aysu Eliyeva

“Nəzarət adı altında uşağı məhdudlaşdırmaq, cəza tətbiq etmək olmaz” – PSİXOLOQLA MÜSAHİBƏ

Baxış sayı: 1. 607

“Gencaile.az” saytı yeniyetmə və uşaq psixoloqu Aysu Əliyevanın müsahibəsini təqdim edir.

 

– Sizcə, hazırda yeniyetmə və uşaqların ən əsas psixoloji problemləri nələrdir?

– Mənə edilən çoxsaylı müraciətlər əsasında deyə bilərəm ki, uşaqlarda nitq və inkişaf ləngiməsi, autizm spektr pozuntuları,davranış pozuntusu və hiperaktivlik probleminə sıxlıqla rast gəlinir. Yeniyetmələrdə özgüvən əskikliyi, dərsə marağın olmaması, qorxu, imtahan həyəcanı və  davranış probləri ilə  tez- tez üzləşirik.

 

–  Uşaq və yeniyetmələrdə psixi, emosional və davranış problemlərinin erkən aşkarlanması və bu yöndə lazımı tədbirlərin görülməsi təəssüf  ki,  Avropa ölkələrinə nisbətən bizdə o qədər də çox valideyn marağında olmur. Bu cür cəmiyyətdə uzmanı olduğunuz tibb sahəsininin mütəxəssisləri, eləcə də sizin üçün iş prosesində nə kimi əlavə problemlər yaranır?

– Diaqnoz və problemdən asılı olmayaraq nə qədər tez aşkarlansa, terapiya prosesi daha əlçatan, səmərəli baş tutar. Erkən müdaxilə hər zaman həyatı xilas edir. Çox təəssüflə bildirirəm ki, valideynlər fərqli səbəblərdən dolayı bizə gecikmiş formada müraciət edirlər. Bu  bəzən bilgisizlikdən baş verir, yaxud da maddi, mənəvi və s səbəblərdən.

 Aysu Eliyeva 1

– Azərbaycanda yeni ailə quran gənclər övlad tərbiyəsinə hazır olurlarmı? Ümumiyyətlə, azərbaycanlı valideynlərin övlad tərbiyyəsini qənaətbəxş saymaq olarmı?

– Azərbaycanda çox az sayda  cütlüklər olar ki, övlad tərbiyəsi, onun qayğısına qalmaq, nəinki maddi eyni zamanda emosional tələbatlarını ödəməyə hazır olsun. Təbii ki səbəblər fərqli ola bilər. Lakin cütlüklər nəzərə almalıdır ki, evlilik tam ciddi və məsuliyyətlə alınacaq qərardır. Fərdlər evliliyə həm maddi,mənəvi, fiziki və psixoloji olaraq hazırlıqlı olmalıdır. Bu hazırlıq yoxdursa, tələsik və yanlış qərar o ailədə doğulacaq övladın əleyhinə olacaqdır.

 

– Uşaq tərbiyəsinin fiziki cəzalar üzərinə qurulması nə qədər düzgündür?

– Fiziki cəza sovet dövrü üçün normal və uşaq tərbiyəsi üçün vacib hesab edilirdisə, hazırda uşaq hüquqlarının pozulması və şəxsiyyətinə edilmiş təhqir olaraq qəbul edilir. Nəinki fiziki cəza, eyni zamanda psixoloji şiddət uşağın mənlik və qürurunun zədələnməsinə, özünəinam, özgüvən əksikliyinə ən pis halda isə gələcəkdə övladına valideynləri kimi cəza tətbiq edən şəxsiyyət olaraq yetişməsinə gətirib çıxaracaq.

 

– Uşaqların zərərli vərdişlərə yiyələnməsinə nələr təsir edir?

– Ümumiyyətlə insan sosial varlıq olduğu üçün onun inkişaf və tərbiyəsində ailə faktoru olduğu kimi, cəmiyyət, sosial mühit və çevrə də öz təsirini göstərir. Fikrimcə uşaqların səhv addımlar atmasının ilkin səbəblərindən biri ailə nəzarətindəki boşluqlardır. Valideyn diqqətindən, qayğısından və nəzarətindən kənar qalan uşaq təbiidir ki kənara meyil edəcək. Düzdür uşaq cəmiyyətdə sosiallaşır. Lakin hər mühitdə uşaq sosiallaşa bilməz. Uşağın inkişafı üçün düzgün və sağlam mühit lazımdır. Əksi olduğu təqdirdə uşağın siqaret, içki və s. zərərli vərdişlərə yiyələnməsi qaçınılmaz olacaq.

 Aysu Eliyeva

– Valideyn nəzarəti hansı yaş dövrünə qədər vacibdir?

– Valideyn nəzarəti 18 yaşa qədər hər övlad üçün vacib amillərdən biridir. Bildirmək istərdim ki, uşaqların keçid dövrü sayılan yeniyetməlik yaşda yəni 11 -16 yaş arasında valideyn nəzarəti xüsusilə vacibdir. Nəzarət adı altında uşağı məhdudlaşdırmaq, cəza tətbiq etmək olmaz. Uşağa əvvəlcədən nə olar , nə olmaz , qadağalar bildirilməlidir. Uşağa qərar qəbul etmək haqqı, seçim haqqı tanımaq mütləqdir. Belə olduğu halda o gələcəkdə azad, müstəqil şəxsiyyət olaraq formalaşa biləcək.

 

Bir psixoloq kimi sizə əsasən hansı problemlərlə üz tuturlar?

– Ən çox müraciət nitq və inkişaf ləngiməsi problemi olur. Təbiidir ki, internet və telefonun həyatımıza daxil olması ilə onun mənfi cəhətləri də qaçınılmazdır. Lakin onu idarə etmək bizim öz əlimizdədir. Uşaq sakit dursun, rahat yemək yesin deyə əlinə telefon verilərək böyüdülən uşaqlarda nitq ləngimələri daha çox görülür.

 

– Uşaq və yeniyetmə psixologiyası ilə işləmək həm də gələcək üçün dəyərli, faydalı şəxsiyyət formalaşdırmaq deməkdir. Aysu xanım, yeniyetməni fərddən şəxsiyyətə doğru aparmaq sizi çox yormur ki?

Peşəmi sevərək icra etdiyim üçün xeyr yormur, əksinə işimin nəticəsini görmək məni daha ruhlandırır. Təbii ki, çətin olan bu yola çıxarkən ailənin dəstəyi önəmlidir. Valideyn- övlad – psixoloq əməkdaşlığı qurulduqdan sonra həll edilməyəcək problem qalmır, əksinə daha tez və gözəgörünən nəticələr əldə edirik.

 aysu 3

– Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?

-Əlbəttə. Bizim sahədə belə bir deyim var. Psixoloqun 2 psixoloqa ehtiyacı var: 1- özü üçün psixoloqa, 2- supervayzerə.

 

Söhbətləşdi: İlahə Atəş

aysu 2

Aysu Eliyeva 1

 




7 şərh ““Nəzarət adı altında uşağı məhdudlaşdırmaq, cəza tətbiq etmək olmaz” – PSİXOLOQLA MÜSAHİBƏ

  1. Aydan Məmmədova

    Xanımın yazıları ilə çoxdan maraqlanıram. Həm axıcılığı, həm elmiliyi ilə yazıları fərqlənir. Düşünürəm savadlı mütəxəssislərimizi daha çox tanıtmalıyıq. Yazılarınız axarlı, elminiz bol olsun dəyərli psixoloq

    Cavabla
  2. Fəridə

    Ana olaraq mənə çox köməyi dəydi bu yazınız. Baxış bucağım dəyişdi. Təşəkkür edirəm öncəliklə. Ölkəmizin savadlı psixoloqlara ehtiyacı var, xüsusilə indiki dövrdə. Hər zaman biliyiniz və uğurlarınızla zirvədə olasınız inşallah

    Cavabla
  3. Turanə Məmmədova

    Azərbaycanda verilişlərdə reklam olunan psixoloqların çoxunun nə biliyi var , nə də diplomu. 2 sözü ard-arda danışa bilmirlər səlis.Amma savadlı peşəkar mütəxəssislərimizi tanıyan belə yoxdur. Kaş Aysu xanım kimi gənc , istedadlı psixoloqları daha çox valideynlər tanısın. Efirlərə , müsahibələrə dəvət alsın. Nailiyyətlərinizin axarlı və bol olması diləyi ilə🌹Səsiniz hər zaman zirvələrdən gəlsin🧡

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir