeyd etdi ki, buna baxmayaraq, qloballaşma Azərbaycan ailəsinə də öz təsirini göstərir və nuklear ailələrin sayı artır: “Əgər, əvvəllər Azərbaycanda geniş ailələr daha çox idisə, bu gün tendensiyaya uyğun olaraq ata-ana, 1 yaxud 2 uşaqdan ibarət ailələr daha çoxluq təşkil edir. Qərb dövlətlərində isə nuklear ailələrlə yanaşı yarımçıq ailələrin (bir valideynli və s.) sayı artmaqdadır.

Ailə bütün cəmiyyət üçün əhəmiyyəti daima artmaqda olan ümumbəşəri dəyər hesab olunur. Ailəni qiymətli edən mövcud olan milli-mənəvi dəyərlər, ənənələr, adətlərdir. Azərbaycan xalqının sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malik, ailə modelimizi bütün dünyaya örnək edən çox gözəl və zəngin ailə ənənələri var. Azərbaycan ailəsi məhz milli dəyərlərimizin sayəsində həmişə uzun ömürlülüyü və möhkəmliyi ilə seçilib”.

Uğurlu ailənin əsasını həm də, ailə üzvləri arasında gözəl ünsiyyət təşkil edir: “Düzdür, müasir dövrdə internet resurslarından, texnologiyalardan istifadə ailə üzvləri arasındakı ünsiyyətin azalmasına gətirib çıxarsa belə, yenə də bir çox ailələrdə ənənəvi axşam söhbətləri, asudə vaxtın birgə təşkili, eyni zamanda, birlikdə mütaliə və s. kimi nüanslar öz aktivliyini qorumaqdadır. Aparılan araşdırmalarda bu cür ailələrin uğurlu ailə modeli sırasına daxil olduğu göstərilir”.

Həmsöhbətimiz  vurğuladı ki, xüsusilə son ilyarımda bütün dünyada baş qaldırmış pandemiya şəraiti ailələrimizin möhkəmliyini sınaqdan keçirir: “Azərbaycan ailəsi bu sınaqdan demək olar ki, uğurla çıxır. Gənc ailələrə bu zamanda ən əsası səbr, dözümlülük və möhkəm iradə çağırışları etmək tam yerinə düşərdi. Ailə qurmaq bir seçimdir. Bu seçimi etmək üzərimizə məsuliyyətli öhdəlik götürmək deməkdir. Ailənin təməli sağlam qoyularsa, ailədə hörmət, sevgi, məhəbbət daimi olar və ailə sağlam formalaşar. Sağlam ailə isə sağlam gələcək deməkdir”.

 

Gənc ailələrin bir çoxu kənar müdaxiləyə qarşı mübarizə aparmağı bacarmır

 

Eros Psixologiya Mərkəzinin psixoloqu Aygün Cəfərova isə bildirdi ki, hər bir insan öz dünya görüşü, həyat tərzinə uyğun olaraq uğurlu ailə modeli canlandırır: “Mənim baxış bucağıma görə uğurlu ailə modelində tərəflər ilk öncə bir-birlərinə şəxsiyyət olaraq yanaşmalıdırlar. Bildiyimiz kimi, hər bir insan fərd olaraq doğulur şəxsiyyət olaraq formalaşır. Bu formalaşma müddətində hər bir insanın dəyərlər sistemi yaranır. Bu dəyərlər sistemində həmin insana görə doğru və yanlışlar olur. Yəni bir kəsin dəyərlər sistemi onun şəxsiyyətinə özəl olaraq formalaşır. Ailə qurarkən tərəflər bir-birlərinin məhz mövcud dəyərlər sisteminə hörmətlə yanaşmalıdır. Belə olduğu halda cütlük arasında harmonik münasibət yarana bilir. Harmoniyalı ailədə isə uğurlu gələcək əldə etmək daha realdır”.

Psixoloq qeyd etdi ki, bir-birini dinləməyən ailə üzvləri arasında problemlər daha çox olur: “Cütlüklər ünsiyyətdə olarkən dinləmək qabiliyyətini qoruması uğurlu ailə modelinin açarıdır. Bunun təməli isə uşaqlıqdan, ailədən gəlir. Əgər evdə ata anada bir-birini dinləmək qabiliyyəti yüksək səviyyədədirsə, belə ailədə formalaşan uşaqlar da bu bacarıq formalaşır və cəmiyyətdə ünsiyyət zamanı da özünü müsbət tərəfdən göstərir”.

A.Cəfərova vurğuladı  ki, bu gün gənc ailələr arasında yaranan başlıca problem kənardan mənfi müdaxilələrin edilməsidir: “Təəssüflər olsun ki, gənc ailələrin bir çoxu bu problemlərlə mübarizə aparmağı bacarmır. Bunun səbəbi ailə qurarkən “ailə nədir?” sualının dərk edilməməsidir. Ailənin nə olduğunu dərk edən cütlüklər kənar müdaxilələri ailələrinə və aralarındakı münasibətə zərər gəlmədən dəf edə bilirlər. Təbii ki, belə ailələr daha uğurlu olur, bütün çətinliklərə sinə gəlir.

Daha bir problem gənc ailələr arasında gözləntilərin çox olmasıdır. Bu gözləntilər qarşılanmadıqda cütlüklər arasında problemlər artır. Belə hallarla rastlaşmamaq üçün gənclər ailə qurmazdan əvvəl bir-birlərinin düşüncələrində formalaşan ailə modeli ilə tanış olmalıdırlar. Hər iki tərəfin dəyərlərindən ortaq bir ailə modeli çıxardaraq bu yöndən yola başlasalar gələcəkdəki uğurlu ailənin başlanğıcını qoymuş olarlar. Xoşbəxt ailə üçün əsas olan bir-birinə sevgi və hörmətlə yanaşmaq, biri-birinə inanmaq və güvənmək, biri-birinə verdikləri sözü unutmamaqdır”.

 

Nigar Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir