Ramazan ayında oruc tutanlar öz sağlamlıqlarına daha çox diqqət yetirməli, iftar və imsak menyularında daha diqqətli olmalıdırlar. Kifayət qədər və balanslı qidalanmanı qorumaq üçün günün oruc tutulmayan hissəsində qidalanmaq, imsak yeməyini ötürməmək önəmlidir.
Mütəxəssislərin fikrincə, imsaka qalxmamaq və ya imsak vaxtı yalnız su içmək zərərlidir. Çünki bu pəhriz aclıq müddətini təxminən 17 saatdan orta hesabla 20 saata qədər artırır. Belə oruc, qan şəkərinin daha tez düşməsinə səbəb olur.
İmsak yeməyi ağır yeməklərdən ibarətdirsə, gecələr maddələr mübadiləsi sürəti azalaraq, qidaların yağa çevrilmə sürətini və kökəlmə riskini artırır. Buna görə də imsak üçün qalxmaq vacibdir.

Dietoloq Aynur Əhmədova bildirir ki, imsak üçün süd, qatıq, pendir, yumurta və dənli çörəklərdən ibarət yüngül səhər yeməyi və ya şorba, zeytun yağlı yeməklər, qatıq və salatdan ibarət yemək seçə bilərsiniz.
Mütəxəssisin fikrincə, həddindən artıq yağlı, duzlu və ağır yeməklərdən uzaq durmaq məqsədə uyğun olar.
“İftar süfrələrində bir nəfər üçün kifayət edəcək yeməkdən 2-3 dəfə çox yemək ola bilər. İftarda qan şəkəri çox aşağı olduğu üçün qısa müddətdə çoxlu qida qəbul etmək istəyi yaranır. Ən böyük səhvlərdən biri, çox böyük miqdarda qidanı çox kiçik zaman dilimində istehlak etməkdir. Beyin toxluq əmrini yeməkdən 20 dəqiqə sonra verir”-deyə dietoloq vurğulayır.
Mütəxəssis qeyd edir ki, Ramazan ayında maye ehtiyacınızı qarşılamaq üçün gündə orta hesabla ən az 2-2,5 litr (12-14 stəkan) su, həmçinin ayran, təzə sıxılmış meyvə və tərəvəz şirələri,və s. içmək lazımdır.
Aynur Əhmədova bildirir ki, balanslı şəkildə həm enerji verən, həm də qan şəkərini artıran qidaları seçmək lazımdır: “Qril, qaynatma, bişirmə və buxarda bişirmə kimi sağlam üsullarla hazırlanmış yeməklərə üstünlük verilməlidir. Qovrulmuş, qızardılmış və hisə verilmiş qidalardan uzaq durmaq lazımdır”.
“İftardan 1-2 saat sonra qısa gəzintilər etmək həzmə kömək edəcək. Bundan əlavə, yeməklərinizdə yüksək lifli qidalar və qəlyanaltılarınızda təzə və qurudulmuş meyvələr, kompotlar və pörtlədilmiş meyvələr, qoz, fındıq, badam kimi qidaları seçə bilərsiniz”-deyə dietoloq vurğulayıb.
İradə Cəlil











































































































































































