Musenber Seferova 3

Koronaviruslu xəstələrlə işləyən həkim:”Hansısa qonşunun dediyi reseptlə…”

Baxış sayı: 978

“Gencaile.az” saytının “Həkimim” rubrikasının qonağı Sumqayıt şəhər 5 saylı uşaq polikilinkasıda və Doktor Az klinikasında pediatr-nevroloq kimi fəaliyyət göstərən Müsənbər Səfərovadır.

 

-Ölkəmizdə koronavirusa yoluxma son günlərdə azalsa da, bu durum bizim üçün təhlükənin arxada qaldığını deməyə əsas vermir. Bir həkim kimi mövcud durumu necə qiymətləndirirsiniz?

–  Bilirsiniz ki, yanvarın 18-də yumşaldılan sərt karantin rejimindən öncə təxminən bir ay idi ki, sərt karantin rejimi hökm sürürdü. Hansı ki, bu sərtləşdirmə koronavirusla mübarizədə bizə xeyli kömək oldu. Xəstəliyə yoluxma sayında azalma müşahidə etdik. Amma sözsüz ki, bu hal bizi yanıltmamalıdır və arxayınlaşmaq olmaz. Yenə qaydalara əməl etmək, maska taxmaq, əlləri tez-tez yumaq və məsafə saxlamaq lazımdır. Qapalı məkanlardan da uzaq durmaq tövsiyə olunur.

 

– Koronavirusun simptomları hər xəstədə fərqli şəkildə özünü göstərdiyindən, müalicə metodları da individual olur. Həkimlər bu müalicə üsullarını necə təyin edirlər?

– Dediyiniz kimi, bu xəstəlik hər kəsdə özünü bir cür biruzə verir. Kimsə simptomsuz keçirir, kimsə yüngül əlamətlər hiss edir, kimsə sadəcə daşıyıcı olur və s. Ən pisi isə odur ki, insanlar xəstə olduğunu bilməyəndə ayrı-ayrı adamlarla daha çox kontaktda olurlar ki, bu da daha çox yoluxma baş verməsini şərtləndirir. Bu baxımdan hamı ehtiyatlı olmalıdır. Müalicə üsullarına gəlincə, təbii ki, müalicə metodları individual olur, çünki xəstələrin orqanizmi eyni olmur və ən əsası koronaviruslu xəstələrin yanaşı xəstəlikləri də olur ki, bu halda da həkimlərdən ikiqat diqqətli olmaq tələb olunur.

 

Musenber Seferova

– Sizcə, insanlar koronavirusun müalicəsində hansı səhvləri edirlər?

– İlk öncə onu deyim ki, koronavirusa yoluxmamış insanlar qabaqlayıcı tədbir kimi sistemlər qoşdurur, antibiotiklər və hormonal  preparatlar qəbul edirlər. Məsələn, hansısa qonşunun dediyi reseptlə və ya tibbi savadı olmayan kiminsə məsləhəti ilə profilaktik tədbirlər görməyə cəhd edirlər. Amma bunlar heç də profilaktik tədbir deyil. Bu xəstəliyin profilaktikasında yalnız vitaminlə zəngin qidaların qəbuluna önəm verilməli, balanslaşdırılmış qidalardan istifadə olunmalıdır. Əlavə olaraq isə sink, selen və vitamin D ilə zəngin qidalara üstünlük verilməlidir və ya bu sadaladığım vitaminlərlə zəngin preparatlar qəbul olunmalıdır. Əgər koronavirusun yüngül əlamətləri varsa, dərhal antibiotik istifadəsi məsləhət deyil. Analiz vermək və əgər cavab pozitiv çıxarsa, sahə həkiminin nəzarətində müalicəyə başlamaq lazımdır.

 

– Koronavirusa yoluxan insanların özünü evdə müalicə etməsi sonradan həkimlər üçün hansı çətinlikləri yaradır?

– Koronavirusa yoluxmuş insanların özbaşına müalicəyə başlaması barədə yuxarıda da danışdıq. Kiminsə həkim nəzarəti olmadan dərmanlar qəbul etməsi sonradan həkimin müalicəsini də çətinləşdirir. Bunu heç kimə məsləhət görmürəm.

 

– Xəstələrin gərginliyi, stressi sizə də sirayət edir. Bunun qarşısında necə tab gətirirsiz? Məncə, bu xəstələrə “Covid” müalicəsi ilə yanaşı ciddi psixoloji dəstək də lazımdır…

– Bəli, bu xəəstələrlə işləmək yüksək enerji tələb edir. Çox stressli və gərgin həyat tərzimiz var. Amma təbii, bu hal qarşısında tab gətirmək bizim borcumuzdur, çünki insan həyatına cavabdehik. Həmçinin bizim üçün şərəfdir ki, insan həyatını xilas edirik. Psixoloji dəstək məsələsinə gəlincə, psixoloji məqam önəmlidir. Bəzi adamlar var ki, bu xəstəlikdən çox qorxur və onlar yoluxanda bu qorxu fonunda ağırlaşmalar da özünü daha çox göstərir. Buna görə də bu xəstəlikdən qorxmaq lazım deyil. Əsas çətinlik bədənin bu infeksiya ilə tanış olmaması, bu virusa qarşı immunitetin formalaşmamasıdır.

 

Musenber Seferova 2

– Deyirlər ki, virusun mutasiyaya uğraması daha təhlükəli vəziyyət yaradır. Yəni bir ay əvvəlki koronavirus xəstəsi ilə indi virusa yoluxan şəxs arasında kəskin fərqlər var. Bu fikirlərə münasibətinizi bilmək istərdik.

– Düzü, hələ ki, ölkəmizdə koronavirusun mutasiyaya uğramasına rast gəlməmişik. Amma müşahidələrimiz onu göstərir ki, yay aylarında yoluxmuş xəstələrlə müqayisədə payızda koronavirusa yoluxan insanlar daha ağır keçirir. Bu da virusun aqressiyasının bir qədər artması deməkdir.

 

– Belə bir fikir var ki, hər kəs koronavirusa yoluxacaq. Siz necə düşünürsünüz, doğurdan da hamımız koronavirusa yoluxacağıq? Bu kimi iddialar nə dərəcədə gerçəkliyə uyğundur?

– Yox, hər kəs koronavirusa yoluxacaq deyə bir yanaşma düzgün deyil. Bu sadəcə bir iddiadır.

 

 Musenber Seferova 1

– Son olaraq insanlara koronavirusdan qorunmağın yolları və xəstəliyin ciddiliyi ilə bağlı müraciətinizi eşitmək istərdik.

– Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, hələ də bu xəstəliyə inanmayanlar var, ancaq reallıq ondan ibarətdir ki, koronavirus bir çox insanın həyatına son qoydu. Bilirsiniz ki, onların arasında tibb işçiləri də var. Çox dəyərli tibb işçilərimizi itirdik. Ümumilikdə xeyli sayda qohum, dost, tanış itkisi ilə rastlaşdıq. İnsanlarımıza bildirmək istəyirəm ki, bu xəstəliyi ciddiyə alsınlar. Dövlətimiz bu xəstəliklə mübarizədə bütün mərhələlərdə lazım olan addımları atdı, ancaq əhali də koronavirusla mübarizədə boşluğa yol verməməlidir. Qaydalara əməl etmək, peyvənd vurdurmaq mütləqdir. Unutmayaq ki, peyvənd digər qoruyucu vasitələrdən istifadə zamanı yol verdiyimiz boşluqları doldurmaq üçün ən yaxşı, ideala yaxın vasitədir.

 

Söhbətləşdi: Mətin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir