menzil dizayni

Azərbaycanda dəbli mənzil dizaynı – QİYMƏTLƏR

Baxış sayı: 1. 279

Yeni mənzil alarkən onu dəblə və yüksək zövqlə bəzəmək istəyirsən. Lakin hər kəs sərbəst şəkildə evi üçün gözəl dizayn qura bilmir. Belə halda interyer dizaynerləri bu asan olmayan işdə köməyimizə çatırlar. Son illər ölkəmizdə dizayner xidmətlərindən istifadə populyarlaşıb.

“İnsanlar dizaynerlərin xidmətlərindən daha çox istifadə etməyə başlayıblar. Onlar anlayırlar ki, peşəkarların işi nəticəsində gözəl və dəbli interyerə sahib olacaqlar”, – deyə  “Melikov Design” interyer studiyasının sahibi, dizayner Kamran Məlikov bildirir.

Lakin insanların çoxu bugünkü trend və interyer dizaynından xəbərdar olmadan öz mənzillərini özləri abadlaşdırmağa qərar verirlər.


K.Məlikov hazırda interyer dizaynında mövcud tendensiyalar barədə də danışdı.

“Bu gün neoklassikaya meyil daha böyükdür. Bu, daha müasir stil olub özündə klassika elementlərini, modern və avanqard elementlərini birləşdirir. Bir çoxları məhz bu stildə dizayna üstünlük verirlər”.

Müsahibimiz onu da qeyd edir ki, klassik stil də öz aktuallığını itirmir.

“Bəzi element və formalar, naxış və ornamentlər dəyişə bilər. Lakin klassika klassika olaraq qalır. Və o, bu gün bir neçə yüz il öncə olduğu kimi, aktualdır”,- deyə dizayner vurğulayır.

İnteryerdə rənglərin harmoniyası böyük rol oynayır.

K.Məlikov bununla bağlı söyləyir ki, Azərbaycanda əvvəllər olduğu kimi, indi də interyerdə işıqlı rənglərə üstünlük verilir. Adətən, gənc ailələr modern və avanqard stillə uyğunlaşan ziddiyyətli rənglərə üstünlük verirlər.


“Bu rənglər hər zaman trenddir. Lakin interyer üçün rəngləri düzgün seçmək və uyğunlaşdırmaq lazımdır. Məsələn, açıq boz rəngli divar kağızlarına sarı rəngli mebel uyğun gəlir. Bu, həm dəbli, həm də boz fonda parlaq ləkə kimi görünür”, – deyə dizayner bildirir.

Ofis interyerinə gəlincə, dizaynerin fikrincə, o, minimalizmi ilə seçilməlidir.

“Ofis interyeri daha çox minimalist yanaşma tələb edir. Son zamanlar canlı bitkilər ofis interyerinin ən vacib detallarından birinə çevrilib. Ofis interyerində müvafiq işıqlandırma da vacib amillərdəndir”.

İnteryer dizaynının qiymətləri barəsində danışan müsahibimiz qeyd edib ki, bu, üslubdan asılı olaraq dəyişir.


“Modern üslubda dizaynın bir kvadrat metri üçün 15 manat, avanqard üslub üçün 20 manat, klassik və neoklassik üslub üçün 25 manat, barokko və art-deko üçün 30 manat qiymət müəyyənləşdirilib”, – deyə o bildirdi.