qonaqliq

İtirdiyimiz xüsusiyyətlər: qonaqpərvərlik -IV YAZI

Baxış sayı: 406

Özümü, həyatı dərk edəndən bəri evimizdə həmişə qonaq otağı olub. Otağın adı elə beləcə idi, “qonaq otağı”. O otaq evə gələn, gecələyən qonaqlar üçün idi. Ən yaxşı yorğan-döşək, ən keyfiyyətli kilim-palaz, ən gözəl qab-qacaq o otaqda olurdu. Qonaq otağındakı dolabda daim çərəz, şokolad olurdu, qəfil gələn qonaq üçün hazır saxlanırdı. İpək kimi döşəağılar, qar kimi əl-üz dəsmalları, yupyumşaq məstlər, paketi açılmamış qəttəzə alt paltarları – hamısı qonaq üçün hazır saxlanılırdı.

Çox olub gecələr qəfil qonağımızın gəlməyi. Babam göz qırpımında əl havası ilə hindən toyuq-cücə kəsər, nənəm 10 dəqiqədə o çolpaları hazır edib süfrəyə gətirərdi. O vaxtdan 30-35 il keçib, indi özüm bir evin anasıyam, amma həmişə nənəmin o cəldliyini xatırlayıram, əli-ayağı görünmürdü evimizə qonaq gələndə. Qonağın təri soyumamış süfrə düzülər, ən əziz nemətlər ortalığa gələrdi. Qonaq evin göz muncuğu, uğuru, bərəkəti idi. Yemıkdən sonra babam hamamın sobasına od vurar, yoldan gələn qonaq hamamlanıb rahatlanardı.

Bir neçə kitabın müəllifi olan bir yazar xanımla yol yoldaşlığımız olmuşdu illər əvvəl. Söhbətləşmə əsnasında söz-sözü çəkdi, qonaqvərlikdən bəhs etdik bir az. Heç sevmədiyini, qonaq qəbul etməyin əziyyət və istismar olduğunu dedi. O vaxtadək heç bu barədə fikirləşməmişdim. Həqiqətən qonağa qulluq etməyi istismar hesab edənlər varmış. Bəs siz hansındansınız? Qonağın gəlişinə sevinən, ən əziz təamları süfrəyə düzənlərdən, yoxsa vaxtsız qapı döyülməsindən, qonaq gəlişindən narahat olanlardan?

Qonaqpərvərlik bu gün unudulmaq üzrə olan, gənc nəsil üçün də heç xatırlanmayan ən mühüm milli dəyərlərimizdən biridir. Qonaq evin neməti hesab edilirdi, qonaq qəbul etmək şərəf sayılırdı, qonağın duasının qəbul olunacağına inanılırdı. Qonaqpərvərlik təkcə adət və ənənə deyil, həm də Allaha ibadət növü sayılırdı. Qəfildən gələn qonaq ev sahibinin tanımadığı biri olsa belə ev sahibi tərəfindən “Allah qonağı” deyə qəbul edilir, hörmətdə, qulluqda heç bir əskik olmazdı.

Qonağın kim olmasının, hansı inanca sahib olmasının da fərqi yox idi. Gələn “Allah qonağı”, yəni Tanrının göndərdiyi qonaq sayılırdı. Çox xatırlayıram evimizdə yad adamların gecələdiyi günləri. Kəndimizə nəsə satmağa gələnlər, iş-güc dalınca gəlib gecəyə düşənlər, gəldiyi evin sahibini evdə tapmayanlar, yolu azıb gələnlər də vardı onların arasında. Xatırlayıram, bir dəfə qaraçı qadınlar qalmışdı evimizdə. Onlar adətən fala baxmağa, dilənməyə gəlirdilər bizim rayonumuza. Bir gün axşamçağı girdilər həyətimizə, nənəm onları çaya, yeməyə qonaq elədi, torbalarını azuqə ilə doldurdu. Qadınlar gecələməyə yerlərinin olmadığını dedi, qaraçı olduqları üçün nənəm çəkindi bir az. O vaxtlar qaraçıların ev sahiblərinə bihuşdarı verdib ev yardıqları, mal-mülk taladıqları barədə çox şey eşidirdik. Amma yadımdadır, babam “qonaq allah qonağıdır” dedi, nənəmə qonaq otağını açmağı tapşırdı. Onlar gecəni bizdə qaldılar, sabah sübh üzü nənəmin süfrəsində qəlyanaltı edib babama, nənəmə dua edə-edə getdilər. Gedərkən babam onların heybəsinə hindən iki çil-çil çolpa da qoydu.

Dünyanın istənilən yerində ev sahibi ola bilərsiniz, qonşularınız, tanışlarınız çox ola bilər, lakin buradakı kimi qonaqpərvər mühit tapmaq çətindir. Məsələn, çətin ki, o ölkələrdə qonaqlar gəlməmişdən bir az əvvəl evdə hamı bir-birinə dəysin, ortalığın səliqəyə salınması üçün ana uşaqlara tapşırıq versin, ata alınacaq şeylər üçün mağazaya qaçsın. Çətin ki, başqa ölkələrdə qonaq üçün ev başmaqları alınıb hazır saxlansın, evin xanımı cehizindəki ən qiymətli qab-qacağı qonaq üçün istifadə etsin.

Günümüzdə bu adətimiz də digərləri kimi yox olmaq üzrədir. Bəzən insanları qınamaq da olmur, maddi problemlər qonaqpərvərlikdən də çox şeyi azaltdı, əskiltdi. Qonağı layiqincə qarşılamağa imkanı olmayanlar üçün qəfil qonaq gəlməsi utanmaq demək oldu, xəcalət demək oldu. Ev sahibləri qonaqdan utanmaqdan, yanında xəcalətli qalmaqdan qorxdu.

Qonaq qəbul etmək qədər qonaq getmək də azaldı, yox deyiləcək qədər oldu. Qonaq getdiyi evdə gülər üz, xoş münasibət görə bilməyənlər bir də qonaq getmək fikrinə düşmədilər. Əvvəl bütöv çörəyini qonşusu ilə bölənlər azaldı, hərə bir qab yeməyini öz evində önünə qoyub yeməyi daha doğru hesab etdi. Paylaşmaq, yardımlaşmaq kimi xüsusiyyətlər də beləcə itib getdi.

Söz vaxtına çəkər deyiblər, xatırladığım xatirələrdən biri də ilaxır çərşənbədə süfrələrimizi birləşdirmək adətimiz idi. Gənc qızların, yeni evli gəlinlərin ən sevdiyi qonaqlıq bu idi. Sonuncu çərşənbə hərəmiz evimizdən ən ləziz təamlardan götürür, bir yaşıdımızın evinə yığışardıq. Birimiz şəkərbura, birimiz qoğal, birimiz paxlava, birimiz boyanmış yumurta, birimiz bayram aşı, o birimiz turşu, digərimiz kompotla gedirdik o süfrəyə. O gecə yatmırdıq, sabahadək gah süfrə başında olardıq, gah tonqal ətrafında. Qonaq yığışdığımız evin kişisi o gecə evində qalmırdı, qız-gəlin rahat olsun deyə qohum evində gecələməyə gedirdi. Qonağa olan hörmət, ehtiram idi bu.

Türk xalqlarında, eləcə də bizdə bir adət var – gələn qonağı duz-çörəklə qarşılamaq. Bu gün ölkəmizə rəsmi səfərə gələn dost ölkə liderləri də bu cür qarşılanır, ən əziz adamın pişvazına çıxır duz-çörək. Duz süfrənin dadı, çörək isə bərəkəti – ikisi də gələn qonağın xətrinin nə qədər əziz olduğuna işarədir. Həmçinin, el arasında “qonaq qisməti ilə gəlir”, “qəfil qonaq 10 adamın ruzisini gətirir, 1-ni yeyir, 9-nu ev sahibinə hədiyyə edir” kimi məsəllər də var. “Kitabi Dədə Qorqud” dastanında da qonaqpərvərlik, öz malını başqaları ilə bölüşmək ərənlik, igidlik əlaməti sayılıb. İl boyu evi qonaq-qaralı olan Salur Qazan ildə bir dəfə nəyi var, nəyi yox, başqalarına peşkəş edərmiş. Qazan xan həmin gün Boyu Uzun Burla Xatunun əlindən tutub evindən çölə çıxar, oğuz elinin əhlinə evindən ürəkləri nə istəsə götürə biləcəklərini deyərdi.

Qonaqpərvərlik bu torpaqlarda var olan yüzlərlə gözəl adətdən biridir. Şərt deyil gələn qonağa üzərində min cür naz-nemət olan süfrə açasan, quş südü, can iliyi qoyasan. Gülərüzlə süzülən bir stəkan çay, açıq ürəklə təklif edilən yavan çörək belə qonaq üçün nemətdir, nemət olmalıdır. Bir süfrə ətrafında toplaşmaq, hal-əhval tutmaq, söhbətləşmək üçün çeşid-çeşid yeməyə, löyün-löyün təama ehtiyac duyulmamalıdır. Axı məqsəd yeyib-içmək yox, sosiallaşmaqdır, ünsiyyətdir. Ünsiyyətsizliyin pik nöqtəsinə yüksəldiyimiz dövrümüzdə maddi maraqlar üzərində qurulmayan, təmənna güdülməyən bütün münasibətlər cəmiyyət üçün vacibdir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir