usaqlar

“Həm zorakılıq edən, həm də bullinqə məruz qalan uşağın ailəsində “şiddət” müşahidə olunur”

Baxış sayı: 340

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olan 81 ölkədə həyata keçirilən Beynəlxalq Tələbələrin Qiymətləndirilməsi Proqramının (PISA) 2022-ci məlumatlarına əsasən, həmyaşıdların zorakılığına məruz qalma yəni “bullinq” bütün ölkələrdə müşahidə olunur. Məktəblərdəki zorakılıq və təcavüzün hər dövrdə və hər ölkədə gündəmə gələn mühüm problemlərdən biridir. Müəllimin məktəbdə zorakılıq tətbiq etməsi və ya dostlarının “zarafat” kimi başlayan zorakılıq və aqressiv hərəkətlər sonra güc nümayişinə çevrilir. Qarşılıqlı zorakılıq, şiddət, qəsb, kiber zorakılıq kimi hadisələrin azaldılması və hətta aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir.

Psixoloq Nura Cəfərzadə bildirir ki, uşaqlar arasında hər yerdə olduğu kimi məktəblərdə də konfliktlər olur. Hətta “yazılmamış qanunlar” uşaqlar arasındakı ünsiyyəti müəyyən edir. Uşaqlar arasında yaranan konfliktlərin hansı halda ciddi vəziyyətin göstəricisi olduğunu müəyyən etmək üçün daima onları müşahidə etmək lazımdır.

Nura Cəfərzadə

“Öz yaşıdlarına göstərilmiş istər fiziki təzyiq, istər psixoloji təsir və ya cinsi qısnama zorakılıq halıdır və “bullinq” adlanır. İstər bullinqə məruz qalan, istər zorakılığı edən şəxs bu şiddətlə mütləq tanış olub. Yəni 90 faiz hallarda hər iki tərəfin ailəsində şiddət müşahidə olunur. Bu, təkcə fiziki şiddətdən irəli gəlmir. Avtoritar, uşaqları təzyiq altında böyüyən ailələrdə passiv, özünə qapanan uşaqlar bullinqə məruz qalmaqla, daha güclü xarakterli uşaqlar valideynlərinə qarşı yığılan aqressiyanı özündən daha zəif uşaqlara qarşı şiddət göstərməklə ortaya qoyurlar.

Zorakılıq edən uşaqların davranışlarının kökündə digər bir səbəb də durur. Ailə uşağı narsist kimi, yəni tayı-bərabəri olmayan, absurd dərəcədə yaxşı olduğuna inandıraraq böyütməsi onun zorakılıq etməsi ilə nəticələnir. Belə uşaqlar özünü ətrafındakı digər uşaqlardan üstün görür və istədiyi hər cür davranışı etmək haqqını özündə görür. Uşaqları zorakı davranışlara təhrik edən daha bir səbəb izlədikləri seriallar və oynadıqları şiddət yönümlü oyunlardır”-deyə Nura Cəfərzadə qeyd edib.

Bullinqin nədən qaynaqlandığını bildik. Bəs onunla necə mübarizə aparaq?

Psixoloq qeyd edir ki, Azərbaycanda bullinq ilk dəfə 13 yaşlı Elina adlı qızın məktəbdə intihari ilə gündəmə gəldi və bundan sonra məktəblərdə daha ciddi tədbirlər görülməyə başladı. Məktəblərdə “məktəblinin dostu” layihəsi həyata keçirilməyə başlanıldı.

“Bu uşaqların davranışlarına nəzarət etmək üçün böyük addımdır, ancaq kifayət deyil. Bəzən ailələrdə bullinqə məruz qalan uşaqların vəziyyətindən xəbərdar olanda artıq gec olur təəssüf ki. Bu halda ən düzgün addım uşaqlara hələ buna məruz qalmazdan əvvəl, xoşlamadıqları hər şeyə açıq şəkildə etiraz etməyi elə evdən başlayaraq öyrətmək lazımdır. Eyni zamanda zorakılığa zorakılıqla cavab verməməyi də başa salmaq lazımdır-deyə psixoloq vurğulayıb.

P.S. Ötən gün KİV-lərdə belə bir məlumatla qarşılaşdım. Qeyd edilirdi ki, 300-ə yaxın məktəbdə mobil telefonların istifadəsinə qadağa qoyulub. Yəni şagirdlər məktəbə ağıllı saat və telefon gətirə bilməz. Təhlükəsizlikləri baxımından bu vasitələrdən istifadə edən uşaqların cihazları təhvil alınacaq və dərsdən sonra onlara qaytarılacaq.

İndi etiraf edək ki, bu qayda qardaş ölkə məktəblərində də var. Dərs başlayanda uşaqlar telefonlarını təhvil verir, dərs bitdiyi zaman geri alırlar. Başqa bir nüans da var. Telefon olmadığı zaman məktəbdə istər şagirdlərin bir-birinə qarşı mənfi davranışlarından, istərsə də müəllimlərin neqativ davranışlarından kim xəbər tuta bilməyəcək. Yəni müəllimlər də, şagirdlər də istədikləri kimi davrana biləcəklər. Bu, heç də yaxşı “fikir” deyil, sanki…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir