geyim

İdeal obraz seçimində dadınıza çatacaq qaydalar

Baxış sayı: 372

Geyimlərinizi yerləşdirdiyiniz şkafı açırsınız və ideal geyim obrazı axtarmağa başlayırsınız. Belə bir səhnə demək olar ki, bütün qadınlara tanışdır. İdeal obraz seçimində sizə  köməklik göstərə biləcək bir neçə qaydaları təqdim edirik.

Tərz və geyimə aid olan hər bir şeyi qadın  üzərində özü yaradır. Qarderobunuzu açın baxın və özünüzə sadə bir sual verin: əgər siz hazırda mağazada olsaydınız  qarşınızda dayanan geyimlərin içərisindən hansını seçib alardınız? Belə bir özünəməxsus oyun zamanla sizə lazım olan və olmayan geyimlərinizi müəyyən etmək imkanı verəcək.

Geyinmədikləriniz geyimləri, əşyaları ehtiyacı olan insanlara verin. Bu, təkcə ehtiyacı olanlara deyil, sizin də  əhvalınıza müsbət təsir göstərəcək.

İstər ad günü şənliyinə, istərsə başqa bir məclisə geyim almağa getdiyiniz zaman çalışın gedəcəyiniz məclisə nəzərdə tutduğunuz makiyaja və saç düzümünə uyğun tərz yaradasınız ki, almaq istədiyiniz geyimin həmin saç və makiyaj ilə uyğun gəlib- gəlmədiyini rahatlıqla müəyyən edə biləsiniz.

Demək olar hər kəs yeni ayaqqabı geyinərkən həmin ayaqqabı ayağı sürtür və yara əmələ gəlir.  Geyinmək istəyirsən, amma geyinə bilmirsən. Bəs nə etmək olar? İnanmaq çətin olsa da ən mükəmməl metod soyuducunun dondurucu kamerasıdır. Belə ki, içərisinə su doldurulmuş paketi ayaqqabının içərisinə yerləşdirərək dondurucuya qoyun. Donan su ayaqqabının qəlibini genişləndirəcək və siz dərhal effekti hiss edəcəksiniz.

Kaşimir parça hər yerdə müxtəlif cür işlənir və təəssüflər olsun ki, bəzi hallarda keyfiyyətsiz mala artıq pul ödəməli olursan.  Məhz elə bu səbəbdən geyim alarkən diqqət yetirmək lazımdır ki, kaşimir parçadan tikilən geyim aldığınız zaman onu bir az dartmaq lazımdır. Əgər parça yığılıb yerini alarsa o zaman qarşınızda keyfiyyətli mal olduğuna əmin ola bilərsiniz. İstənilən halda kaşimir parçadan tikilən geyimlər bahalı olur, buna görə də onlara xüsusi qulluq etmək lazımdır. Belə bir parçanı yalnız soyuq suda və əldə yumaq mütləqdir.

Pencək, gödəkcə, palto və s. kimi geyimləri seçərkən yalnız bir şeyə xüsusi diqqət yetirin: çiyinlər. Əgər bir palto sizin çox xoşunuza gəlibsə, lakin çiyin hissəsi bir az balaca və ya böyükdürsə onu mağazada yerinə qoymağınız məsləhətdir. Çiyin hissəsi elə bir hissədir ki, onu ən yaxşı dərzi belə düzəldə bilməyəcək.

Dəbli geyinən qadınların  rahat tərzli geyimləri necə tapdığını bilirsiniz? Burada heç bir sehir yoxdur və siz də onlar kimi dəblə ayaqlaşmağı bacararsınız. Bunun üçün bahalı geyimlərə ehtiyac yoxdur. Əsas odur ki, öz formanıza uyğun geyim seçəsiniz və bədəninizdə ola biləcək hansısa bir qüsuru düzgün geyim tərzi ilə gizlətmiş olarsınız. İstənilən halda hansısa bir geyimdə özünüzü rahat hiss etmək istəyirsinizsə bədəninizin istənilən qüsurlarına rağmən özünüzü sevin.

Müasir dünyada gənc nəsli cins parçadan hazırlanan geyim kolleksiyalarsız düşünmək mümkün deyil. Lakin bəzən özlərinə yaraşan cins geyimləri seçməkdə çətinlik çəkirlər. Birinci qayda odur ki,  görünüşündən və formasından asılı olmayaraq ölçüdə diqqətli olun,  çalışın bir ölçü kiçik alın ki, bir-iki yumadan sonra tam əyninizə olsun.

Hər bir qadın paltara tonal krem, ten və dezodorantdan düşən ləkələrdən əziyyət çəkir. Təbii ki, bu xoşagələn deyil. Nə qədər diqqət yetirsəniz belə, bu kimi hallar ilə rastlaşmanız qaçılmazdır. Əgər sizin geyiminizə kosmetika və ya dezodorant ləkəsi düşübsə, həmin hissəni uşaqlar üçün nəzərdə tutulmuş yağ tərkibli nəm salfetlərlə silməyiniz məsləhətdir.

Aksessuar və bəzək əşyaları seçmək uzun və çətin prosesdir və ona individual yanaşmaq lazımdır. Əgər sizin qiyafətiniz neytral rənglidirsə, ona əlvan və göstərişli aksessuar seçə bilərsiniz.

Lakin ən əsas aksessuarın düymə olduğu hər zaman unudulur. Düzgün olmayan düymə istənilən geyimi tamamlanmamış göstərə bilər.

Aksessuarda klassikanın əsas göstəricilərindən biri  şərfdir. Bizim dövrümüzdə onların istənilən rəngini, materialını və ölçüsünü tapmaq mümkündür. Əgər sizin aksessuar seçməyə vaxtınız yoxdursa,   gözəl bir şərf sizin xilaskarınız ola bilər. Şərfi nə ilə istəsəniz və nə vaxt istəsəniz taxa bilərsiniz.

Geyim seçərkən ona müxtəlif rakurslardan baxın. Əgər siz özünüzü əmin və cəlbedici hiss edirsinizsə, deməli, bu belədir!

Eyni tipli geyimlərin geyinilməsi və saxlanması sizi yora bilər. Çalışın geyiminizə fərqlilik qatın və eksperiment etməkdən qorxmayın. Əgər vitrində xoşunuza gələn geyimə baxıb hesab edrsiniz ki, sizə yaraşmaz, onu geyinib  baxmaqdan çəkinməyin. Sadəcə geyinin və düşündüyünüzün tam əksi ilə qarşılaşa bilərsiniz.

Yeni rəngləri, geyim formalarını, makiyajı sınaqdan keçirməkdən qorxmayın. Xoşunuza gəlməsə almayın, amma sınayın!

 

Könül Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir