MRT

MRT və KT müayinəsi öldürücüdür?

Baxış sayı: 474

Fövqəladə Hallar Nazirliyi (FHN) tibbi müəssisələrdə MRT və kompüter tomoqrafiyası ilə (KT) bağlı əhaliyə xəbərdarlıq edib. Nazirliyin məlumatında deyilir ki, vətəndaşlar FHN-in həmin cihazlarla bağlı lisenziyasını (razılıq-icazə) almayan tibbi obyektlərdə MRT və KT keçərkən müəyyən risklərə məruz qala bilərlər.

Söhbət normadan artıq şüalanmağa məruz qalmaqdan gedir. FHN insanları habelə müayinədən qabaq tibb ocağından lisenziyanı tələb eləməyi tövsiyə edib. Qurum bir daha xatırladıb ki, tibb müəssisələri ionlaşdırıcı şüa mənbələri olan qurğulardan yalnız qanunvericiliyə uyğun olaraq “xüsusi icazə” əsasında istifadə edə bilərlər. “Əks halda, həmin müəssisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar”, – deyə müraciətdə bildirilir.

Bəs paytaxtda MRT və KT aparatları olan bütün tibb müəssisələri FHN-in lisenziyasını alıbmı?

“Yeni Müsavat” olaraq bu sualla Səhiyyə Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə edən tibb müəssisələri yalnız FHN-nin Xüsusi İcazənin olduğu halda retgenoloji fəaliyyəti üçün lisenziya əldə edə bilərlər: “Xüsusi İcazənin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42 nömrəli Qərara əsasən radioloji-gigiyenik pasport tələb olunur. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisələrinin radioloji-gigiyenik pasportların aparılması Nazirlər Kabinetini. 134 nömrəli Qərara əsasən Səhiyyə Nazirliyini sanitariya-epidemioloji nəzarət xidməti və FHN tərəfindən müvafiq qaydada həyata keçirilir. Eyni zamanda, nəzərinizə çatdırırıq ki, MRT aparatın ionlaşdırıcı şüa mənbəli aparatlara aidiyyəti yoxdur”.

Bəs MRT və KT müayinəsi ümumiyyətlə, nə dərəcədə sağlamlıq üçün zərərlidir, orqanizmi çoxmu şüalandırır? İldə necə dəfə ziyansız şəkildə bu tip müayinədən keçmək olar?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı mütəxəssisi, fleboloq

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzuya bu cür münasibət bildirdi: “Əlbəttə ki, hər bir tibbi fəaliyyət üçün lisenziya tələb olunur. Ölkəmizdə mövcud olan tibb müəssisələri də lisenziyasız fəaliyyət göstərmirlər və bunun mümkün olduğunu da düşünmürəm. MRT və kompüter tomoqrafiyası (KT) kimi xidmətlər radiologiya şöbəsinin tərkibində fəaliyyət göstərir. Və Səhiyyə, eləcə də İqtisadiyyat nazirliklərinin aidiyyəti qurumları tələb olunan standartlara uyğun şəkildə qurulduğuna əmin olduqdan sonra, FHN tərəfindən və yaxud bu qurumun müəyyən bir şöbəsi var ki, onlar da yoxladıqdan sonra fəaliyyətlərinə icazə verilir. Bu icazə həm tibbi personalın işləməsi, həm də pasiyentin qəbulu üçün uyğun hala gəldiyini göstərir.

İkinci bir tərəfdən, cihazların şüa verib-verməməsi ilə bağlı deyə bilərəm ki, kompüter tomoqrafiyasının şüalanma dərəcəsi bir qədər yüksəkdir, tez-tez  istifadəsi tövsiyə olunmur. Lakin bəzi patologiyalar var ki, məsələn, bir sıra onkoloji problemlər, sümük strukturlarında baş verən incə proseslərin dəyərləndirilməsi üçün kompüter tomoqrafiya bəzən əvəzsiz rol oynaya bilir. Belə hallarda bu müayinədən çox az-az istifadə edilməsi tövsiyə edilir.

MRT-nin isə şüalanma faizi minimal dərəcədədir və praktik olaraq  sağlamlıq, şüalanma baxımından zərərli hesab olunmur. Radiologiya şöbəsinə həm də adətən rentgen cihazları olur. Əslində onların şüalanmasının MRT-yə nisbətən daha çox olduğu məlumdur. Rentgen cihazları xüsusən də köhnə model olduqda, onlardan tez-tez istifadə etdikdə, bəli şüalanma ola bilir.

Radiologiya şöbəsindəki digər ultrasəs cihazı isə tamamilə şüasız və təlükəsizdir. Beləliklə, ultrasəs cihazından gündəlik olaraq istifadə etməkdə bir təhlükə yoxdur. MRT ildə bir neçə dəfə ola bilər. Lakin KT-dən mümkün qədər az, ildə bir dəfə, maksimum iki dəfə  keçmək tövsiyə olunur”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir