zorakiliq

Kişilər bir olmur: döyüləni, söyüləni var…

Baxış sayı: 392

Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860 Dəstək Xətti”nə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib. “Dəstək Xətti”nə müraciət edən qadınların sayı isə 112 olub. Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib.

Kişilərə qarşı zorakılıq kişilərə və ya oğlan uşaqlarına qarşı edilən zorakılıqdır. Ümumiyyətlə, kişilər tez-tez həm zorakılığın qurbanı, həm də zorakılığı tətbiq edən rolunda olurlar. Kişilərə qarşı cinsi zorakılığa əksər cəmiyyətlərdə qadınlara qarşı zorakılıqdan fərqli yanaşılır və beynəlxalq hüquq tərəfindən böyük ölçüdə tanınmır. Lakin kişilərin qadınlar tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması qəbul edilir. Kişilərə qarşı zorakılıq həm kişilər, həm də qadınlar tərəfindən törədilsə də, ABŞ Ədliyyə Statistikası Bürosunun məlumatlarına görə, kişilərin kişiləri öldürdüyü qətllər ümumi qətllərin 65,3%-ni təşkil edir.

Ailədə zorakılıq bütün cəmiyyətlərin ortaq problemdir. Bu sahədə aparılan araşdırmalar dünyada hər dörd qadından birinin və hər altı kişidən birinin ailədə zorakılığa məruz qaldıqlarını göstərib. Zorakılıq özünü həm fiziki, həm mənəvi, həm də iqtisadi tərəfdən göstərir. Ailədaxili zorakılığa məruz qalanlar arasında son illər kişilərin sayının artması halları da var.

Ailədə zorakılıq bir çox formada təzahür edə bilər, bunları sıralasaq o zaman aşağıdakı siyahı əmələ gələcək. Yumruq atma, təpikləmə, söyüş, hər hansı soyuq alətlə vurma, odlu silahlarla qorxutma və ya yaralama, zorla evləndirilmə, cinsi əlaqəyə məcbur etmə, evdə dustaq etmə və s. Bunlardan əlavə, ailə üzvlərinə qarşı səs ucaltmaq, başqalarının yanında hörmətdən salmaq, qürurunu qırmaq da zorakılıq sayılır. İqtisadi imkanların məhdudlaşdırılması, yəni maddi sıxıntıya salmaq da ailədaxili zorakılığın bir növü hesab edilir.

Nədənsə, ailədə zorakılıqdan söz düşəndə hamının gözünün özünə əri tərəfindən döyülmüş, üz-gözü göyərmiş, paltarları cırılmış qadın surəti gəlir. Bizim cəmiyyətdə kişilərin ailədə zorakılığa məruz qalmasına inanmırlar, daha dəqiq ifadə etsək əksəriyyət bunu mümkünsüz hesab edir. Bizim ölkəmizdə də zaman-zaman mətbuata, hüquq-mühavizə orqanlarına məlum olan zorakılıq hadisələri olur, amma etiraf etmək lazımdır ki, ölkəmizdə hər 100 zorakılıq halından yalnız bir neçəsi aşkara çıxır. Nə Statistika komitəsinin, nə də AQUPDK-nin verdiyi rəqəmlər reallığı əks etdirmir.

aile

Kişilərin zorakılıq gördüyü cəmiyyətlərdə isə çox vaxt fiziki qüsuru olan kişilər və qocalar bundan əziyyət çəkir. Bu, o demək deyil ki, onlara fiziki güc tətbiq edilir, yox, sadəcə sözlə də zorakılıq olur. Həmçinin, bu iş qabiliyyətini itirmiş və ya yaşlanmış kişilərin ən çox raslaşdığı durumdur. Bəzi qadınlar mübahisə zamanı kişiyə hansısa əşyanı atmaqdan belə çəkinmirlər. Hər hansı bir əşya atmaq, alçaldıcı ifadədən istifadə etmək, təhqir etmək də ailədaxili zorakılıq hesab olunur.

Kişilər ailədə zorakılıq gördüyünü etiraf etmirlər, çünki bu, ətrafın stiqmasına səbəb olur. Amma bəzən də olur ki, bəzi kişilər artıq ətrafda hər kəs bildiyi üçün həyat yoldaşı tərəfindən döyüldüyünü etiraf edir. Əksər vaxtlarda kişilər potensial zorakılıq tətbiq edən hesab edilir. Bunu biz qadınlar əsasən, bioloji olaraq daha güclü olmaları ilə yozuruq. Bəzi hallarda kişilər ailədə daha çox “rəis”lik etmək və hər şeyi öz nəzarəti altına almaq istədikləri üçün zorakılıq tətbiq edirlər. Bəzi hallarda isə qazdıqları quyuya özləri düşürlər. Yəni onların hegemonluq istəyi özlərinin zorakılığa məruz qalmasına yol açır. Kişinin “rəis”liyindən, davranışlarından bezən qadın da ona eynilə davranır.

Başqa səbəblər də var, maddi vəziyyətin zəif olması, psixoloji vəziyyət, həyatından narazı olması və s. Bizim cəmiyyətdə əvvəllər kişinin zorakılığa məruz qalması nadir müşahidə edilsə də, artıq sıradan, adi bir haldır. Düzdür, onlar qadınlar kimi döyülmür, işgəncəyə məruz qalmır, daha çox mənəvi zorakılığa məruz qalırlar. Amma zorakılıq elə zorakılıqdır, fiziki, mənəvi, psixoloji, iqtisadi – hansı cür olursa olsun. Zorakılığa məruz qalan da, zorakılığı tətbiq edən də kim olursa-olsun, hansı cinsdən olursa-olsun, qınanılmalı, stiqmaya məruz qoyulmalıdır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir