Naile Huseynova

Loqopedlərin bəziləri işini bilmir – MÜSAHİBƏ

Baxış sayı: 775

Son dövrlərdə valideynlərin tez-tez yaxşı loqoped və ya defektoloq axtardığını eşidirik. Bəs yaxşı loqoped və ya yaxşı defektoloq necə olmalıdır? Onların yaxşısını pisindən, peşəkarını qeyri-peşəkarından necə ayıra bilərik? Ümumiyyətlə, loqopedin defektoloqla fərqi varmı? Əslində, defektoloq və loqoped nitq və zehni inkişafında problemləri olan insanlarla işləyən mütəxəssislərdir. Bu haqda daha ətraflı ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nailə Hüseynova ilə danışdıq.

Sovetdən qalma xüsusiləşmiş yanaşma

Sağlamlıq imkanları məhdud insanların təhsili (xüsusi təhsil) çox vacib məsələdir, – deyir Nailə xanım: “Ona görə ki, bizim əsas məqsədimiz bu uşaqların sosiallaşmasıdır. Dünyada olduğu kimi, Azərbaycanda da bu problem prioritetdir. Təbii ki, dövlətimiz bu uşaqların problemlərinə – təhsilinə, inkişafına, müalicəsinə çox böyük qayğı göstərir, yeni reabilitasiya mərkəzləri yaradır. İlk dəfə isə bu ixtisas ADPU-da yaranıb və ixtisaslaşıb. Biz çalışırıq bu cür uşaqlara qarşı sovetdən qalma xüsusiləşmiş yanaşmadan kənarlaşaq, daha çox sosial modelə uyğun addım ataq. Bu yeni yanaşmada hər bir uşağın problemini dərindən bilməliyik ki, təlim vaxtı onu tənzimləyək”.

Loqoped, yoxsa defektoloq?

Mütəxəssis loqoped və defektoloqun fərqindən də danışdı: “Loqoped nitq pozuntuları, yəni kəkələmə, səs tələffüzü, nitq sürət və temp pozuntusu, anadangəlmə dodaq və damaq yarıqları və s. olan uşaqlarla işləyir. O cür uşaqlar loqopat adlanır. Yəni nitqin hər hansı şəkildə pozuntusunu xüsusi pedaqoji sistem və metodik vasitələrlə aradan qaldıran mütəxəssisdir. Bəzən olur ki, valideyn yaş yarımında, iki yaşında uşağı loqoped yanına gətirir ki, uşağım danışmır. Bu, düzgün deyil. Bu yaşda uşaqla loqoped məşğul olmamalıdır. Nitq inkişafının tipik mərhələləri, yaş dövrünə uyğun özünəməxsus inkişafı var. İzah etmək lazımdır ki, nitq 4 yaşına qədər formalaşır və ondan sonra uşaqda hər hansı bir problem varsa, loqopedə müraciət olunmalı, məktəbə qədər bu problemlər aradan qaldırılmalıdır. Tələffüzdə olan problemlər sonra yazıya keçir. Disqrafiya, yəni yazı pozulması yaranır uşaqda. Kəkələmə kimi nitq qüsuru iki yaşında yaranırsa, artıq onun üzərində işlənilməlidir. Autistik spektr pozulmasında isə təkcə loqoped yox, həm də defektoloq işləməlidir. Onlara xüsusi pedaqoq da deyirlər, psixopedaqoq da deyirlər. Defektoloq inkişafetdirici müəllimdir və nitq üzərində yox, uşağın əqli inkişafından tutmuş bütün inkişafı üzərində işləyir. Onlar intellektual pozuntuları olan – daun, autik, serebral iflicli uşaqlarla məşğul olurlar. Ümumiyyətlə, uşaqlara kompleks şəklində – tibbi, psixoloji, pedaqoji təsir olunmalıdır. Pedaqoji təsir deyəndə biz loqoped və defektoloqun birlikdə işləyib problemi aradan götürməsini nəzərdə tuturuq”.

Uşaqlarla adicə düzgün ünsiyyəti bacarmırlar

Hazırda şəhərin müxtəlif yerlərində tez-tez “Loqoped məşğələləri” elanını görürük. Amma onların nə qədər peşəkar olması sual altındadır. Nailə xanım deyir ki, bu sahədə ciddi problemlər var: “Kurs bitirib, sertifikat alır, uşaqlarla məşğul olurlar. Çoxunun bu ixtisasın spesifikasından belə xəbəri yoxdur. Uşaqlarla adicə düzgün ünsiyyəti bacarmırlar, problemə yanaşmanı bilmirlər. Ən böyük dərd isə həmin “loqopedlər”in sonradan təlim keçib kimlərəsə də sertifikat vermələridir. Bizim universitetdə uşaqlara ali təhsil verilir, hər şey öyrədilir. Bundan başqa, universitet daxilində kurslar da var. Ora daha çox valideynlər gəlir. Çoxu da sertifikat alıb –  loqoped olmaq üçün yox, uşaqlarına dəstək olmaq üçün. Bu, çox gözəldir”.

Əgər uşaqda 3 aya heç bir irəliləyiş yoxdursa, valideyn şübhələnməlidir

Nitq pozuntusu, təbii ki, bir aya həll olunan problem deyil, deyir Nailə xanım: “Amma əgər uşaqda bir, iki, üç aya heç bir irəliləyiş yoxdursa, valideyn narahat olmalıdır. Loqopedin qeyri-peşəkarlığından şübhələnməlidir. Əgər mütəxəssisdirsə, metodik yanaşması olmalıdır. Valideyn bilməlidir ki, loqoped, psixopedaqoq kubik, pazl yığmır. Loqoped danışıq aparatı üzvlərini fəallaşdırır, səs qoyur, masaj edir. Loqoped qoyduğu səsi hecada, sözdə, cümlədə, mətndə möhkəmləndirir. Əfsuslar olsun ki, bəzi “loqopedlər” mərhələləri belə bilmir. Səsi qoyurlar, bir-iki söz dedi, vəssalam. Elə olmamalıdır. Səs qoyulmalı, sözün əvvəllində, ortasında, axırında möhkəmləndirilməli, oxşar səslərdən fərqləndirilməlidir. Yalnız uşaq tam hazır olandan sonra bu iş sona çatır. Müəyyən reabilitasiya mərkəzlərində loqoped işini bilmir. Kubik yığdırır elə. Bundan başqa, valideyn bilməlidir ki, məktəbəqədər dövrdə maksimum 20 dəqiqə məşğul olmaq olar. Çünki ondan sonra uşaq yorulur, qulaq asmır. 1 saat məşğələ ancaq valideyn üçün göstəricidir ki, hə, bax, uşağınla bir saat məşğul oldum. Yəni məşğələlər uşağın yaşına uyğun tənzimlənməlidir. Qeyd edim ki, dövlətin reabilitasiya mərkəzlərində peşəkarlar işləyir. Onlar hansı uşağa necə yanaşmağı yaxşı bilirlər”.

Problemli uşaqla yanaşı, onun valideyninə də dəstək olmaq lazımdır 

Nailə xanım deyir ki, hər bir uşağın probleminə fərdi yanaşma lazımdır: “Hamıda nitqi eyni cür inkişaf etdirmək olmur. Biz əqli geriliyi olan heç bir uşağın valideyninə intellektini normaya qədər inkişaf etdirəcəyimizi söz verə bilmərik. Uşağı normaya doğru aparmağa çalışırıq. Uşağın nə qədər potensialı varsa, onu üzrə çıxarıb işlədirik. Amma istənilən halda, əsas sevgidir. Uşaqlara sevgiylə yanaşmaq lazımdır. “Mən neyləsəm də, onsuz da düzəlməyəcək” yanaşması düz deyil. Addım-addım, zərrə-zərrə irəliləmək vacibdir. Bundan başqa, problemli uşaqla yanaşı, onun valideyninə də dəstək lazımdır. Çünki bu cür uşaqların valideynlərinin də psixoloji durumu çox vaxt gərgin olur. Burda maarifləndirmə mütləq olmalıdır. Əgər ailədə problemli uşaq doğulubsa, valideyn birinci bunu qəbul etməli, sonra çıxış yolları axtarmalıdır. Valideynlərin bir qismi isə bunu qəbul etmir. Onları başa salmaq, istiqamətləndirmək lazımdır. Biz burda tələbələrə də bunu başa salırıq. Yəni valideyn, uşaq və müəllim kompleks şəkildə işləməlidirlər”.

 

Xanım Aydın
Fotoqraf: Rüfət Mikayılov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir