menzil

“JEK”lər də istəyir, bələdiyyələr də – Vətəndaşlar pulu kimə verməlidir?

Baxış sayı: 143

Artıq bir müddətdir ki, paytaxt sakinləri iki fərqli qurumun onlardan əmlak vergisi tələb etdiyindən şikayətlənirlər. Sakinlərin sözlərinə görə, həm Mənzil-Kommunal İstismar Sahələri (MKİS), həmçinin də bələdiyyələr tərəfindən onlara borc bildirişi gəlir. Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 27 ünvanındakı yaşayış binasındakı mənzillərin də hər birinə Mənzil İstismar Sahəsi (MKİS) tərəfindən əmlak vergisinin ödənilməsi ilə bağlı bildiriş gəlib. Sakinlər az keçməyib ki, eyni bildirişi ərazi üzrə bələdiyyədən də alıblar. Belə halda sakinlər əmlak vergisini hansı quruma ödəməli olduqlarını bilmədiklərini söyləyirlər.

Yasamal bələdiyyəsinin keçmiş vergi şöbəsinin müdir müavini Vüqar Atakişiyev bildirir ki, hazırkı vəziyyətdə vətəndaşlar MKİS-lərlə bələdiyyələrin arasında qalıb. V.Atakişiyev deyir ki, bələdiyyənin topladığı vergi əmlak vergisidir. MKİS-lər isə ancaq ev pulu və məişət tullantısına görə ödəniş tələb edə bilərlər. Həmsöhbətimiz deyir ki, əmlak vergisi MKİS-lərə yox, ərazi üzrə bələdiyyəyə ödəməlidir: “Sadəcə olaraq bina MKİS-in balansında olduğu üçün binanın saxlanılması üçün sakinlərdən çox cüzi məbləğdə ödəniş tələb olunur”.

Bələdiyyə üzrə ekspert Vüqar Tofiqli bildirir ki, bələdiyyələrin sakinlərdən tələb etdiyi əmlak vergisi qanunvericiliklə müəyyən edilmiş normadır. Onun sözlərinə görə, qanunla bələdiyyənin maliyyə istiqamətlərindən biri də, əmlak vergisinin toplanılmasıdır: “Vətəndaş necə işlətdiyi elektrik enerjisinə, suya görə ödəniş edirsə, əmlak vergisini də elə ödəməlidir. Onun əmsalları normativ hüquqi sənədlərdə öz əksini tapıb. Vətəndaşın vəzifəsi odur ki, həmin bildirişə görə vergini ödəsin. Əks halda, onun üzərinə faiz gəlir. İkinci məqam vətəndaşlardan MKİS-lər tərəfindən tələb olunan mənzil haqqıdır. Bu rüsumun yığılması MKİS-lər tərəfindən həyat keçirilir. Bu qanunvericilikdə də öz əksini tapıb. Amma maraqlı məqam ondadır ki, MKİS-lər o vergiləri nağd şəkildə toplayırlar. 2014-cü ildə yerli vergilərin nağdsız yığılması prezidentin sərəncamı ilə qadağan olunub. Amma bu günədək MKİS-lər nağd vəsaitin hesabatını vermirlər. Bilinmir ki, sakinlərdən alınan bu rüsum hara xərclənir. Bələdiyyələr yarım ildən bir hesabat verirlər. Amma MKİS-lər bunu etmirlər”.

V.Tofiqli deyir ki, Bakı şəhərində 206 MKİS var. Onlar rayon icra hakimiyyətlərinin tərkibindəki Mənzil-Kommunal Təsərrüfat Birliklərinə tabedirlər. Bu qurumlar isə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır.

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil İstismar Təsərrüfat Departamentindən isə telefonun dəstəyini qaldıran olmadı.

Qeyd edək ki, yeni yaşayış binalarında yaşayanlar isə yaşayış sahəsinə görə üç fərqli quruma ödəniş edirlər. Özəl mülkiyyətə sahib olan vətəndaşlara əmlak vergisi ödəmələri barədə bələdiyyələr tərəfindən bildiriş göndərilir. Bu bildirişlər isə hər ay mənzil-tikinti kooperativlərinə (MTK) ödəniş edən vətəndaşların narazılığına səbəb olur. V.Tofiqli deyir ki, yeni binalarda özəl mülkiyyətə sahib olan vətəndaşlar da qanunvericiliyə əsasən bələdiyyələrə olan əmlak vergisini ödəməlidirlər. MTK o səlahiyyəti müəyyən mənada qanunsuz olaraq mənimsəyib və həyata keçirib. Əslində, sözügedən binalarda yaşayan sakinlər özləri “mənzil müştərək cəmiyyəti” yaratmalı və binanın idarəedilməsi həmin cəmiyyət tərəfindən həyata keçirilməlidir”, – deyə V.Tofiqli bildirir.

Sakinlərin narazılığına səbəb olan əsas məsələlərdən biri isə onlardan tələb edilən əmlak vergisinin fonunda nə MİS-lərin, nə də ki, bələdiyyələrin heç bir xidmət göstərməməsidir. Danılmaz faktdır ki, bu gün nə MİS-lər pilləkəni dağılmış binaları təmir edir, nə də ki, bələdiyyələr dağılmış yollara asfalt tökür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir