ramile Qurbanli

Lənətə gəlmiş adətlər

Baxış sayı: 665

Hərdən “lənətə gəlsin belə adəti” demək istəyirəm, amma sözlərimi dişlərimin arasında sıxıb əziyyət verirəm, çıxmağa qoymuram. Niyə? Çünki bu da adətimizdir. Lənətə gəlmiş adət.

İndi mühafizəkarlar qılınclarını sıyırıb üstümə gəlməyə hazır olacaqlar – bu fikri oxuyan kimi. Tələsməyin, lütfən, görün nə demək istəyirəm, bəlkə ürəyinizdən olacaq?!

Bəzi məsələlərdə mən də sizin yanınızdayam-mühafizəkaram. Məsələn, “böyük-kiçik yeri bilmək”, böyüyünə hörmət, kiçiyinə diqqət göstərmək lazımdır. Əks halda, sabah sənin özünə heç kim hörmət qoymayacaq.

Böyük qapıdan girəndə kiçik ayağa qalxmağa məcbur deyilsə də əgər oturmağa bir yer varsa, kiçik onu böyüyə verməlidir, özü ayaq üstdə qalsa da olar-bunu da qəbul edirəm və özüm şəxsən belə də hərəkət edirəm.

Evdə kişini hörmətə mindirən də qadındır, hörmətdən salan da-bunu da düzgün “fəlsəfə” hesab edirəm. Ümumiyyətlə, bir çox adət-ənənələrimiz var ki, bunun olması ilə fərəh duyuram, yavaş-yavaş sıxışdırılıb unudulmasına heyfsiləndiyim adətlərimiz də var.

Di gəl, bu toy adətimizin zaman-zaman aşılanıb gəlib bu iyrənc vəziyyətə salınması məni yandırır.

Bu yaxınlarda toyda idim. Ağız deyəni qulağın eşitmədiyi, zövqsüz-səviyyəsiz mahnıların tüğyan elədiyi, ağsaqqalların içib dinləməli saz havasına əl götürüb oynamağa çalışdığı (o musiqiyə oynamaq olmur), yeməklərin urvatsızcasına üst-üstə yığılıb tökülüb qaldığı (bağışlasın ərzaq məhsulları-zibil kimi) bir toyda.

Nə var, nə var, desinlər ki, filankəsin toyunda yeməklər tökülüb qaldı (hansı səbəbdən o qədər əhəmiyyətli deyil). “Desinlər ki”, “deməsinlər ki” – görk üçün eləmək adətimizdən zəhləm gedir. Bax, bu qəbildən olan adətlərimiz lənətə gəlsin, inşallah!

 

Ramilə Qurbanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir