efzeleddin R

Cütlüklər arasında sağlam əlaqələrin patologiyası – “AİLƏ DOSTU”

Baxış sayı: 822

“Gencaile.az” saytı bu gündən etibarən “Ailə dostu” rubrikasına start verir. Azərbaycan ailələrindəki real vəziyyət, problemlər, onlardan çıxış yolları və ailəyə dair digər maraqlı məqamların təhlil olunacağı rubrika çərçivəsində oxucularımıza İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru, peşəkər ailə müşaviri, Həyat koçu PhD. Əfzələddin Rəhimlinin sözügedən mövzularda məqalələri təqdim olunacaq. Beləliklə, rubrikanın ilk yazısı cütlüklər arasında sağlam əlaqələrin patologiyası haqda olacaq.

Möhkəm ailə təməlləri sevgi, öhdəçilik, etibarlı emosional bağlanma, sağlam rabitələrin qurulması, məmnunluq hissi, problemi həll etmək qabiliyyəti kimi mühüm amillər üzərində qurulur. Belə ki, bunlar düzgün tənzimlənmədiyi təqdirdə, cütlərin ailədaxili problemləri yavaş-yavaş özünü göstərməyə başlayır.

Sağlam ailədə, ailə fərdləri arasında qarşılıqlı əlaqə və harmoniya mövcuddur. Ailə üzvləri bir-birinin fikir və düşüncəsinə hörmət edir, bir-birini olduğu kimi qəbul edir. Ailədə ümumi məqsəd və qarşılıqlı dəyər hissi var. Hər hansı bir fikir ayrılığı və ya münaqişə olduqda, ailə üzvləri ən uyğun həll yolunu tapmaq üçün əməkdaşlığa və razılığa gəlməlidirlər (Ackerman, N. W. (1965). The family approach to marital disorders. B. L. Greene (Ed.), The psychotherapies of marital disharmony. New York: The Free Press., pg. 163).

Evlilik, ayrı-ayrı şəxsiyyət xüsusiyyətləri, dəyərləri, mədəniyyətləri və keçmiş təcrübələri ilə bir araya gələn iki şəxsin meydana gətirdiyi yeni və xüsusi bir quruluşdur. Evlilikdə fərdlər özlərini yenidən müəyyənləşdirir və yeni quruluşa uyğunlaşmağa çalışırlar. Evli fərdlərin keçmişdən bu günə qədər mənimsədikləri bəzi dəyər nümunələri var. Fərdlər valideynlərindən və ya yaxın ətraflarından əldə etdikləri bəzi davranış, reaksiya və dəyər mühakimələrini öz evliliklərində tətbiq etməyə çalışırlar. Ancaq bir sıra hallarda, bu sahədə bir-birlərinin istək və gözləntilərini qarşılaya bilmirlər.

Sağlam olmayan ailədə, ailə üzvləri arasında ünsiyyət və qarşılıqlı əlaqə qeyri-kafi və ya əskikdir. Onların hər birinin digərinə yad olan öz məqsədləri və dəyər mühakimələri var və fərqli fikirlərə dözüm göstərmək istəmirlər.

Bu məqalədə biz, ər-arvad arasında sağlam əlaqələrin patologiyası haqda söhbət açmaq istəyirik. Ailələrdə baş verən mübahisələrin, bir-birinə qarşı hiddətin, bəzən isə şiddət və boşanmaların kökündə bir sıra hallarda cütlərin qarşılıqlı olaraq anlaşa bilmədikləri həqiqəti dayanır. Təəssüflər olsun ki, cütlər əlaqə üslublarına lazımı əhəmiyyəti vermədikləri üçün dialoq, duyğu və emosiyaların düzgün ötürülməsi, istək, etiraz, təşəkkür və narahatlıqların doğru şəkildə ifadəsini bacarmır, çoxsaylı yanlışlıqlara yol verirlər. Bu da, ailədə istənməyən söz-söhbətə, mübahisəyə, deyişməyə və münaqişəyə gətirib çıxarır.

Bir halda ki, onlar dialoq zamanı bir sıra əlaqə üslublar haqda məlumatlı olsalar, belə narahatedici halların çoxunun qarşısını almaq potensialını əldə etmiş olacaqlar. Belə ki, bu sahədə bəzi önəmli məqamları diqqət mərkəzində saxlamaq, keyfiyyətli və məmnunedici rabitənin qurulmasında olduqca əhəmiyyətli rol oynayır.

Şəxslərarası ünsiyyət nəzəriyyələri, əsasən sosial psixologiya sahəsindən gəlir. Newcomb, Asch və ya Anderson kimi tədqiqatçılar, ümumiyyətlə şəxsiyyətlərarası ünsiyyəti, fərdlərin qavrayışı, sosial inteqrasiyası, sosial dəyişikliyi və ya şəxsiyyətlərarası tarazlığı diqqət mərkəzinə alaraq araşdırmışlar.

Əgər ümumi tərif veriləcəksə, ünsiyyət, ən azı iki şəxs arasında sözlə dialoq və ya şifahi olmayan mesajlar vasitəsilə məlumatın, duyğuların və düşüncələrin ötürülməsi prosesi və digər şəxsin və ya şəxslərin bu ötürülən məlumatla bağlı məna axtarmaq səyi kimi ifadə edilə bilər. (Berger, C. R., & Calabrese, R. J. (1974). Some explorations in initial interaction and beyond: Toward a developmental theory of interpersonal communication. Human communication research, 1(2), pg.112).

Cütlər arası dialoq formaları 4 növə ayrılır:

  • Passiv dialoq:Passiv söhbətdə insan dürüstlük və səmimiyyətdən uzaqdır. O, öz düşüncələrini, duyğu, hiss və istəklərini ifadə etməkdən çəkinir və əslində bu düşüncə və hissləri özündə saxlayır. Bu üsul, bir sıra səbəblərdən yarana bilər:
  • A) Özünə inamı yoxdur, yaxud aşağı həddədir.
  • B) Başqalarının hisslərini incitməkdən, onların xətrinə dəyməkdən çəkinir.
  • C) Özünü ifadə etdiyi zaman günahlandırmaqdan qorxur. Ümumiyyətlə, hansı səbəblə olursa olsun, dialoq zamanı passivlik və özünü ifadə etməmək, qarşı tərəfdə kin, çaşqınlıq və şübhə yaradır. Passiv dialoq tərzi, münasibətlərdə yaxınlıq yaratmaq üçün əsaslı maneədir. Həmçinin, unutmaq olmaz ki, sıxılmış duyğular, hisslər, düşüncələr sonunda iki formada ortaya çıxacaqdır: Ya qarşı tərəf daxili partlama yaşayacaq və müxtəlif psixoloji travmalar alacaq. Məsələn el dili ilə desək, nevroz olacaq. Ya da ki, xarici partlama yaşayaraq, qarşı tərəfə aqressivlik nümayiş etdirəcəkdir. Bunun fərdin özünə qarşı aqressivlik nümayiş forması da mövcuddur. Məsələn həddən ziyadə spirtli içkilər qəbul etmək, əxlaqsız və tüfeyli həyat tərzi keçirmək kimi.
  • Aqressiv dialoq:Bu üsluba malik olan insan, həmişə qarşı tərəfi günahlandırır, ittiham edir və tez-tez “sən həmişə” və ya “sən heç vaxt” kimi ifadələrdən istifadə edir. Məsələn, “sən həmişə özünü düşünürsən”, “sən heç vaxt məni sevmədin.”

Ümumiyyətlə, narsist xüsusiyyətli insanları nəzərə almasaq, bu üsul, tərəflərdən biri özünü çıxılmaz vəziyyətdə, təhlükədə hiss etdikdə və ya mənfi fikir və hisslər keçirdikdə istifadə olunur. Bu üslubdan istifadə edən insanlar əslində, öz hisslərinə görə, başqalarının məsuliyyət daşıdığını önə sürürlər, onları günahlandırırlar. Yuxarıdakı nümunədə qeyd etdiyimiz kimi, aqressiv söhbət situasiyadan daha çox insanın mənfi xüsusiyyətlərinə yönəlir. Yəni, problemin qaynağını tapmaq, onun həll yollarını aramaq və bir sözlə problemin özündən daha çox, qarşı tərəfin şəxsiyyətinə və onun nöqsanlarına yönəlik bir hücum başlanır. Bu da, adətən cütlərin bir-birilərinin duyğularını və  hisslərini incitməsinə gətirib çıxarır və aralarındakı yaxınlığı məhv edir. Məsələn, “sən düzələn deyilsən, həmişə mənim başımı aşağı etdin”-deyə müraciətlər, yaxud ağır və vulqar ifadələrlə şəxsiyyətin alçaldılması tərzi buna misal ola bilər.Bu üslub dağıdıcı və zərər verici xüsusiyyətlərə malik olduğu üçün çox təhlükəlidir.

  • Passiv – aqressiv:Bu üsluba sahib olan insanlar, passiv bir şəkildə aqressiya ortaya qoyurlar. Belə ki, qarşı tərəfə fiziki, yaxud sözlə şiddət və hücum nümayiş etdirmirlər. Onlar digərinə dolayısı yolla  qəzəblərini ifadə edirlər. Bunun səbəbini çox zaman bəyan etmirlər və həyat yoldaşının onun bunu niyə etdiyini bilməsini gözləyirlər. Diqqət etmək lazımdır ki, istər qadın, istərsə də kişi, özünü ifadə etmədiyi zaman qarşı tərəfdən onun narahatlığının səbəbini bilməsini umması anormal bir davranışdır. Həyat yoldaşımızın sanki “falçı” kimi bizim nə düşündüyümüzü, nə üçün narahat olduğumuzu bilməsini gözləmək ədalətli baxış tərzi deyil. Bəzi cütlüklər “bir-birimizi danışmadan da anlayırıq”-deyə anormal şəkildə və real olmayan gözlənti ortaya qoyaraq, sanki bunun bir sevgi əlaməti olduğunu önə sürürlər. Halbuki, cütlər bir-birilərinin nədən xoşlanıb, xoşlanmamasını bilə bilərlər, amma qarşı tərəfin beynini oxumaq, onu kəşf etməsini tələb etməyin normal olmaması gün kimi aydındır.

Məsələn, xanım ərinə küsür, hərəkət və rəftarı ilə incik olduğunu büruzə verir. O, küsdüyünü və bunun səbəbiniaydın şəkildə ifadə etmir. Yaxud ər həyat yoldaşının istəklərinə məhəl qoymur və onu sevgisizlik ilə cəzalandırır. Yaxud qadın qeyri-müəyyən şəkildə şikayətlənir, ərinə deyil başqalarına acığını tökür, elə deyinir. Ya da ki, əri işdən gəlib istirahət etdiyi zaman bilərəkdən mətbəxdə səs-küylə işləyir ki, o, yata bilməsin.

Əslində, bunun təməlində bir sıra sosioloji və fərdi amillər dayanır. Bəzi cəmiyyətlərdə qız övladlarının özünü ifadə etməsinə zəmin yaradılmadığı və onun etiraz və istəklərini bəyan etməsinə “ayıb” kimi baxıldığı üçün, ailə qurduğu zaman o, istək və tələblərini sevdiyi şəxsə ifadə edə bilmədiyi üçün, passiv-aqressiv ifadə formasını seçir. Bəzən isə cinsiyyətindən asılı olmayaraq şəxsin uşaq vaxtı ailədə avtoritet valideynlər tərəfindən sıxma-boğmaya və təzyiqə məruz qalması, onun özünü ifadə tərzinin passiv-aqressiv şəkildə ortaya qoymasına zəmin yaradır.

Birinci və üçüncü üslub, əslində səmimiyyətsizlik və sədaqətsizliyin bir növüdür. Çünki onda şəffafiyyət və aydın ifadə yoxdur.

  • Assertive:Assertiv dialoq tərzi aydın və şəffaf danışıq üslubudur. Bu üsluba malik olan insan öz hisslərini, istəklərini və düşüncələrini qorxu və aqressiv davranış olmadan ifadə edir. Söhbət üslubumuzda səmimi olduğumuz zaman,öz hüquq və tələblərimizi gözardı etmir, bununla yanaşı qarşı tərəfin də hörmətini saxlamış oluruq. Əslində,bununla qarşı tərəfin bizdən sui-istifadə etməsinə imkan vermirik, digər tərəfdən də onun ehtiyaclarını, duyğularını da nəzərdə aldığımız üçün ifadə tərzimiz nəzakətlidir. Belə bir hiss öz növbəsində başqalarına münasibətdə özünə inam və özünə dəyər hissini artırır. Eyni zamanda da qarşı tərəfə onun dəyərli olmasını yetirir. Burada əsas amil empatiya, qarşılıqlı anlayış və güvənc hissidir. Cütlər bir-birilərinə istək və narahatlıqlarını, eyni zamanda sevgi və tələblərini deməkdən çəkinmirlər. Çünki bir-birilərinə etibar edir, güvənirlər. Bilirlər ki, aydın və doğru üslubla istək və narahatlıqlarını bəyan etdikləri zaman, qarşı tərəf onu müsbət qavrayacaq və həll yolları təklif edəcəkdir.

Burada Mc. Masterin cütlər arası əlaqə modelinə də işarə etmək istərdim. Mc. Masterin cütlər arası əlaqə modelində isə ünsiyyət, ailə üzvləri arasında məlumatın vasitələrlə və emosional ötürülməsinə aiddir. Mc. Master modeli şifahi olmayan ünsiyyətin vacibliyini vurğulasa da, bu ünsiyyət tərzinin metodoloji ölçülməsinin sübuta yetirilməməsi səbəbindən, yalnız şifahi, yəni sözlə dialoq tərzində olan ünsiyyətə diqqət yetirir. (Ryan, C. E., Epstein, N. B., Keitner, G. I., Miller, I. W., & Bishop, D. S. (2012). Evaluating and treating families: The McMaster approach: Routledge, New York, USA, pg. 45)

Burada əsas məsələ, dialoq zamanı cütlər arasında bir-birilərinə məlumatın düzgün şəkildə ötürülməsi və eyni zamanda qarşı tərəfin ona ötürülən məlumatı doğru şəkildə qavraması və anlamasıdır. Bu əsasla o, dialoq tərzini 4 əsas növə ayırır:

1) Aydın və birbaşa: Bu növ ifadə tərzində, qarşı tərəfə birbaşa və aydın formada fikrini ifadə edilir. Məsələn xanım həyat yoldaşına deyir: “Cavid, sənin filan kobud rəftarın məni çox incidir.” Burada artıq, aydın şəkildə hiss və duyğular bəyan edilir, ifadə edilən cümlələr birbaşa konkret olaraq narahatlıq yaradan amil üzərində mərkəzləşir. Bir sözlə, narahatlıq yaradan səbəb və onun nəticəsi birbaşa və aşkar şəkildə ifadə edilmişdir. Bu dialoq forması ən düzgün və səmərəli sözlü ünsiyyət şəklidir.

2) Aydın və dolayı yolla:Cütlərdən biri deyir: “Mən çox əsəbiyəm, indi ürəyim partlayacaq. Başımı götürüm getmək istəyirəm.” Sözügedən ifadə formasında isə, fikir aydın olaraq bildirilir, amma səbəb və səbəbkar qeyri-müəyyəndir. Yəni birbaşa kimin onu narahat etdiyini ifadə etmir. Bu dialoq olaraq, düzgün əlaqə forması deyil. Qıcıqlandırıcı xüsusiyyətlərə malikdir.

3) Örtülü və birbaşa:Bu dialoq tərzində tərəflərin hər ikisi, yaxud biri qarşı tərəfə birbaşa olaraq sözünü deyir. Yəni, sözün ünvanı məlumdur. Amma səbəb aydın deyil. Məsələn; xanım ərinə deyir: “Sən məni heç bir zaman anlamadın, yanımda olmadın.” Səbəb aydın şəkildə ifadə olunmadığı və örtülü bəyan edildiyinə görə, qarşı tərəfin zehnində sual yaradacaq. Niyə? Səbəb nədir?

Bundan da, narahatedici odur ki, soruşulduğu zaman passiv-aqressiv şəkildə cavab verilərsə, məsələn; qeyd etdiyimiz misala uyğun olaraq; “Bilmirəm”, “Onu da sən düşün”, “Başın yoxdurmu, hər şeyi bilirsən, bunu bilmirsən?”, “Sən daha yaxşı bilirsən ki nəyi deyirəm” və sair kimi cavablar verildikdə, sualı cavabsız qalan şəxs, bunu rəftarı“ona haqsızlıq edilmiş” kimi qavrayır. Artıq burada anlaşılmamazlığın təməli atılmış sayılır. Ardınca, cavab ala bilmədiyi üçünözünü “alçaldılmış” kimi hiss edir. Bu ikinci bir zərbədir. Davamında,sualın yaratdığı qeyri-müəyyənlik “haqsızlığa məruz qalmaq hissi”ni yaradır, “nə baş verdiyini anlamamağın” özü və bununla birlikdə yaranan “günahkarlıq hissi”onun hiddətlənməsinə səbəb olacaqdır. Bütün bunlar arzu olunmaz bir pis halı“kin bəsləməyi” ortaya çıxaracaqdır, ardında isəistər sözlə, istərsə də fiziki “kobudluq və hücum” yaranacaqdır.

4) Örtülü və dolayı yolla: Bu dialoq tərzində, nə sözün kimə ünvanlandığı, nə də şəxsə nisbət hansı problemdən bəhs edildiyi məlum deyil. Məsələn; ər xanımının anası ilə hansısa rəftarından narahatdırsa deyir: “Bəziləri özlərini itirib, böyük-kiçik bilmir. Elə bilirlər ki, xəbərim yoxdur. Day bilmirlər ki, mən hər şeyi bilirəm. Özlərini yığışdırsınlar, yoxsa çox pis olacaq.” Göründüyü kimi, hələ ifadənin təhdid dolu olmasını bir kənara qoyaq, onun haqda işarə edəcəyik, amma bu cümlələrdə sözün birbaşa ünvanı yoxdur və problemin nə olması aydın deyildir.

Burada, yuxarıda qeyd etdiyimiz mərhələlər; “alçaldılmışlıq hissi”, “nə baş verdiyini anlamamaq”, “haqsızlığa məruz qalmaq hissi”, “günahkarlıq hissi”, “kin bəsləmək” və “kobudluq və hücum” ani olaraq avtomatik düşüncələrin girdabında burulğan kimi qarşı tərəfin reaksiyalarını birgə tətikləyir. Bu çox pozucu və anormal ifadə tərzidir. Əlaqələrin zərbə almasına və tərəflərin bir-birini arzuolunmaz şəxs kimi görmələrinə zəmin yaradır. Buna görə də, bu dialoq forması qeyd olunanlar arasında ən anormal və təhlükəli əlaqə şəklidir.

Bütün qeyd olunanlara nəzər salsaq, cütlərin hər ikisi passiv dialoq tərzinə sahib olsalar, ailədə səmimiyyət olmayacaqdır. Bu ailə, sevinc və məmnunluq hissinə malik olmayacaqdır. Cütlərin biri passiv, digəri aqressiv dialoq tərzinə malik olsa, biri digərini istismar şəraitində qərarlaşacaqdır. Burada artıq bir fərdin digəri üzərində qurduğu hakimiyyətdən söhbət gedir. Bu ailədə səmimiyyət, sevinc və məmnunluq hissi olmayacaqdır. Cütlərin hər ikisi aqressiv olarsa, təzad dolu və mübarizədə keçən bir ömür, yaxud boşanmaya gətirib çıxaracaqdır. Cütlərdən biri assertiv, digəri passiv olarsa, yenə də dialoq nakam və nəticəsiz qalacaqdır. Cütlərdən biri aqressiv, digəri isə assertiv olarsa, düşmənçilik və kin-küdurətə gətirib çıxaracaqdır. Amma cütlərin hər ikisi assertiv, yəni aydın və səmimi danışıq tərzini seçərsə, bu ailədə sevgi, başlılıq, məmnunluq və sevinc hökm sürəcəkdir. Qeyd edim ki, sonuncusundan başqa bütün fərziyyələrdə, hər iki tərəf uduzmuş sayılır.

Diqqət etmək lazımdır ki, düzgün dialoqda bədən dili, mimikalar, jestlər, səs tonu, ifadə tərzi və seçilən kəlmələr də xüsusilə rol oynayır ki, bu qısa məqalədə onlar haqda söhbət açmaq imkanımız məhduddur.

Son olaraq bunu qeyd etmək istərdim ki, sevgi əhd-peymandır, öhdəlikdir, sədaqətdir, qayğıdır, anlayışdır, güvənc yeridir, ən əsası isə sevdiyini həqiqətən dəyərli bilməkdir. Eqo güləşi deyil, cinsəllik burulğanı deyil, istismar süjeti deyil, ticarət masası deyil! Bir-birinin qaranlığını aydınlatmaqdır, günəşini söndürmək deyil.Ailə üzvləri bir-birilərinə çəkinmədən tam səmimi şəkildə narahatlıqlarını, etirazlarını söyləyə bilməlidir. Dərdini dostuna, rəfiqəsinə rahatca söyləyib, amma həyat yoldaşı ilə bölüşə bilməyən cütlər, sağlam ailə bağlarına malik deyildir.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru,

Peşəkər ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir