sitare Haqverdiyeva

“Qohum nikahları ağır xəstəlikli uşaqların doğulma riskini artırır”

Baxış sayı: 834

“Gencaile.az” saytı Səhiyyə Nazirliyi Respublika Ailə Planlanması Məsləhətxanasının baş həkimi Sitarə Haqverdiyeva qurumun fəaliyyəti və göstərilən xidmətlər barədə müsahibəsini təqdim edir:

 

– Ailə planlanması nə deməkdir və bu proses necə həyata keçirilir?

– Ailə planlanması qadın və uşaqların sağlamlığının qorunması və onlar arasında xəstələnmənin azaldılmasına istiqamətlənmiş tədbirlər kompleksidir.

Bizim Ailə Planlanması Məsləhətxanası (APM) Səhiyyə Nazirliyinin tabeliyində, təsərrüfat hesablı müəssisədir. 20 ildən artıqdır ki, əhaliyə keyfiyyətli xidmət göstərir. Bizim pasiyentlərimiz adi vətəndaşlardır – tələbələr, evdar qadınlar, müəllimlər, ofis işçiləri və s. Onlardan bəziləri daimi müşahidə altındadır, bəziləri “təsadüfən” bizə müraciət edir. Amma bütün pasiyentlərimiz bilir ki, burada onlara əsaslandırılmamış təyinatlar olunmayacaq, aparılan müayinə və müalicə haqqında ətraflı məlumat veriləcək.

Ailə Planlanması Məsləhətxanası reproduktiv sağlamlıq məsələləri ilə məşgul olan müəssisədir. Əsas məqsədimiz əhalinin reproduktiv sağlamlığının qorunmasında dövlət siyasətini təmin etmək üçün profilaktik tədbirləri həyata keçirmək, əhaliyə xüsusiləşdirilmiş ambulator müalicə-diaqnostik və konsultasiya yardımı göstərməkdir.

 

– Məsləhətxana hansı istiqamətlərdə xidmət göstərir?

– Məsləhətxanada bir neçə istiqamətdə işlər aparılır:

– qadın və kişi sonsuzluğunun diaqnostikası və müalicəsi;

– reproduktiv funksiya bərqərar olması zamanı pozulmalar olan yeniyetmələrə tibbi, psixoloji yardım (cinsi inkişafın ləngiməsi, erkən cinsi yetişkənlik, piylənmə, qalxanvari vəzin xəstəlikləri, hiperandrogenemiya, hipotalamik sindrom, şəkərli diabet və s.);

– hormonal disfunksiyaların müalicəsi;

– endokrinopatiyalı qadınların hamiləliyə hazırlanması;

– endokrinopatiyalardan əziyyət çəkən fertil yaşlı qadınlarda ailə planlanmasına, kontrasepsiyaya, arzuolunmaz hamiləliklərin qarşısının alınmasına dair konsultativ yardım;

– əhalinin müasir kontrasepsiya üsulları, abortların zərəri, cinsi yolla ötürülən xəstəliklərin təhlükəsi barədə məlumatlandırılması;

– 40 yaşdan sonra qadınların sağlamlığı (pre- və postmenopauzal dövr, ovarioektomiyadan sonrakı vəziyyət)

– androloqun konsultasiyası;

– irsi və genetik xəstəliklərin aşkarlanması və diaqnostikası

– perspektiv və retrospektiv genetik konsultasiya;

– psixoloji dəstəyə ehtiyacı olan qadın, kişi və yeniyetmələrə psixoloqun konsultasiyası;

– əhali arasında müasir kontrasepsiya üsullarının tətbiqi;

– süd vəzilərinin patologiyasının aşkarlanması

– köməkçi diaqnostik vasitələrin- laborator, ultrasəs və xüsusiləşdirilmiş vasitələrdən istifadə (məs. kolposkop)

Müalicə üsulları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokollarına uyğun aparılır. Məsləhətxanada yüksək ixtisaslı, müxtəlif profilli həkimlər çalışır. Mütəxəssislərimiz daim öz ixtisaslarını artırmaq üçün ölkəmizdə və xaricdə müxtəlif seminar, konfrans, qurultay və b. ixtisasartırma proqramlarında iştirak edirlər, müasir yanaşma üsullarını öyrənirlər.

APM əhalinin reproduktiv sağlamlığın qorunmasında dövlət siyasətinin təmin edir, sonsuzluğun diaqnostika və müalicəsini aparır, yeniyetmələrin reproduktiv sağlamlığının qayğısına qalır, endokrinopatiyalı qadınları hamiləliyə hazırlayır, klimakterik dövrdə olan kişi və qadınlara həyat keyfiyyətlərinin yaxşılaşdırılmasına yardım edir, arzuolunmayan hamiləliyin qarşısının alınması, kontrasepsiya üsulları barədə əhalini məlumatlandırır.

sitare H

– Sizə müraciət edən insanlara ailə planlanması ilə bağlı edilən məsləhətlər hansı şəkildə edilir (fərdi və ya seminar)?

– Məsləhətxanada adətən fərdi şəkildə məsləhətlər aparılır. Amma pandemiyadan əvvəl respublikanın bölgələrinə, təhsil müəssisələrinə mütəxəssislərimiz ezam olunurdu, əhaliyə görülən işlər, aparılan müayinə və müalicələr, profilaktik tədbirlər barədə geniş məlumat verilir, aşkar olunan xəstəliklərin, verilən sualların dəqiq cavablandırılması üçün məsləhətxanamıza dəvət olunur, müayinə və müalicə olunurdu. Bundan başqa, məsləhətxanamızda “Analıq məktəbi” fəaliyyət göstərirdi ki, burada ana olmağa hazırlaşan qadınlara hamiləlik, hamiləlik zamanı qidalanma, doğulacaq körpəyə qulluq və s. məsələlər barədə məlumat verilirdi. Təəssüf ki, pandemiya ilə əlaqədar bu işlərimizə fasilə vermişik.

 

– Ailə planlanması ilə bağlı edilən xidmətlərdə hansı qrup tibb işçiləri iştirak edir və fəaliyyət istiqamətləri hansılardır?

– APM daha çox qadınların müraciət etdiyi müəssisədir və buna görə də əsas həkimlərimiz mama-ginekoloqlardır. Onlardan başqa uroloq-androloq, endokrinoloq, həkim-genetik, psixoloq, pediatr, laboratoriya həkimləri pasiyentlərimizə xidmət göstərirlər.

Nikaha girən gənclər gələcəyin valideynləridir. Ona görə də, döldə inkişaf qüsurlarına səbəb ola biləcək xəstəliklərin aşkar olunması çox vacibdir. Bunlar cinsi yolla ötürülən xəstəliklər, virus infeksiyaları, ətraf mühitin zərərli təsiri, mayalanma zamanı düzgün olmayan həyat tərzidir. Ancaq birinci növbədə əmin olmaq lazımdır ki, siz özünüz sağlamsınız və həyat yoldaşınızı ilk gündən xəstəliyə yoluxdurmayacaqsınız.

Statistikaya əsasən deyə bilərik ki, Azərbaycanda indi də qohum nikahlar kifayət qədər çoxdur. Belə nikahlar anadangəlmə fiziki anomaliyalı və talassemiya, hemofiliya, fenilketonuriya kimi genetik xəstəlikli uşaqların doğulma riskini artırır. Məsləhətxanada gələcək valideynlər nəsildə baş verə biləcək genetik pozulmalar barədə nikahdan əvvəl, ya da heç olmasa hamiləlikdən əvvəl məlumatlandırılır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir