Natevan Abdulla

Davranışlarımıza hakim olan nədir? – Natəvan Abdullanın araşdırması

Baxış sayı: 531

Biz insanlar doğulduğumuz andan etibarən sosial mühitə göz açırıq. “Mən və başqaları” anlayışına sahib olduğumuz kiçik yaşlardan etibarən doğulduğumuz sosial mühiti də dərk etməyə, həmin mühitə uyğun reaksiyalar verməyə başlayırıq.

Başqa insanlarla aramızda baş verən sosial hərəkətlərin təsiri ilə sosial mühitin xüsusiyyətlərini və bu mühitdə varlığımızı ortaya qoymaq üçün lazım olan anlayışları öyrənirik. Beləcə, cəmiyyətdə sahib olduğumuz, olacağımız rolları mənimsəyir, buna adekvat davranışlarımızı demək olar ki, qeyri-iradi formalaşdırırıq. Məsələn, əgər dünyaya göz açdığımız evdə nənəmiz, anamız, bibilərimiz hicablı qadınlardırsa, müəyyən yaşa çatdıqda kiminsə bizə hicab geyinməyinizi təkid etməsinə ehtiyac qalmayacaq. Bu geyim tərzi, hətta həyat tərzi çoxdan bizim normalımıza çevrilmiş olacaq. Eyni qaydada oğurluq, yalançılıq, yaxud ailədaxili bir çox davranış normaları bizim də qeyri-iradi mənimsədiyimiz davranışlardır. Uşaqlıqdan mənimsənilən bu rollar isə insan psixologiyası üzərində o qədər güclü təsirə sahib olur ki, tamamilə başqa mədəni mühitə düşsək də, xəmirimiz nə ilə yoğrulubsa, əvvəl-axır ona çevrilmək ehtimalı da daha yüksək olur.

Yuxarıda qeyd etdiyimiz kimi, ailədə, cəmiyyətdə mənimsədiyimiz rollar hər zaman bizim xeyrimizə olmur. Mənimsənilən bu rollar yanımızda daşıdığımız alət çantası kimidir. Hansı ki o çantadakı alətlərin bəziləri nəinki işimizə yaramır, bizə yük olur, həyatımızı çətinləşdirir və getdiyimiz yolda tez-tez yorulub əldən düşməyimizə də səbəb ola bilir.

Bu rollardan biri də sosial cinsiyyət rollarıdır. Cinsi rollar sosial mühitin əvəzolunmaz xassələrindən biridir. Xüsusilə bu rol bir fərdin şəxsiyyətinin formalaşması və cəmiyyətə özünü təqdim etməsi prosesində ən güclü təsirə malikdir. Sosial mühitdə fərdlərin öz cinsiyyətlərinə uyğun və buna görə şəxsiyyət formalaşdırması, həmçinin, sosial mühitin həmin cinsdən gözlədiyi davranış modellərinə uyğun olaraq özünü inkişaf etməsi gözlənilir.

Məsələn, cəmiyyətimizdə kişilərin üzərinə düşən rol modelləri hər zaman ağır və məsuliyyətli olub. Kişilər ən ağır işləri görməyi bacarmalı, qorxusuz və duyğusuz davranmalı, savaşmalı, bütün ailənin yükünü öz çiyinlərinə götürməli, həm namus təəssübü çəkməli, həm də dolanışığı təmin etməlidir. Üstəlik, ömrünün sonuna qədər yaşlı valideynlərinə baxmalıdır. Sərt olmalı, necə deyərlər, daşı sıxsa suyunu çıxartmağı bacarmalıdır. Buna görə də illərdir güc anlayışı kişi cinsinə adi olunub. İndi bütün bunları bacaran insanlar yalnız Amerika istehsalı filmlərindəki super qəhrəmanlar ola bilər. Cəmiyyətimizdə də kişilərə yüklənən bu rolları mənimsəmiş insanlara münasibət, “lap köhnə kişilər kimi” ifadəsi ilə bərabər tutulur. Çünki illər keçdikcə informasiya bolluğu və məlumatlılığın artması, nəsildən-nəsilə dəyişən, aşınan bir sıra adət-ənənə yeni nəsil kişilər üçün bu qəliblərin bir qədər yumşalmasına səbəb oldu. Digər tərəfdən, kapitalist sistemin əziciliyi ilə bərabər, bütün bu rolları üstlənmiş insanın ömrünü xoş və qayğısız keçirməsi çətin məsələdir. Bu mənada, sosial cinsiyyət rolları insanın zehin və mənlik proseslərinə, həyatdan zövq almasına təsir edən ən vacib faktorlardandır.

Digər tərəfdən, sosial cinsiyyət rollarının qadınlar üzərindəki əzici və aşağılayıcı təsirlərini, qadın cinsində doğulmağın bəzi mədəniyyətlərdə ikinci dərəcəli insan rolunda olmaq kimi anlaşıldığını da gözardı etmək olmaz. Qadın kimi doğulan bir uşağın aid olduğu sosial mühitdə “qadın sənəti”, “qadın zəif məxluqdur”, “ismətini qorumaq” , “yanında kişi olmadan təkbaşına səyahət edə bilməmək”, “çox gülməmək”, “başı aşağı olmaq” və sair kimi sosial şərtlənmələr çərçivəsində böyüdüyünü müşahidə edə bilərik.

Gördüyümüz kimi, hər iki cinsə adi olan insanların sosial cinsiyyət rolları əsrlərdən bəri yetərincə ağır və məşəqqətli olub. Biz hələ özünü bu iki cinsə də aid hiss etməyən, yaxud qadın kimi doğulub özünü kişi kimi hiss edən, yaxud kişi cinsində doğulsa da, özünü qadın kimi hiss edən insanlara qarşı cəmiyyətin ən qəddar olduğundan və onların heç bir sosial cinsiyyət rolunun olmadığından, insan kimi cəmiyyətdə tamamilə gözdən çıxarıldıqlarından bəhs etmirik. Həmin insanlara qarşı böyük qəddarlıq da budur ki, onların cəmiyyətdə mövcud ola bilməsi üçün iki cinsiyyət rolundan birini seçib, bu rolların şərtlərini qəbul etmələri cəmiyyət tərəfindən tələb olunur. İki ayrı qəlib rol var, şəxsiyyət olaraq özünü kim və necə hiss etməyindən asılı olmayaraq, cəmiyyətdə qəbul edilmək istəyirsənsə, bu iki qəlibdən birini seçib özünü o formaya salmalısan. Bu səbəbdən də həmin qəliblərin ayrı-ayrı insanlar tərəfindən əsrlərdən bu yana qırılmağa çalışılması, sosial rolların getdikcə zəifləməsi və insanların bu rollardan imtina etməsi əslində, normal sayıla bilər. İnsan cəmiyyəti kollektiv yaşayış tərzindən fərdləşməyə doğru təkamül etdikcə sosial rollar zəifləyir, sosial mənlik daha da güclənir.

 

Bəs sosial mənlik nədir?

Ümumilikdə deyə bilərik ki, mənlik insanın özü ilə bağlı düşüncələrinin, hisslərinin, inanclarının cəmidir. Sosial rollar kimi, sosial mənlik də, başqaları ilə ünsiyyətdə formalaşır. Amma sosial rollarımız bizim qeyri-iradi və məcburi mənimsədiyimiz normalardır. Sosial mənlik isə ünsiyyət prosesində duyğu və düşüncələrimizin iştirakı ilə könüllü formada sahib olmağa başladığımız normadır. Buna görə də, sosial mənlik əslində, bir prosesdir. Onun insanın bütün həyatı boyu dəyişdirə və daha yaxşı formaya gətirə biləcəyi xüsusiyyəti var. Digər tərəfdən, həm sosial rollar, həm də sosial mənlik insanın yaşadığı cəmiyyətdə var olması, digərləri tərəfindən qəbul edilməsi üçün lazım olan normalardır – birincisi, istəmədiyimiz və seçmədiyimiz, bizə zorla tətbiq olunan, digəri isə könüllülük əsasında mənimsədiyimiz normalar. Bunlardan hansının həyatla bağlı məmnunluğumuzun artmasına, hansının azalmasına səbəb ola biləcəyinə isə fərd olaraq özümüz cavab tapmalıyıq.

Sosial mənlik və şəxsiyyət insanın başqaları ilə qarşılıqlı münasibəti zamanı ortaya çıxan və onun ətrafında baş verən hadisələri anlamasına, qiymətləndirməsinə, seçə bilməsinə imkan verir. Sosial rollar isə, insanın içərində doğulduğu, aid olduğu mühitdə həyatda qalması üçün öz duyğu və düşüncələrini basdıraraq məcburi surətdə mənimsədiyi qəlib davranış və düşüncə tərzləridir. Bu səbəbdən də deyə bilərik ki, sorğulamadan qəbul etdiyimiz bütün sosial rollar şəxsiyyət və mənlik formalaşdırmağımıza mane olan əsas amillərdəndir.

Bu yazıda məqsədimiz sizə insanın sosial varlığı və sosial kimliyini qarşılaşdıraraq mənlik, sosial rollar konsepsiyasını ayrı, müstəqil quruluşlar və proseslər kimi təqdim etmək idi. Amma bunu da qəbul etməliyik ki, sosial mənlik və sosial rol anlayışları ayrılmaz və insanın cəmiyyətdə öz varlığını ortaya qoya bilməsi üçün iki əvəzolunmaz elementdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir