Naftalan

Azərbaycanda elə bir yer var ki, ölünü belə dirildir – ARAŞDIRMA

Baxış sayı: 373

Müalicəvi Azərbaycan nefti olan Naftalan nefti haqqında ilk məlumat XII əsrə təsadüf edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi “Xəmsə” poemasında Səfilkürd kəndindən karvanlarla Naftalan neftinin daşınmasından bəhs edirdi. O poemada qayğıkeş qadının ovda yaralanmış ərinin yarasını dağ yağı ilə müalicə etməyə çalışırdı. XIII əsrdə Azərbaycanda olmuş məşhur səyyah Marko Polo da ozünün “Böyük Tatarıstan haqqında traktat”ında da Naftalan nefti haqqında yazır.

 

Benzindən əlini üzüb maz hazırlayan alman

Naftalan neftinin sənaye üsulu ilə kəşfi, hasilatı və emalı tarixi XIX əsrə aid edilir. 1868-ci ildə Qafqazın dağlıq hissəsinin idarəçiliyi tərəfindən alman milliyətinə mənsub 8 nəfərə Naftalan yağının yerləşdiyi ərazidə 80 desyatin torpaq sahəsi ayrılır. Həmin almanlar arasında xüsusi fəallığı ilə seçilən dağ mühəndisi Yegel hasil etdiyi məhsulun tərkibində benzin fraksiyalarının olmadığını görərək əvvəlcə məyus olur.

Amma sonradan Naftalan neftinin müalicəvi xüsusiyyətlərindən xəbər tutur və maz istehsalı üçün Naftalanda kiçik bir zavod qurur. Çox keçmədən Yegel bu sahədə böyük uğur qazanır. O, istehsal etdiyi mazın nümunələrinə dünyanın ən tanınmış həkimlərinə göndərir, alman həkim Liss bu maza böyük diqqət göstərərək bütün məhsulu Almaniya üçün alır.

Naftalan nefti dünyada yeganə neft olub öz müalicəvi əhəmiyyətinə görə əfsanəvi xarakter daşımaqla yanaşı, fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Bu neft üçün əsas xarakter yüksək xüsusi çəkiyə malik olması, tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin olmamasıdır. Tərkibində kifayət miqdarda qətran olması su ilə möhkəm emulsiya əmələ gətirməsi Naftalan neftini başqa neftlərdən fərqləndirir. Müalicəvi xassəsinə görə dünyada yeganə neft olan Naftalan nefti Azərbaycan Respublikasında Gəncə şəhərindən 50 km aralı Murov dağ silsiləsinin ətəyində yerləşir.

 

Naftalan nefti hər dərdə davadır

Müalicəvi xassələrə malik olan Naftalan nefti sümük – oynaq, dəri, qadın xəstəliklərindən və uroloji xəstəliklər, əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq hərəkət aparatına aid olan oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur.

Naftalan nefti yerdən çıxarkən 90% su və 10% naftalan neftindən ibarət olur. Bu neft ilə müalicə edərkən isə su 10% naftalan 90% olur. Naftalanla birlikdə yerdən çıxan su çox zəngin tərkiblidir, tərkibində yod və bromdan başqa həm də naftalanın tərkibində olan çoxsaylı mikroelementlər olduğundan bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq olunur.

Naftalan nefti–qəhvəyi qonur rəngli, xüsusi aromatik qoxuya malik, yüksək özlülüyə və xüsusi çəkiyə malik mayedir. Naftalan neftinin xüsusi çəkisi 0,92 – 0,96, qaynama temperaturu 220 0C, donma temperaturu -20 0C-dir, su ilə qarışdırıldıqda davamlı emulsiya əmələ gətirir. Naftalan mürəkkəb fiziki –kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur.

 

Naftalan nefti çəlik muzeyi yaratdı

Naftalan neftinin müalicə amili güclü iltihabəleyhinə, ağrıkəsici, damargenəldici, allergiyaəleyhinə, hormonabənzər, maddələr mübadiləsini tənzimləyici təsirə malikdir, ovogenez və ovulyasiya proseslərini və spermatogenezi sürətləndirir. Naftalan neftinin bu xüsusiyyətləri mərkəzdə 70 – dən artıq xəstəliyi müalicə etməyə imkan yaradır. Naftalan neftinin tərkibi naften karbohidrogrnləri – 50-55%, aromatik karbohidrogenlər – 10-15%, qətranlı maddələr – 14-15%, naften turşuları – 0,5-3%, kükürdlü birləşmələr – 0,3- 0,7%, azotlu birləşmələr – 0,3%, mikroelementlər (Y, Br , Cu , Mn , Zn , Li, B və s.) dən ibarətdir.

Sovet dövründə müalicə üçün 15 ölkədən insanlar bura axışırdı. Naftalanda məşhur çəliklər müzeyi var idi. Çəliklə axsaya-axsaya bura müalicə almağa gələnlər gedəndə öz çəliklərini o muzeyə bağışlayıb sağlam gedirdilər. İl ərzində 75 min insan müalicəyə gəlirdi, hamısı sağalıb gedirdi. Dünyanın elə bir kurort məkanı yoxdur ki, orada 92 faiz yaxşılaşma əldə edilsin. Amma bu bir həqiqətdir ki, Naftalana gələn hər 100 nəfərdən 92-si sağalıb gedirdi.

 

Sürünərək gəlib qaçaraq gedənlər…

Naftalan neftinin möcüzəsini sınayan Hikmət Vəliyev deyir ki, dünyada analoqu olmayan bu təbii dərman haqqında əvvəldən məlumatlı olsa da, onu özünə tətbiq etmək barədə gec qərara gəlib: “Mənim 76 yaşım var, lap uşaq yaşımdan Naftalan nefti haqqında atamız, babamız danışdıqca öyrənmişik, amma müalicəyə 50 yaşıma qədər getməmişdim, sonra həkimlər dedi ki, get Naftalan nefti qəbul et. Ayaqlarımdakı ağrıları bu neft ilə apardılar. Sürünə-sürünə getdiyim yerdən öz ayaqlarımla qayıtdım. İndi də hər il gedirəm, 50 yaşımda əsa ilə gəzirdim, amma indi bu yaşımda əlimə əsa almıram”.

Naftalan nefti ilə müalicə alan rusiyalı Anastasiya Filipova isə onu “allah möcüzəsi” adlandırdı: “Cəmi 36 yaşım olmasına baxmayaraq irsi oynaq xəstəliyindən əziyyət çəkirdim, iki il xəstəxanalarda yatdım, amma xeyri olmadı, əsa ilə güclə gəzirdim. Sağ olsun yaxşı insanlar, Naftalan haqqında danışdılar, o vaxta qədər istifadə etmədiyim təbii üsul qalmamışdı. İki ay idi ki, tərpənə bilmirdim, ora əsa ilə gəlmişdim, cəmi 3 vannadan sonra yeriməyə başladım. Ağladım, çünki sağalmağa ümidim artdı. İndi yaxşıyam, yeriyirəm. Bu möcüzəli yer haqqında hamıya, bütün dostlarıma danışıram. Deyirəm ki, Azərbaycanda elə bir yer var ki, ölünü belə dirildir. Bura Tanrı möcüzəsidir”.

 

Naftalan nefti prezident qanunundan sonra dirçəldi

1992 – 2003-cü illər Naftalan sanatoriya kurort birliyinin 5 sanatoriyasında Ermənistandan gələn qaçqınların və Qarabağ köçkünlərinin yerləşdirilməsi kurortun işini demək olar ki, iflic halına salmışdı. Şəhərin cəbhə xəttinə yaxın yerləşməsi düşmən təbliğatı ilə birlikdə müalicəyə gələn xəstələrin sayının, 10 dəfələrlə azalmasına səbəb oldu.

Lakin sonralar problemlər tədricən həll edildi, ölkə prezidentinin “Regionların iqtisadi inkişafı haqqında” fərmanı, “Kurortlar haqqında” qanunun qəbulu, “Kurortların inkişaf proqramı”nın qəbulu Naftalan kurortunun keyfiyyətcə yeni bir istiqamətdə – özəl sektorun inkişafını təmin edəcək bir istiqamətdə yenidən qurulmasına səbəb oldu. İndi Naftalan nefti ilə müalicəyə gələnlər yüksək xidmətlə rastlaşırlar. Qonaqlar üçün müayinə və müalicə kabinetləri, yeməkxana, idman zalı, namaz otağı, kompyuter otağı, kişi və qadın salonu kimi xidmət sahələri fəaliyyət göstərir. Yeməkxanalarda gündə 3 dəfə xəstələrə Azərbaycan və Avropa mətbəxinin yeməkləri təqdim olunur.

 

Naftalan neftindən möcüzə yaradan rəssam

Gürcüstan və Azərbaycan Rəssamlıq İttifaqının üzvü, rəssam Sabir Çopuroğlu rəssamlıq sənətinə gətirdiyi maraqlı ideya ilə tanınır. Haqqında bir çox ölkə mətbuatında “neft ilə möcüzə yaradan rəssam” təqdimatı ilə yazılar yayımlanıb. Rəssam əsərlərini əlləri və dırnaqları ilə çəkir.

O Naftalan nefti haqqında eşidəndən sonra onu fərqli bir istiqamət üzrə yoxlamaq niyyətinə gəlir. O Naftalana gedir və bir neçə litr neft götürərək qayıdır: “Naftalan neftini əllərimə götürüb rəsmlərimi onunla çəkirəm. Mənə böyük rahatlıq və enerji verir. Bu neftin dünyada analoqu olmadığı kimi, bu neftlə yaradılan rəsm əsərlərinin də analoqu yoxdur. Fəxr edirəm ki, bu möcüzə ilə rəsm yarada bildim”.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir