qis

Qış qapıda: Kommunal xidmətlər “sazdırmı”?

Baxış sayı: 409

Qışın qonaq gəlməsinə az zaman qaldı. Adətdəndir ki, qonağı yaxşı qarşılamaq lazımdır. Bu səbəbdəndir ki, ölkəmizdə qış fəslinin gəlişinə bir neçə ay qalmış aidiyyəti qurumlar tərəfindən hazırlıq işlərinin görülməsinə başlanılır.

Maraqlıdır, bu il  idarələr Bakını qışa necə hazırlayırlar? Onlar əhalinin istilik, qaz, su problemləri ilə üzləşməməsi üçün hansı işləri görür?

Məsələnin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı suallarımıza cavab tapmaq üçün bəzi aidiyyəti qurumlara sorğu ünvanladıq.  Bu il qış mövsümünə hazırlıq vəziyyəti necədir? Şaxtalı qış günlərində kommunal xidmətlərlə bağlı hər hansı problem yaşanacaqmı?

Əlaqə saxladığımız dövlət qurumları heç bir problemin yaranmayacağını və qışa tam hazır olduqlarını bildirdilər.

 “Azəristiliktəchizat”: Noyabrın 1-dən dağlıq rayonlar, 15-dən isə bütün ölkə ərazisində istilik təminatı həyata keçiriləcək

Bakı şəhərində və regionlarda yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin, dövlət idarətetmə qurumlarının və digər sosial təyinatlı obyektlərin keyfiyyətli istilik təchizatını təmin etməkdən ibarət olan “Azəristiliktəchizat” ASC payız-qış mövsümünə hazırlıq işlərini uğurla davam etdirir. Payız qış mövsümünə hazırlıq prosesi ilə bağlı danışan  qurumun mətbuat katibi Elvin Basqallı qeyd etdi ki, noyabrın 1-dən Azərbaycanın 14 dağlıq rayon və şəhərində istiliklə təmin olunmaya start veriləcək. Noyabrın 15-dən isə bütün ölkə ərazisində istilik təminətı həyata keçiriləcək: “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən mövcud qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə 2023-cü il ərzində 1000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 10 000 metrdən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənmişdir. Görülən işlər çərçivəsində 1150 ədəd qazan odluğu, 486 dəst istilik mübadilə aparatları, 3230 ədəd nasos, 16860 ədəd müxtəlif diametrli siyirtmələr, 3340 ədəd mühərrik, 561 ədəd elektrik avadanlığı, 561 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1349 ədəd genişləndirici çən, 2093 ədəd qoruyucu klapan və 2703 ədəd əks klapan, 12427 ədəd ventil, 632 ədəd ehtiyyat su çəni, 554 ədəd qaz təsərrüfatına aid avadanlıq və digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilmişdir. 727 ədəd dirsək, 94 ədəd siyirtmə, 100 ədəd ventil, 8 ədəd nasos, 8 ədəd mühərrik, 15 ədəd istilik mübadilə aparatı yenisi ilə əvəz edilmiş, 35 qazan aqreqatı, 13 ədəd nasos, 320 ədəd siyirtmə, 11 ədəd mühərrik əsaslı təmir edilmişdir. 522 ədəd qazan aqreqatı, 1004 ədəd nasos, 6800 ədəd siyirtmə, 750 ədəd mühərrik cari təmir edilmişdir. 1260 ədəd qazan aqreqatı, 151 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 12 ədəd qazan aqreqatı və 23 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənmişdir. İstilik xətlərində 3368 m2 istilik örtük qatı bərpa olunaraq yenilənmişdir.”

Qurum rəsmisinin sözlərinə görə, ümumilikdə,  2023-2024-cü illər payız-qış mövsümündə 49 000-dən çox qurğu və avadanlıqların, nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Payız-qış mövsümünə hazırlıq çərçivəsində balansımıza olan bütün qazanxanalar, magistral və məhəllədaxili istilik xətləri yoxlanılır, ehtiyac duyulan yerlərdə əsaslı və cari təmir işləri aparılır və istilik mövsümünə hazırlıq işləri davam etdirilir”.

Qeyd edək ki, qurum tərəfindən 3871 bina, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2224 sosial və təsərüfat obyektləri istilik mövsümündə istiliklə təmin edilir.

“Azərsu” ASC-nin həm içməli su, həm tullantı su infrastrukturu qışa hazırdır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mövzu ilə bağlı açıqlamasında vurğuladı ki, payız-qış mövsümündə yağış-kanalizasiya şəbəkələrində yarana biləcək fəsadların qarşısını almaq məqsədilə kompleks tədbirlər icra olunur: “Qışa hazırlıq çərçivəsində “Azərsu” ASC avqust ayından tədbirlər planını təsdiq edir. Tədbirlər Planına uyğun olaraq, payız və qış aylarında yağıntıların intensivləşəcəyi nəzərə alınaraq tullantı su infrastrukturunun istismar vəziyyəti yoxlanılır, şəbəkə və kollektorların, yağış barmaqlıqları və baxış quyularında monitorinq aparılır, istismar vəziyyəti öyrənilir.”

Anar Cəbrayıllı diqqətə çatdırdı ki, payız- qış mövsümünə hazırlıqla bağlı Tədbirlər Planı çərçivəsində indiyə qədər təxminən 25 km  həm kanalizasiya kollektorları,  həm də kanalizasiya xətlərinin yuyulub təmizlənməsi işləri  həyata keçirilib. Eyni zamanda, yağış su xətlərində 10 km-dən artıq  yuma işləri aparılıb. 2000-dən çox baxış quyusu, eləcə də 2000-ə yaxın yağış barmaqlığı  bərk məişət tullantılarından təmizlənibdir ki, bu da həmin ərazilərdə  xüsusən də intensiv yağıntılar zamanı subasma hallarının qarşısının alınmasına hesablanıb. Bu tədbirlər  bütün qış boyu davam etdiriləcək. Əsas hədəf odur ki, daha çox subasma ehtimalı olan ərazilərdə həm xətlərin, həm baxış  quyularının, həm yağış barmaqlıqlarının tam ötürücülük qabiliyyəti təmin olunsun.

“Qeyd etmək istərdim ki, “Azərsu” ASC-nin həm içməli su, həm tullantı su infrastrukturu qış dövrünə tam hazırdır”, – A.Cəbrayıllı fikirlərinə yekun vurdu.

Nə qaz…

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, soyuq hava şəraitində daha davamlı, təhlükəsiz mavi yanacağın verilməsini təmin etmək üçün ”Azəriqaz” lazımi tədbirləri həyata keçirir: “Hər il may ayından payız-qış mövsümünə hazırlıq prosesinə start veririk. Bu proses çərçivəsində korruziyaya uğramış boru xətlərinin yeniləri ilə əvəz olunması, yeraltı xətlərin yerüstü dayaqlar üzərinə qaldırılması, onların boyanması, qaynaq tikişlərinin təzyiqə davamlılığının yoxlanması, şkafların yenilənməsi, sazlılığının yoxlanması və digər bu kimi işlərin hamısını görürük ki, payız-qış mövsümündə abonentlərin normal, təhlükəsiz qazla təmin olunmasını reallaşdıra bilək.”

Həmsöhbətimiz qeyd etdi ki, “Azəriqaz” İstehsalat Birliyi olaraq cari ildə ölkə üzrə 150 kənd və yeni yaşayış massivinin qazlaşdırılmasını nəzərdə tutmuşduq. Bunlardan 110 kənd və yeni yaşayış massivinin qazlaşmasını reallaşdırdıq. Noyabrdan etibarən də qalan 40 kəndin də qazlaşma prosesinə başlanılacaq. Növbəti ilin birinci 6 aylığı ərzində də həmin kənd və yeni yaşayış massivlərinin qazlaşmasını nəzərdə tuturuq.

Eldəniz Vəliyev əlavə etdi ki, qaz təchizatının yaxşılaşdırılması məqsədilə payız-qış aylarında abonentlərə normal qazın verilişini təmin etmək baxımından  Təmir-Tikinti İdarəsi tərəfindən  229 km  qaz xətti yenilənib.

…nə də işıqda problem olmayacaq

“Azərişıq” ASC də qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün respublika ərazisində genişmiqyaslı  tədbirlər həyat keçirir. Belə ki, qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz işlər görülüb.  ”Azərişıq” ASC müasir elektrik enerjisi təchizatı sistemlərini elə formalaşdırır ki, təbiət hadisələri, kənar müdaxilə faktorları istehlakçıların fasiləsiz enerji təminatına daha az təsir etsin. Abonentlərimizin hər hansı bir sualı yaranarsa, dərhal Çağrı Mərkəzlərimizə müraciət edə bilərlər. 24 saat fasiləsiz xidmət göstərən ”Qəza Xidməti”nin operativ müdaxiləsi nəticəsində baş verən nasazlıq xarakterinə görə qısa vaxt ərzində aradan qaldırılacaq. Paylayıcı şəbəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldılması da xüsusi diqqətdə saxlanılır.

Aidiyyəti qurumların qışa hazırlıq prosesi ilə bağlı verdiyi məlumatlardan çıxan nəticə budur ki, kommunal xidmətlərimiz qışa hazırdır. Ümid edək ki, bu qış rahat  və qayğısız keçəcək…

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir