qohum evliliyi

Qohum evliliklər hansı probemlərə səbəb olur? – ANALİZ

Baxış sayı: 459

Dünyada qohum nikahların sayı azalmaq əvəzinə getdikcə artır. Təsəvvür edin ki, dünya üzrə bağlanan nikahların 20 faizə yaxını qohumluq əlaqələri olan nikahlardır. Faiz nisbəti ilə götürsək hər il dünyada doğulan körpələrin 8.5 faizi qohum nikahlarından doğulan körpələrdir. Azərbaycan kimi qohum nikahlara üstünlük verən ölkələrdə fiziki qüsurlu uşaqların doğulma tezliyi də sıx-sıx rastlanır.

Qohum nikahlarına görə dünya ölkələri arasında liderlik edən ölkələr Hindistan, Misir və Türkiyədir. Türkiyədə bağlanan nikahların 30 faizi qohum nikahlarıdır. Azərbaycana gəldikdə isə, ölkəmizdə bağlanan hər 100 nikahdan 20-si qohum nikahıdır. Bu dünya miqyasında yüksək göstəriclərdən sayılır.

Bizdə çox maraqlı bir el məsəli də var, deyir ki, “qızın yaxşısını yada vermə, heyifdir, pisini də vermə, eyibdir”. Və ya “qohum ətini yesə də sümüyünü çölə atmaz” tipli məsəllər var. Bunlar isə bu tendensiyanın davam etməsində milli psixoloji təsirin rolunun böyük olduğunu göstərir.

Ölkəmizdə qohum nikahları bir çox səbəbdən bağlanır. Birinci səbəbi qohumdan qız almaqla evdə sabitliyi qorumaqdır. Belə düşünülür ki, əgər qohumdan qız alınsa evdə qaynana-gəlin konfilikti olmaz. İkinci səbəbi odur ki, qohumla qohum olanda toy və nişan xərclərində qarşılıqlı güzəşt olunur. Qohumdan alınan qız bahalı kürk istəməyə, brilliant qaşlı boyunbağı istəməyə utanır. Qızın ailəsi oğlan tərəfin daha dəbdəbəli toy etməsini tələb etmir, oğlan evi daha cah-cəlallı cehiz istəmir, çünki arada qohumluq var, çəkinirlər. Üçüncü bir səbəb də odur ki, tərəflər qohumluq əlaqələrinin daha da möhkəmlənməsi üçün qohum nikaha üstünlük verirlər. Daha bir səbəb isə odur ki, indiki dövrdə insanlar çox dəyişib, onları tanımaq çətindir, qohum uşaqlarını isə lap körpəlikdən gözlərinin qarşısında böyüdüyü üçün yaxşı tanıyırlar.

Problemi aradan qaldırmaq çox çətindir. Çünki insanların çoxu qohum nikahların fəsadları barədə məlumatlı deyil, bu haqda alimlərin, həkimlərin dediklərinə isə qulaq asmır. Məlumatları olanlar da bunu heç vecinə də almır. Üstəlik gözlərinin qarşısında digərlərinin belə nigahlardan qüsurlu uşaq dünyaya gətirdiklərini gördükləri halda. Bu haqda onlara deyiləndə isə, cavab verir ki, sən Allahdan çox bilirsən? Hər bədbəxtliyi Allahın adına yazmaq çıxış yolu deyil. Allah sənə ağıl verib, dərrakə verib, bilmirsən soruş öyrən, gör dünyada nə qədər əlil uşaq var ki, valideynləri yaxın qohumdur.

Azərbaycanda əlillərin və fiziki qüsurluların (anadangəlmə kəkələmə və s.) 1/3-i məhz qohum nikahlarından doğulanlardır. Bu insanların günahı nədir? Savadsız valideynin cəzasını körpələri çəkir. Qohum nikahlar bacı-qardaş evliliyi kimi bir şeydir. Çünki onlar eyni genin daşıyıcılarıdır. İrsi xəstəliklər də məhz bu qohum nikahlarından sonra inkişaf edir.

Bu sahədə maarifləndirmə işləri heç bir nəticə vermir. Problemin həlli yalnız məcburi qaydada mümkündür. Qadağa tətbiq edilməsə bizim ölkədə də vəziyyət kritik olacaq. AR Ailə Məcəlləsinə görə, qohum nikahları ölkəmizdə qadağandır. Amma orada 1-ci dərəcəli yaxın qohumlar- valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş və bacılar nəzərdə tutulur. Yaxşı olar ki, bu siyahıya əmi, bibi, xala və dayıuşaqlarını da əlavə etsinlər.

Ölkəmizdə böyük bir Talessemiya Mərkəzi tikilib, bilirsinizmi niyə? Talessemiya ağır irsi qan xəstəliyidir. Əgər qohum nikahı bağlayan hər iki fərdin bu irsi xəstəliyi varsa xəstəlik onların uşaqlarında özünü büruzə verir. Ailə tanıyıram ki, 3 uşağı var, 3-ü də talessemiya xəstəsidir. Çünki qohum nikahdır. Yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlar genetik xəstə olurlar. Əgər əvvəllər də eyni nəsildə yaxın qohumlar arasında nikahlar bağlanıbsa, uşağın xəstə doğulması riski daha da artır. Beləliklə nikaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir.

Normalda əmiuşaqları, xalauşaqları, bibiuşaqları və dayıuşaqları bir növ bacı-qardaş sayılmalıdır. Üstəlik, ailə qarşılıqlı sevgi üzərində qurulmalıdır, qohum olduqlarına görə deyil. Təcrübə də göstərir ki, qohum evliliklərin çoxu bir-birini sevmir, valideynlərinin təkidi ilə evlənmiş olur ki, bu halların da çoxu boşanma ilə nəticələnir.

Son illərdə bir qədər azalsa da, hələ də ciddi bir paya sahibdir. Gənclərə indi daha çox sərbəstlik verilıməsi, onların həyat yoldaşı seçmə işinə valideynlərin çox qarışmaması qohum evliliklərini azaldır, lakin bu da başqa bir problemə səbəb olur ki, o bu yazının mövzusu deyil. Söhbət gənclərin ötəri hiss əsasında, bir-birini yaxından tanımadan, bir-birinin mənəvi tərəflərinə yox, maddi cəhətlərinə üstünlük verməklə qısa müddətdə evlənməsindən gedir ki, bu daha geniş bir mövzudur. Bu haqda növbəti yazımızda danışacağıq.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir