aile davasi

Məişət zorakılığı halları hansı səbəblərdən yaranır?

Baxış sayı: 633

Amansızlıqla öldürülən qadınlar tez-tez xəbər mövzusu olurlar. Bəzən belə qətllər narkotik vasitələr, spirtli içkilərin təsiri altında, qısqanclıq zəminində, namus cinayətləri adı ilə törədilir.

Fevralın 13-də belə qətllərdən biri də baş verdi. Elməddin Həsənov 1995-ci il təvəllüdlü həyat yoldaşı Həsənova Laləni və 2014-cü il təvəllüdlü qızı Q.Həsənovanı bıçaqla qətlə yetirdi. Cinayətin başvermə səbəbi kimi atanın psixi problemləri olduğu deyilir. Son sözü isə istintaq deyəcək. Buna bənzər hadisələr tez-tez təkrarlanır. Tərtər rayon sakini Anar Əliyev rayon məhkəməsinin inzibati binasının qarşısında boşanmaq üçün gələn həyat yoldaşı – Arzu Abbasovanı qətlə yetirib. Tural Mustafayev 1997-ci il təvəllüdlü Təranə Mustafayevanı uşaqlarını parkda gəzdirərkən öldürüb. Gülgəz Mustafayeva, Məhəbbət Süleymanova, Könül Bayramovanı da ərləri qısqanclıq zəminində qətlə yetiriblər.

Statistik məlumatlara görə, dünya üzrə öldürülən hər 10 qadından 6-sı, demək olar ki, intim tərəf müqabilinin və ya ailənin digər üzvünün qurbanı olur. Qadın qətllərinin 34 faizini intim tərəf müqabili, 24 faizini ailənin digər üzvləri, 42 faizini ailə üzvü olmayan cinayətkarlar törədir.

Azərbaycanda isə 2020-ci ilin birinci yarısında zərərçəkmiş qadınların sayı 511 nəfər olduğu halda, 2021-ci ildə bu rəqəm 639 nəfərə qədər artıb. 2020-ci ilin birinci yarısında 13 nəfər qadın öldüyü halda 2021-ci ilin birinci yarısında bu rəqəm 20 nəfərə çatıb. Bu da 2020-ci illə müqayisədə qadın qətllərinin 1,5 dəfə artdığını göstərir.

Qadın qətlləri hansı səbəblərdən baş verir? Cəmiyyətimiz bununla bağlı nə düşünür?

Elə bu sualla şəhər sakinlərinə müraciət etdik. Qənaətimiz bu oldu ki, əsas səbəblər kimi sosial şəbəkələr, xəyanət, qadınların ailədə rolunun artması, evə qazanc gətirən qadının yanında kişinin nüfuzdan düşməsi, mental dəyərlər, adət-ənənələrdir.

İmran Mustafayev, şəhər sakini: “Qadınlar kişini çilədən çıxarır. Bir sözünü iki edir. Amma belə şiddət etmək də yanlışdır. Bu, bir az da xəstəlikdən qaynaqlanır. Aranızda bir anlaşılmazlıq varsa da, dön get. Amma seriallarda da görürük ki, qadınlar kişilərin üzərinə necə bağırır, necə çığırır. Bu da kişilərin əsəbləşməsinə səbəb olur”.

Lala Quliyeva: “Belə hallar qısqanclıq üzündən daha çox baş verir. Qadın işləyir, bütün ağırlığı çəkir. Amma kişi onu hələ bir qısqanır da. Hər şey maddiyyatdan başlayır”.

Nazlı Hüseynova (70 yaş): “Mənə elə gəlir ki, indiki şəraitdə insanlarda psixoloji dəyişikliklər gedir. Aqressiya yüksəlir. Elə qadınlarda da, kişilərdə də”.

Əmrah Həsənli (65 yaş): “Şüurlu adam belə bir şey etməz. Geri qalmış, köhnə fikirli insan bunu edər”.

Gülər İbrahimova: “İki aydır yoldaşım rəhmətə gedib. Özümü günahkar hesab edirəm ki, onu xilas edə bilmədim.  Qadınlar gərək kişilərin papağını yerə soxmasınlar. Onlar çox incə məxluqdurlar. Mən istəyərdim ki, qadınlar kişilərin başını uca tutsunlar”.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralının fikrincə, qadınların məişət zorakılığına məruz qalması getdikcə adi hal alır: “Əvvəllər mətbuatda belə hadisələr barəsində oxuyanda təəccüblənirdik. Bizə şok effekti verirdi. Artıq xəbər lentində belə informasiyaları görəndə təəccüblənmirik, çox vaxt heç oxumuruq da. Bəzən deyirlər ki, bunun səbəbi qadından qaynaqlanır, onlar kişiləri məcbur edir. Mən hesab edirəm ki, səbəbi nə olur-olsun, heç bir kişi bir qadını öldürəcək haqqa, hüquqa sahib deyil. Hesab edirəm ki, bu cür vəziyyətlərdə dəfələrlə ağırlaşdırılmış cəza verilməlidir ki, sonrakı dövrlərdə bu cür qətllər təkrarlanmasın. Təəssüf ki, qətl, cinayət törətmək bizim cəmiyyətimizə illərlə aşılanmışdı. Efirlərdə, cinayət verilişlərində qətl törətməyin üsulları, cəsədi necə gizlətməyin yolları, hüquq-mühafizə orqanlarından yayınmaq  barəsində təfərrüatlı verilişlər hazırlanırdı. Hansısa cinayətkarın törətdiyi əməl nümayiş etdirilirdi. Hansısa cinayətə meyilli olan insanlar üçün bu, göydəndüşmə idi. Onlar həmin insanın qətli necə və hansı şəraitdə törətməsinə baxırdılar. Suç aləti nə olub, qətli necə yox edib, illərlə gizlənə bilib, izi necə itirib. Buna görə də, o verilişlərin reytinqi yüksək idi. Bu cür verilişlərlə əslində, alt zəmin hazırladılar. Buna görə də belə hadisələr çoxalıb. Mənə elə gəlir ki, qətli törədən səbəblər öyrənilməli, araşdırılmalıdır”.

Mentalitetimiz kişinin xəyanətini bağışlayır, qadın xəyanət edirsə, üstü açılırsa ya boşanır, ya da öldürülür. Başqa sözlə desək, kişi xəyanətinə adi hal – “kişidir, kişiyə olar” prizmasından yanaşılır. Və bir çox kişilər qınaqdan özlərini sığortalamaq üçün törətdikləri əməlin “namus” məsələsi olduğunu deyirlər. Buna nümunə olaraq, dayısının yastıqla boğaraq öldürdüyü Fatimə Məmmədovanın qətli,  4 qızı ilə birlikdə qətlə yetirilən ananın cinayətini misal çəkə bilərik.

Cəmiyyətdə əksər fərdlər qadınları qınaq hədəfinə çevirir, kişilərə isə haqq qazandırır. Yazılan şərhlərə görə, çoxluq öldürəni yox, öləni günahkar sayır. Belə məqamlarda “Görəsən, o, nə etmişdi? – deyirik.

Psixoloq Aytən Ələkbərova deyir ki, insanların bir-birini qavramasında sosial stereotiplərin öz rolu var: “Bu rol məhz sonunda zorakılığamı gətirib çıxarır? Stereotiplərdə müəyyən obyektlər haqqında müəyyən biliklər öz əksini tapdığı halda, nə üçün onların əsas funksiyası heç də bununla bağlı deyil. Bir tərəfdən deyirik öz rolunu tapır, bir tərəfdən də deyirik ki, heç bununla bağlı deyil. Bunun bir mənasını açıqlamaq istərdim ki, bu gün qadın-kişi – gender bərabərliyi haqqında danışırıq. Amma kənardan baxmırıq ki, biz kişilərimizi nə dərəcədə öldürürük. Söz, hüquq azadlığı ancaq qadındadır deməklə kişilərdə qıcıq yaradırıq ki, bu gün qadınlara qarşı zorakılıq baş verir. Mənim öz hüququm var deyib, bunu xaotik şəkildə edirik, şüurlu şəkildə etmirik. Burada yönəlişdə artıq öndə gedən şüurlu və şüursuz addımdır. Bu gün şüursuz addımlar gətirib zorakılıqlara çıxarır. Bu zorakılığın içərisində müxtəlif səbəblər ola bilər. Təkcə burada xəyanəti düşünmək olmaz. Psixi zorakılıq var ki, qadının özündən asılı olmayaraq zorakılıq edir. Ailədə baş verən söz-söhbətlər, “anan bunu dedi”, “bacın bunu dedi”, “qardaşın bunu dedi” və s. Bunun nəticəsində iki insanın münasibətində problemlər yaranır və zorakılıq baş verir. Və yaxud da tərsinə. Kişinin qadına qarşı etdiyi psixi zorakılıq. Bir umacağı olur.  Məsələn, sənin atanda bu var, o istəsə, bunu bizə edə bilərdi və s. Məsələlər o qədər bəsitdir ki… Amma bu bəsitliyin içində birbaş hadisə var. Kişilər zorakılıqla qadını özünə tabe etmək istəyir”.

Son illər saytların manşetinə çevrilən bu mövzuya dövlətimiz də həssas yanaşma sərgilədi. Ötən il ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi də bunun bariz nümunəsidir. Ölkə başçısının fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasını öz nəzarətinə götürməsi də, problemin həllində cavabdeh qurumları məsuliyyətə səsləyir. Gələcəkdən ümidlərimiz, gözləntilərimiz çoxdur. İnanırıq ki, ölkəmizdə qadınların hüquqlarının qorunması istiqamətində əsaslı dönüş yaranacaq.

 

Dilşad XAQANİQIZI 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir