pul

Nağdsız ödənişlərin üstünlükləri nədir?

Baxış sayı: 510

Son bir neçə onilliyin tendensiyalarına diqqət yetirdikdə, qlobal səviyyədə mübadilə, hesablaşma əməliyyatlarında elektronlaşmaya, həmçinin ödənişlərin nağdsızlaşdırılmasına böyük üstünlük verildiyini görürük. Bu da o zərurətdən irəli gəlir ki, ilk növbədə hökumətlər dövriyyədə olan pul kütləsini artırmaq üçün müxtəlif kağız çapına və yaxud əlavə resurs israfına yol verirlər. Eyni zamanda kağız pulların əzilməsi, saxtalaşdırılması və s. mümkündür.

Bu barədə danışan iqtisadçı Pünhan Musayev bildirir ki, nağd pulların ortaya çıxardığı problemlərdən biri də, müxtəlif alış-veriş mübadilə əməliyyatları zamanı xırda pul probleminin baş verməsidir.

Pünhan Musayev

“Bu gün dünyamız, ayrı-ayrı iqtisadiyyatlar nağdsızləşdırma əməliyyatlarına üstünlük verməklə, bu tendensiyadan, bu çatışmazlıqlardan yaxa qurtarmağa çalışırlar. Beləliklə, bu və digər çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə biz hazırda qlobal səviyyədə müxtəlif mübadilə, hesablaşma əməliyyatları zamanı, nağdsızləşdirmə, elektronlaşma, rəqəmsallaşma kimi axınlara üstünlük verildiyini müşahidə etməkdəyik”,– deyə ekspert bildirib . O, qeyd edib ki, məhz bu məzmunda dünyanın əksər inkişaf etmiş ölkələrində, hazırda elektron pulların hazırlanması ilə bağlı müəyyən işlərin həyata keçirildiyini də görə bilərik.

Bununla belə, pərakəndə ticarət üzrə nağdsızləşdırma tendensiyasının inkişafına baxmayaraq, yenə də bu gün dünyamızda, pul kütləsinin artırılması, həm də dövriyyədə olan nağd pulların həcminin artırılması ilə müşahidə olunmaqdadır.

“Məsələn, Avropada son 20 il ərzində elektron ödənişlərin həcmi baxmayaraq ki, 300 milyon avrodan 7,5 milyard avroya qədər yüksəlmişsə də, dövriyyədə olan nağd avro nominallarının həcmi də 8 milyard avrodan 29 milyard avroya qədər artıb. Həmçinin elektronlaşma nağdsizləşmə tendensiyasına daha çox üstünlüyün verildiyi ABŞ-da da bu dövr ərzində dollar ilə olan nağd vəsaitlərin həcminin 600 milyard dollardan təxminən 3 dəfədən çox artaraq, 2,2 trilyon dolların üzərinə çıxdığını görə bilərik”,– deyə ekspert əlavə edib.

Mütəxəssis bildirir ki, son dövrlər ölkəmiz üzrə bu istiqamətdə müəyyən işlər görülür. İnkişaf etmiş ölkələrin elektron pul təcrübəsindən fərqli olaraq ölkəmizdə nağdsızləşdırma istiqamətində atılan ən ciddi addımlardan biri kimi “ƏDV geri al” layihəsinin tətbiq edildiyini qeyd etmək olar. Rəsmi məlumatlara görə, layihə tətbiq edildiyi vaxtdan hazırkı dövrə qədər 771milyondan çox kassa çeki üzrə 320 milyon manatlıq ƏDV məbləğinin geri qaytarılması müşahidə olunub.

Pünhan Musayev bildirir ki, həm çeklər həm də, vəsaitin yarısı bu ilin geridə qalan dövrünün payına düşür. Bu əməlli tədbirlər isə, ölkədə həyata keçirilən nağdsızlaşdırma strategiyası üçün çox önəmlidir.

“Biz son 10 ilin statistikasına diqqət yerirdikdə görürük ki, ölkədə nağdsızlaşdırmanın səviyyəsini əks etdirən, dövriyyədə olan nağd pulun həcmi ilə manatla geniş pul kütləsinin nisbəti 60-65 faizdən 45 faizin altına qədər geriləyib” – deyən iqtisadçı qeyd edib ki, “ƏDV geri al” layihəsinin tətbiq edilməsi, nağdsızlaşdırma strategiyasından əlavə dövlət büdcəsi daxil olmaları baxımından da öz müsbət effektini göstərməkdədir. Bu məqam dövlət büdcəsinin Əlavə Dəyər Vergisi üzrə daxil olmaları ilə yekunlaşmayıb. Belə ki, həm də,özünü hüquqi şəxslərin mənfəət vergisindən toplanan daxilolmaların məbləğində də əks etdirib.

İqtisadçının sözlərinə görə, 3-4 il öncə dövlət büdcəsinin bu kanal vasitəsi ilə daxilolmalarının məbləği 2,5 milyard manat idisə, bir neçə il ərzində iki dəfədən çox artaraq, hazırda 5 milyar manatın üzərindədir. Bu da “ƏDV geri al” layihəsinin nə qədər uğurlu layihə olduğunun göstəricisi kimi ifadə oluna bilər. Məhz bunu nəzərə alan Azərbaycan hökuməti də zaman-zaman layihənin həm cəlbediciliyini, həm miqyasını artırmaq baxımından müvafiq addımlar atmaqdadır.

“Bununla bağlı son verilən qərarlardan biri olan Əlavə Dəyər Vergisinin geri qaytarılması üzrə müəyyən faiz hədlərinin dəyişdirilməsi idi” – deyən iqtisadçı qeyd edir ki, həm nağdsızləşdırma həm də dövlət büdcəsi daxilolmalarının artırılması belə praktiki addımlar ilə yekunlaşmayıb, xüsusi effektiv tədbirlər tələb etməkdədir. Yəni qısası, bu istiqamtdə müəyyən addımların atılması gözləniləndir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir