murad dadashov

Murad Dadaşov birdəfəlik getdi – MÜSAHİBƏ

Baxış sayı: 1. 545

Əməkdar artist, tanınmış şoumen, aparıcı Murad Dadaşov “lent.az”-ın qonağı olub. O, müsahibəsində bir sıra məqamlardan, yeni layihələrindən söhbət açıb.

– Sizcə, sağlam zarafat nə üçün lazımdır?

– Adi bir faktdır ki, zarafat insanların əhval-ruhiyyəsini açmağa xidmət edir. Bununla yanaşı, insana müsbət emosiya da verir. Hətta deyilənə görə, zarafat insanın ömrünü uzadır. Məncə, sağlam zarafat hər bir insan üçün önəmli və vacibdir.

– Bir aktyor kimi efirdəki zarafatların səviyyəsindən razısınız?

– Elə zarafatlar var ki, məni sevindirir, eləsi də var kədərləndirir. Bununla yanaşı “şit” zarafatlar da var ki, insanı digər insandan uzaqlaşdırır.

– Sizcə, zarafatlar əvvəlki səviyyəsini qoruyub saxlaya bilir?

– Hər bir dövrün öz zarafatları olur. Bu o demək deyil ki, əvvəlki zarafatların hamısı yüksək səviyyədədir. Xeyr, təbii ki, onların da içərisində pis olanları, bəyənilməyənləri olub. Ümumiyyətlə, əgər səhnəcik yaxşı alınıbsa, müəyyən bir dövr keçəndən sonra da bəyəniləcək. Məsələn, “Hicran” tamaşası və “KVN”-in tamaşaları.

– Murad Dadaşov yenidən aktyor kimi fəaliyyət göstərəcək?

– “KVN”-də bir daha aktyor kimi fəaliyyət göstərəcəyimə inanmıram. Başqa tamaşalardan, layihələrdən dəvət gələcəksə, onun təşkilatçısı və yaxud layihə rəhbəri olmaq istərəm. Ümumiyyətlə, artıq kadrarxası işlərlə məşğul olduğuma görə, bu sənətə həvəsim azalıb. Son illər daha çox təşkilati işlərlə və prodüserliklə məşğul olmağa üstünlük verirəm. Yəni artıq özümü səhnədə görmürəm.

– Bir nömrəli şoumen Murad Dadaşovdur?

– Mən heç bir zaman deməmişəm ki, bir nömrəyəm. Sağ olsun tamaşaçılar və jurnalistlər, məni hər zaman belə təqdim edirlər. Təbii ki, bu, mənim xoşuma gəlir. Bu sahədə də mənim həmkarlarım var. Məhz onlar inciməsinlər deyə, həmişə tapşırıram ki, ümumiyyətlə, birinci-ikinci məsələsi olmasın. Hər bir aparıcının öz aparıcılıq xüsusiyyəti var. Bunların arasında nöqsanlar da gözə çarpır. Mənim özüm də qüsursuz insan deyiləm. Bilirəm ki, nöqsanlarım da olub. Hətta yaxınlarım mənə nöqsanlarımı, qüsurlarımı deyərkən bunu anlayışla qarşılayıram. Hazırda şoumen kimi Murad Arifi, Şəhriyar Əbilovu, tele aparıcı kimi Zaur Baxşəliyevi bəyənirəm.

– “Maşın şou” yenidən efirə qayıdır?

– Dünyada məşhur bir qida istehsalçısı deyir: “Əgər siz mənim məhsulumu alıb, yeyib, bəyənməmisinizsə, sabah gəlib bu məhsulu almayın”. Ümumiyyətlə, qida sənayesində çox vacib bir göstərici var ki, uğurlu məhsul hər zaman öz keyfiyyətini qoruyub saxlamalıdır. “Maşın şou” da belə məhsullardan biridir. Bu layihə elə bir uğurlu qaydalarla quruldu ki, sonradan onun daxilində heç bir dəyişiklik olmadı. Bu il də belə olacaq. İştirakçılara gəldikdə isə, digər verilişlərdə fəal iştirak etmiş, lakin uğur qazana bilməyənlərdir. Bunların adını isə 9 may tarixində “ANS” telekanalında yayımlanacaq ilk efirdə təqdim edəcəm. Layihə may ayının 28-ə qədər davam edəcək.

Elvin Paşazadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir