Günün yorğunluğundan sonra rahat bir yuxuya getdiyinizi düşünürsünüz, lakin səhər oyandıqda çənənizdə ağrı, dişlərinizdə həssaslıq və ya baş ağrısı hiss edirsiniz? Yaxud, yaxınlarınız gecələr qəribə bir diş xırçıllatması səsindən narahat olduqlarını bildirirlər? Tibbdə “brukzizm” adlandırılan diş qıcanması bir çox insanın fərqinə varmadan yaşadığı, lakin görməzdən gəlinməməsi gərəkən ciddi bir simptomdur.
Bəs diş qıcanması sadəcə zərərli bir vərdişdir, yoxsa orqanizmdəki başqa xəstəliklərin xəbərçisidir?
Mövzu ilə bağlı danışan terapevt, ailə həkimi Nərminə Abbasova öncə diş qıcanmasını – brukzizmin açıqlamasını verdi. Bildirdi ki, brukzizm çənə əzələlərinin qeyri-iradi yığılması nəticəsində dişlərin bir-birinə sıxılması və ya sürtülməsidir. Onun sözlərinə görə, bu, əsasən gecə yuxu zamanı baş versə də, bəzi insanlarda gündüz saatlarında, gərginlik anında da müşahidə olunur.

Bəs diş qıcanması hansı problemlərin və xəstəliklərin siqnalıdır? Ailə həkimi deyir ki, diş qıcanması təkbaşına bir xəstəlik olmaqdan ziyadə, orqanizmdə gedən digər pozuntuların – xroniki stress, təşviş və depressiyanın təzahürüdür:
“Brukzizmin ən yayğın səbəblərindən biri psixo-emosional gərginlikdir. Gündəlik həyatda yaşadığımız stress və sıxışdırılmış emosiyalar yuxu zamanı çənə əzələlərinin gərginləşməsi ilə üzə çıxır. Orqanizm bu yolla daxili gərginliyi “boşaltmağa” çalışır.
Yuxuda tənəffüsün müvəqqəti dayanması olan şəxslərdə brukzizmə çox tez-tez rast gəlinir. Tənəffüs yolları qapanarkən orqanizm havanın keçidini bərpa etmək üçün qeyri-iradi olaraq çənəni və dili hərəkətə gətirir ki, bu da dişlərin sıxılmasına səbəb olur.
Eyni zamanda, diş sırasındakı əyriliklər, çatışmayan dişlər və ya düzgün qoyulmamış plomb və protezlər çənənin normada bağlanmasına maneə olur. Nəticədə çənə əzələləri balansı tapmaq üçün normadan artıq çalışır və brukzizm yaranır”.
Ailə həkimi deyir ki, bundan başqa diş qıcanması həm də xüsusən uşaqlarda qurd infeksiyalarının mövcudluğundan xəbər verir. Həkim bildirdi ki, əgər uşaq gecələr dişlərini qıcayırsa, bu, parazitar xəstəliklərin – məsələn, askaridoz, enterobioz kimi parazitlərin göstəricisi ola bilər. Onun sözlərinə görə, parazitlərin ifraz etdiyi toksinlər mərkəzi sinir sistemini qıcıqlandıraraq yuxu keyfiyyətini korlayır və diş qıcanmasına gətirib çıxarır:
“Onu da deyim ki, nadir hallarda da olsa, brukzizm parkinson xəstəliyi, epilepsiya kimi nevroloji pozuntuların və ya istifadə olunan bəzi dərmanların – xüsusilə antidepressantların əks-təsiri kimi meydana çıxa bilər. Həddindən artıq kofein, alkoqol, nikotin istifadəsi və gec saatlarda ağır qidalanma nerv sistemini stimullaşdıraraq dərin yuxu fazasını pozur və brukzizmi tətikləyir”.
Ailə həkimimiz “bəs brukzizm müalicə olunmazsa nə baş verər” – sualına cavab olaraq qeyd etdi ki, diş qıcanmasını zamanında müalicə etməmək diş minasının yeyilməsi, dişlərdə çat və sınıqlar, diş həssaslığının kəskin artması, səhərlər gicgah və boyun nahiyəsində şiddətli ağrılar, çənə oynağında çıxıqlar, şaqqıltı səsləri və oynağın bloklanması kimi ağırlaşmalara yol aça bilər:
“Öncə stomatoloqa müraciət edin. Çünki ilk növbədə dişlərinizin və çənə oynağınızın vəziyyəti qiymətləndirilməlidir. Həkiminiz gecələr dişlərinizi qorumaq üçün fərdi gecə kapaları, yəni gecə plaqları təyin edə bilər. Əgər problem dişlərlə bağlı deyilsə, nevroloq, somnoloq (yuxu mütəxəssisi-red) və ya uşaqlar üçün pediatr müayinəsi vacibdir. Relaksasiya vərdişləri qazanın. Yuxudan əvvəl ilıq duş qəbul etmək, sakitləşdirici çaylar içmək və ekrandan uzaq durmaq sinir sisteminizi sakitləşdirəcək.
Tövsiyə edərdim ki, sağlamlığınızın kiçik siqnallarına biganə qalmayın. Unutmayın ki, vaxtında atılan bir addım sizi gələcəkdəki daha böyük müalicə proseslərindən qoruyacaq”.
PƏRİ











































































































































































