konul Quluyeva

“İşarət dili təkcə eşitmə məhdudiyyətli insanlarla ünsiyyət üçün lazım olmur”

Baxış sayı: 397

Son illər ölkəmizdə fiziki məhdudiyyətli insanlara, o cümlədən, eşitmə və nitq qabiliyyəti zəif olanlara dəstək və onların cəmiyyətə inteqrasiyası məqsədilə müxtəlif səviyyələrdə korporativ sosial məsuliyyət layihələri həyata keçirilir. Hətta ölkəmizdə eşitmə və danışma məhdudiyyətli uşaqlara üçün xüsusi internat məktəbləri də fəaliyyət göstərir. eşitmə və danışma məhdudiyyətli şəxslərin ali təhsildən kənar qalmaması məqsədilə gələcəkdə ali məktəblərdə onlar üçün xüsusi fakültələrin və ixtisasların açılması məsələsi də müzakirə olunur.

Araşdırmalar göstərir ki, işarət dilini mükəmməl öyrənmək üçün uşaq yaşlarından başlamaq daha faydalıdır. İşarət dilini xüsusi əlifbanın, video dərslərin, jest mahnılarının və kursların köməyi ilə öyrənmək mümkündür. Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini, jest dili üzrə təlimçi, tərcüməçi, 2 saylı xüsusi internat məktəbinin müəllimi Könül Quliyeva ilə söhbətimiz də bu mövzudadır.

 

– Könül xanım, bu gün ölkəmizdə işarət dilinə nə dərəcədə ehtiyac duyulur? Bu sahədə gələcək üçün konkret hansısa planlarınız varmı?

– Təşkilat olaraq məqsədimiz ölkəmizdə eşitmə və nitq qabiliyyəti məhdud şəxslərin sosial həyatda başa düşülməsini təmin etmək məqsədilə onların ünsiyyət dili olan jest dilini cəmiyyətdə aktuallaşdırmaq, eşitmə və nitq qabiliyyəti məhdud uşaqların maariflənməsi işinin artırılmasına kömək etməkdir. Bundan əlavə, həm də eşitmə və nitq qabiliyyəti məhdud uşaqların bacarıqlarını qabartmağa, üzə çıxarmağa yardımçı olmağa çalışırıq. Bu məqsədlə bir çox layihələr həyata keçirmişik və təbii ki, bu layihələrimiz indi də davam edir. Bugünkü dövrdə jest dilinə böyük ehtiyac duyulur. Məsələn, kimisi ixtisası ilə əlaqədar – loqoped, defektoloq, korreksiyaedici təlim ixtisasını alanlar, psixoloqlar, kimisi ailəsində eşitmə məhdudiyyətli şəxslər olduğu üçün, kimisi isə sadəcə eşitmə və nitq qabiliyyəti məhdud şəxslərə kömək məqsədilə bu dili öyrənirlər. Bu dili öyrənmək üçün daha çox gənc nəslin təmsilçiləri müraciət edirlər.

 

– İşarət dilinin çətin və səbr tələb edən bir iş olduğunu deyirlər. Bəs bu dili öyrənməyin asan yolu varmı?

– Hər kəsə məlumdur ki, xarici dil öyrənmək necə çətindir. Bunun üçün güc və zaman sərf etmək lazımdır. Jest dilini də heç bir xarici dildən fərqləndirmək olmaz. Çünki jest dilinin də özünün əlifbası (Daktil əlifbası) və qrammatikası var. Jest dili eşitmə məhdudiyyətli insanların üsniyyət dilidir, Daktil əlifbası, mimika və jestlərdən ibarətdir. Psixoloqların fikrincə, insan danışarkən verdiyi informasiyanın 60 faizini jestlərlə, 40 faizini isə sözlərlə ötürür. Bu o deməkdir ki, jest dili bizə çox lazım olan bir dildir. Bu dildən nəinki eşitmə məhdudiyyətli insanlarla ünsiyyət qurmaq üçün, eyni zamanda insanların çox olduğu yerlərdə (tədbirlər, toylar, konsetlər və s.) heç kimə mane olmadan çox rahat şəkildə ünsiyyət məqsədilə də istifadə etmək olar. Hər bir sahədə olduğu kimi, bu dili də daha asan öyrənmək üçün ilk növbədə istək və sevgi lazımdır. Bir işə istək və sevgi olduqdan sonra həmin işin öhdəsindən çox rahat şəkildə gəlmək mümkündür.

 

– Eşitmə və danışma məhdudiyyətli insanlar gələcəkdə hansısa yüksək və prestijli sahələrdə çalışa bilərlərmi?

– Əslində eşitmə və nitq qabiliyyəti məhdud şəxslər daha çox hanısa peşəyə, danışma və eşitmə tələb etməyən sənətə yiyələnməyi üstün tuturlar. Bunun üçün peşə məktəbləri mövcuddur. Məsələn, onlar arasında çox gözəl rəssamlar, dərzilər, aşpazlar, ayaqqabıçılar, avtomobil ustaları, hətta çox gözəl ssenaristlər var. Mən inanıram ki, gələcəkdə həm dövlətimizin, həm də mütəxəssislərin sayəsində xarici ölkələrdə olduğu kimi daha prestijli sahələrdə eşitmə və nitq qabiliyyəti məhdud şəxsləri də görə biləcəyik.

 

– Ümumiyyətlə, bu sahədə hansı layihələr həyata keçirilir, ya keçirilməsi planlaşdırılır?

– Mən şəxsən öz təşkilatımız adımızdan danışa bilərəm. Biz hər ay Bakı Kitab Mərkəzində məşhurlar, yazıçılar, teleaparıcılar və ictimai xadimlərin iştirakı ilə eşitmə məhdudiyyətli balaca dostlarımız üçün “Oxu saatı” təşkil edirik. Çünki maariflənmə kiçik yaşlarından başlayır və bu qəbildən olan insanların maariflənməsi çox önəmlidir. Bundan əlavə, hər bir şəxs, hər bir uşaq öz hüququnu bilməlidir. Bu məqsədlə İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə “Uşaq hüquqları konvensiyası”nı jest dilinə tərcümə etmişik. Həmçinin eşitmə məhdudiyyətli şəxslər üçün filmlərin, cizgi filmlərinin, nağılların tərcüməsini həyata keçiririk. Hətta F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə eşitmə məhdudiyyətli uşaqlar üçün bir çox nağılları jest dilinə tərcümə etmişik və diskləri ictimaiyyətə təqdim etmişik.

Bundan əlavə, mən sosial klipləri də nəzərinizə çatdırmaq istərdim. Tünzalə Ağayeva, Elnarə Xəlilova, Aygün Bəylər kimi məşhurlarla eşitmə məhdudiyyətli şəxslərin iştirakı ilə sosial kliplər çəkib ictimaiyyətə təqdim etmişik. Azərbaycanda ilk dəfə olaraq eşitmə məhdudiyyətli gənclərin iştirakı ilə Azərbaycan Film Akademiyası və bizim təşkilat tərəfindən “Səssizlik” adlı pantomim tamaşa hazırlanıb ictimaiyyətə təqdim olunub.

Eşitmə və nitq qabiliyyəti məhdud gənclərin gələcəkdə daha rahat peşə seçimi üçün bölgələrdə karyera düşərgələri təşkil edirik. Bu düşərgələr zamanı onlar həm əylənir, həm də təlimlərə cəlb olunurlar. Burada özünü tanıma, xarakter tipinin müəyyən olunması, peşə seçimi etmək, motivasiya və ixtisas seçimi, resume (CV) və motivasiya (istək) məktubunun hazırlanması və s. mövzular tədris edilir, eyni zamanda motor hərəkətlərin inkişafı üçün müxtəlif oyunlar, diqqətin davamlılığının yoxlanılması məqsədilə testlər keçirilir, həm onların dünya görüşü artır, həm də peşə seçimi asanlaşır.

 

– Ölkəmizdə belə insanlara rəsmi səviyyədə necə dəstək göstərilir?

– Ölkəmizin ən böyük dəstəyi eşitmə və nitq qabiliyyəti məhdud uşaqların təhsil alması üçün məktəb və bağçaların fəaliyyət göstərməsidir. Eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşmış Körpələr evi-Uşaq bağçası və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 və 3 saylı xüsusi internat məktəbləri var. Bu müəssisələr Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Biz də hər zaman çağırış edirik, əgər ətrafınızda eşitmə məhdudiyyətli uşaqlar varsa, mütləq onları təhsilə cəlb edin. Bu uşaqların təhsil alması və dünyagörüşünün artması çox önəmlidir.

 

– Bəs onların işlə təmin olunmasında hansısa güzəştlər varmı?

– Bayaq da qeyd etdiyim kimi, eşitmə məhdudiyyətli şəxslər hər hansı peşəyə yiyələnməyi üstün tuturlar və həssas qrup kateqoriyası olduqları üçün onlara bir çox güzəştlər olunur. Amma çox təəssüf ki, hazırda onların ən böyük problemi işsizlikdir. Onlar məhz eşitmə və nitq məhdudiyyəti səbəbindən işsizdirlər.

 

– Ümumiyyətlə, bizdə belə uşaqlar çoxdurmu?

– Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2023-cü ilin əvvəlinə tibb müəssisələrində qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri diaqnozu ilə 26739 nəfər qeydiyyatda olub ki, onların da 12634 nəfərini qadınlar, 8472 nəfərini uşaqlar təşkil edir. Qeydiyyatda olan uşaqların 1236 nəfəri eşitməni tamamilə itirənlər, 2082 nəfərini isə zəif eşidənlər təşkil edir. Eşitmə məhdudiyyətli şəxslər bölgələrdə daha çoxdur. Burada həm genetik faktor böyük rol oynayır, həm də sonradan qazanılma halları da olur. Sonradan qazanılma halları infeksion xəstəliklər zamanı düzgün müalicə aparılmaması və ya antibiotiklərin təsirindən yaranır. Buna görə də mən valideynləri daha diqqətli olmağa çağırıram. Uşaqlardakı məhdudiyyət daha tez bilindikdə eşitməsinin dərəcəsindən asılı olaraq həmin uşaqları koxlear implant əməliyyatına yönəltmək mümkündür. Bəzi valideynlər düşünür ki, əgər övladı koxlear implant əməliyyatı keçirirsə, əməliyyatdan sonra danışacaq və eşidəcək. Bu, əsla belə deyil. Əməliyyatdan sonra mütləq şəkildə loqopedlə valideyn birlikdə əl-ələ verib işləməli, uşağın eşitməsi və nitqi üzərində çalışmalıdırlar. Yalnız ondan sonra müsbət nəticə  əldə etmək mümkündür.

 

– Jest dili ilə ifadə oluna bilməyən hansısa hisslər və ya sözlər varmı?

– Jest dili ilə ifadə edə bilməyəcəyimiz yalnız hiss və duyğularımızdır. Onları da mimika vasitəsilə çatdıra bilirik. Mimika jest dilinin ayrılmaz hissəsidir. Jest dilini mimikasız təsəvvür etmək mümkün deyil. Hətta jest dilində elə sözlər var ki, onlar bir və ya bir neçə məna ifadə edir. Onları yalnız mimikamız vasitəsilə çatdırırıq. Sonda isə demək istərdim ki, gəlin birlikdə jest dilini öyrənək, dostlar. Bu, həm eşitmə məhdudiyyətli dostlarımız, həm də özümüz üçün çox önəmlidir. Unutmayaq, səssizlik fərq deyil, eynilikdir.

 

Havar ŞƏFİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir