aile

Azərbaycanda “təkuşaqlı ailə modası”

Baxış sayı: 690

2021-ci ildə Azərbaycanda doğulan körpələrin sayı 112 min 284 nəfər olub. Bu, son 30 ilin ən aşağı doğum göstəricisidir. Ötən il 18 yaşa qədər uşaqların ümumi əhalidə payı 2005-ci ilin statistikası ilə müqayisədə 31,8 faizdən 25,7 faizə düşüb.

Qeyd edək ki, Azərbaycanda son 50 ildə ən yüksək doğum göstəricisi 1990-ci ildə qeydə alınıb. Həmin ildə ölkədə 183 minə yaxın körpə doğulub. 1970-ci ildə ölkə əhalisinin sayı 5,1 milyon olduğu halda, 2021-ci ildə bu göstərici 10 milyonu ötüb. Bu müddətdə ölkə əhalisi iki dəfə artsa da, yaşı 18-dək olan əhali sayında və körpə doğumlarında xeyli azalma müşahidə edilir.

Əksər xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaqların sayı ilbəil azalmağa başlayıb. İndi müasir Azərbaycan ailələri əksər halda bir, iki, maksimum isə 3 uşağın olmasına üstünlük verir. Azuşaqlılığın sosial, psixoloji səbəbləri. Dövlət bunun üçün nələr etməlidir?

Psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı  fikirlərini belə açıqladı:

maxresdefault.jpg (76 KB)

“Problemlərin kökündə üç əsas səbəb durur, sosial, bioloji və psixoloji. İnsanın səhhəti ilə bağlı, sosial vəziyyəti, yaşam tərzi, müxtəlif psixoloji və psixotrip xəstəliklər yaşayan insanların uşaq dünyaya gətirməsi qəti qadağandır. Bu kimi səbəblər var. Təbii ki, burada sosial məsələlər də rol oynayır. Amma əsas səbəb bu deyil. Bunlar sadəcə səbəbin hansısa punktlarından biri ola bilər. Çünki əvvəllər də əhalinin sosial təminatının aşağı olan vaxtları olub. Amma o dövrdə uşaqların sayı kifayət qədər olub. Burada şüur altı bir təfəkkür, mesaj ötürülürdü ki, nə qədər uşaq çox olsa o qədər ailə təməli möhkəm olar. Nə qədər övladların sayı çox olarsa, o qədər də ailə bağları möhkəm olar. Nə qədər ki, övladların sayı artar, başqa cəmiyyətlərlə körpülərimiz sağlam qurular kimi düşüncələrimiz bizi buna sövq edirdi. Amma indi uşaqların çox olması bizi cəmiyyətdən təcrid edir, biz özümüzə artıq zaman ayıra bilmirik. “Özümüzə zaman ayıra bilmirik, yoldaşımla vaxt keçirə bilmirik, uşağa görə öz ata-anamdan da kənar düşmüşəm, iş karyerası qura bilmirəm” deyən bir kütlə yarandı. İkinci bir tərəfdən nə oldu? Artıq uşaqların böyüdülməsi böyük bir öhdəlik kimi görülməyə başlandı. Yaxşı təhsil verməliyəm, təmin etməliyəm, bunun üçün isə maliyyə vəsaiti lazımdır. Uşağımı ideal formada yetişdirməyim üçün maliyyə vəsaitim çatmadığına görə mən ixtisara salıb bir uşaqla kifayətlənirəm. Yəni bu cür düşüncələr var. Onu da mütləq qeyd etməliyik ki, bu gün sonsuzluq da problemli məsələlərdəndir. Sonsuzluq səbəbindən bir çox ailələr süni mayalanma yolu ilə bir uşaq dünyaya gətirirlər. Bu da bilirsiniz ki, olduqca baha qiymətə başa gəlir, ona görə də ailələr yalnız bir dəfə süni mayalanma ilə uşaq dünyaya gətirirlər. Yəni burada səbəblər fərqlidir və bu məsələlər üzərində də yola çıxılır. Ailələr görür ki, misal üçün ailəsində uşaqların sayı çox olub, gələcəkdə “mənim də övladım çox olacaq” deyə düşünür. Övlad təkdirsə, gələcəkdə o da bir övlad dünyaya gətirəcək deyə düşünür. Bu belə olmalıdır deyə mental düşüncə onun şüuraltına oturur. Demək ki, hər şey insanın gördüyü mühitdən formalaşmağa başlayır, bu da çox önəmlidir”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edir ki, ölkəmizdə 2003-2018-ci illərdə əhali sayında təxminən 1,8 milyon artım baş verib:

426202396_51_0_1100_787_1920x0_80_0_0_5599b51ddef019e66a61453051cebd0c.jpg (145 KB)

“Bunun 1 milyonu son 8 ilin payına düşüb. Bu dinamika davam edərək, 2019-cu il aprelin 6-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Körpə ölümü isə üç dəfədən çox azalib – 9,8 faizdən 3,1 faizə enib. Ümumiyyətlə, demoqrafik vəziyyətin pisləşməsi bütün dünya ölkələrində son iki ildə müşahidə edilməkdədir. Bunun da səbəbi məlum pandemiyadır. Məsələn, təbii artımda dünyanın əksər ölkələrini qabaqlayan Türkiyə kimi bir ölkədə 2020-ci ildə əvvəlki illərdə müşahidə edilən artım səviyyəsində təxminən 20%-dək bir geriləmə müşahidə edilib. Eyni vəziyyət demək olar ki, Azərbaycanı müqayisə edə biləcəyimiz bütün ölkələrdə var. Hələ bəzilərində daha faciəli durumdur. Bunun da iki səbəbi var: Birinci səbəb pandemiyadır. Xəstəlik səbəbindən ölüm səviyyələri kəskin artdı, xəstəxanalarda risk amilinin olduğuna görə doğum azaldı. Bu isə birbaşa artım göstəricilərinin aşağı düşməsi deməkdir. İkinci və daha böyük səbəb isə insanların düşüncə tərzində baş verən dəyişiklikdir. Ölkələr inkişaf etdikcə, cəmiyyət üst səviyyədə formalaşmağa başladıqca insanlar çoxuşaqlılıqdan imtina edir, hətta bəzən, ümumiyyətlə uşaq arzusunda olmayan ailələrə rast gəlirik. Düşüncələr dəyişir. Hansı inkişaf etmiş ölkəni götürsək, təbii artımda mənfi dinamika görəcəyik. Buna görə də mən daha çox diqqəti dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində müşahidə edilməyən, amma Azərbaycanın ən ciddi demoqrafik bəlasına çevrilən bir məsələyə cəlb etmək istəyirəm. Bu, Azərbaycanda doğulan uşaqların cins tərkibində edilən qəddar basqıdır. Qız uşaqlarına qarşı, onların doğulmasına qarşı olan amansız münasibətdir. Əgər biz inkişaf etmiş sivil cəmiyyətlərdən danışırıqsa, bəli, onların heç birində belə hal yoxdur. Biz boşanma sayında özümüzü Avropa ölkələrinə bərabər etmək istəyirik, amma gender məsələsində özümüzü Afrika qəbilələrində olan insanların düşüncəsində aparırıq. Qız uşaqlarının sayının hər il daha qorxulu dərəcədə azalmasını görürük. Bu tendensiya davam edərsə, yaxın 30-40 il ərzində Azərbaycan doğrudan böyük demoqrafik problem yaşayacaq. Bizi narahat edən məsələ gender problemi olmalıdır”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir