zorakiliq

Psixoloji zorakılıq – ən acı və təsirli təzyiq

Baxış sayı: 338

Əvvəllər də, yəni yüz il əvvəl də zorakılıq olub, yüz il bundan sonra da olacaq və bu gün də aktual məsələlər sırasındadır. Bu gün dilimizdə ən çox işlənən sözlər siyahısına “zorakılıq” sözü də aiddir. Bu anlayış barədə indi hətta körpə uşaqlarımız da xəbərdardırlar. Bəlkə də səbəb bu dövrümüzdə zorakılığın çox baş verməsidir?!

Zorakılıq sözünün mənası “hücum etmək” deməkdir. Zorakılıq qarşı tərəfi və ya tərəfləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranması üçün zorlamaq, ona zor tətbiq etmək deməkdir. Zorakılıq deyəndə əksəriyyətimizin beynində “döymək”, “cinsi zorlama” və s. fiziki zorakılıqlar canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır.

Psixoloq Lalə Allahverdiyeva deyir ki, fiziki zorakılıq deyəndə adından da bəlli olduğu kimi, insanı döymək, cinsi təzyiq və.s fiziki güc hesabına edilən davranış nəzərdə tutulur.

Psixoloq Lale Allahverdiyeva

Psixoloji zorakılıq və ya mənəvi zorakılığa hədələmə, verbal təhqir, gözlə və jestlə təzyiq, şantaj, cinsi zorakılıq və s. aiddir. Biz zorakılıq deyəndə təkcə fiziki mənada başa düşsək də, insana ən böyük travma verən və uzunmüddətli təsir, iz qoyan məhz psixoloji zorakılıqdır:

“Sözlə təzyiq vulqar və ya şəxsiyyəti alçaldıcı sözlərlə edilən təhqirdir. Söz var, kəsdirər başı, söz var, kəsər savaşı. Doğrudan da sözün gücü böyükdür. Verbal təhqirə əqli və fiziki inkşafı əngəlləyən bütün sözlər daxildir. Gözlə təzyiq deyəndə insanın öz aqressiyasını gözləri ilə göstərməsi nəzərdə tutulur. Əslində, bu doğru deyil. Çünki insan öz aqressiyasını başqasının üzərinə tökməməlidir. Belə ki, hər bir insanın daxilində sevinc, nifrət hissi ilə yanaşı, aqressiya hissi də var. Və bu aqressiya insanın özünə xasdır. Kənar qıcıqlandırıcılar olsa da, bizim aqressiyamızın üzə çıxmasına şərait yaransa da, insan fikirlərinə hakim olduğu kimi, öz hisslərinə də hakim olmağı bacarmalıdır”.

Psixoloqun dediyinə görə, valideynin uşağa göz ağartmağını adi bir hərəkət hesab etsək də, əslində qonaqlıqda və ya insan çox olan yerdə bunu bizə qarşı etmələri bizim fikrimizi azad şəkildə ifadə etməyə mane olur və belə halların təkrarlanması həm cəmiyyət içində sözümüzü ifadə edə bilməməyə və həm də özümüzə olan inamı itirməyə və həmişə kimdənsə asılı olmağa gətirir. Və həmişə də fikrimizi bildirəndə qorxuruq ki, birdən valideynimizin xoşuna gəlməz.

Jestlə təzyiq – buraya əl-qol hərəkətləri ilə göstərilən davranışlar daxildir. Lalə Allahverdiyevanın fikrincə, sosial zorakılıq – bu növ şiddət də ölkəmizdə çox yayılıb. Adından da göründüyü kimi, bir insanı cəmiyyətdən kənar edərək sosial hüquqlarından məhrum edilən zorakılıqdır: “Məsələn, kişilər qadınlarını işləməyə qoymur və ya hər hansı bir yerə getməyə icazə vermirlər”.

Qarşı tərəfin aqressiyasının başqasının üzərinə tökülməsi zorakılıqdır. Hər bir insanın daxilində sevinc, nifrət, sevgi, kin, hörmət, ehtiram hissləriylə yanaşı, aqressiya hissi də var. Aqressiya dedikdə insanın başqa adamlarla problem yaratması, onlara fiziki, maddi və mənəvi ziyan vurması başa düşülür. Aqressivlik insanlara bilərəkdən xələl yetirmək cəhdidir. Psixoloq deyir ki, bu gün aqressiyanın hamı tərəfindən qəbul edilən izahı yoxdur. Çünki hamı aqressiyanı öz psixikasına, öz şəxsi həyat təcrübəsinə görə izah edir:

“Delqadoya görə, aqressiya dedikdə ədavətlilik, hücum, dağıdıcılıq aktları, yəni digər insanlara və obyektlərə xələl gətirən, ziyan yetirən əməllər nəzərdə tutulur. Morrison aqressiyanı hökmranlığa meyl kimi, Xornay və From isə insanı əhatə edən ədavətli reallığa şəxsiyyətin reaksiyası kimi izah edirdi. Zorakılığın kökündə də aqressiya durur. Zorakılıq da insanın aqressiyasının müəyyən şəraitdə və ya situasiyada mənfi reaksiya olaraq büruzə verilməsidir. Psixoloji zorakılıq dedikdə isə insanın mənəvi təzyiqə məruz qalması başa düşülür”.

zorakiliq

Zorakılıqlar çoxdur. Amma bunların arasında insana ən acı və daha təsirli olanı psixioloji zorakılıqdır. Psixoloq bu qənaətdədir ki, istər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzunmüddətli təsirə malikdir:

“Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır. Zorakılığa meylli olan insanların keçmişdə yaşadıqları zorakılığı gələcəkdə tətbiq etməsinə heç kimin şübhəsi olmasın”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir