sinif

Sinif otaqlarında xoşagəlməz mənzərə: qadınları buna nə vadar edir?

Baxış sayı: 494

Bir neçə ildir ki, Azərbaycanda doğulan uşaqların cins nisbətində kəskin fərq yaranıb. Yeni doğulan oğlan uşaqlarının sayı qızlardan kəskin şəkildə çoxdur. Azərbaycanda hamiləliyin 12-ci həftəsinə qədər hər hansı tibbi, sosial səbəb göstərmədən aborta icazə verilir. 12 həftədən yuxarı hamiləliyi sonlandırmaq üçün mütləq tibbi göstəriş (ana və ya uşaqla bağlı problemə dair həkim rəyi) olmalıdır. Əks halda, hamiləliyi dayandırmağa icazə verilmir. Nəzərə almaq lazımdır ki, dölün cinsiyyəti əsasən, hamiləliyin 12 həftəsindən sonra məlum olur…

2022-ci ildə Azərbaycanda doğulan hər 100 qıza 112 oğlan düşüb. 2021-ci ildə isə bu rəqəm 100-ün 116-ya nisbətində olub. Mütəxəssislər deyir ki, bu statistika normal hal deyil. Çünki bioloji normaya görə, yenidoğulmuşların cins nisbətində hər 100 qıza 102-106 oğlan düşür. Deməli, Azərbaycanda norma kəskin pozulur.

BMT-nin Əhali Fondunun (UNFPA) araşdırmalarına görə, Azərbaycan hazırda doğulanlar arasında cins seçiminin pozulduğu ölkələr sırasında dünyada birinci yerdədir. Bundan bir neçə il əvvələ qədər isə Çindən sonra ikinci yerdə idik. Təhlilçilərin fikrincə, bu da selektiv abortların (uşağın cinsinə görə edilən abort) nəticəsidir.

abort

“Düzdür, selektiv abortların statistikası aparılmır. Çünki uşağın cinsinə görə abort eləməyin özü qanunsuzdur. Bunu həyata keçirən həkim də bilir. Bunun statistikası aparılmasa da, prosesi təhlil edəndə görünür ki, belə cins fərqi məhz selektiv abortların nəticəsidir. Özü-özünə belə nəticə ola bilməz, mümkün deyil”, – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir.

Yeri gəlmişkən, Azərbaycanda abortların sayı da kəskin artıb. 2022-ci ildə 58 min abort qeydə alınıb. Bu isə o deməkdir ki, 4 il ərzində say 22 min artıb. Rəqəmlər 2021-ci ildə 46 min 877, 2020-ci ildə 34 min 719, 2019-cu ildə 37 min 308, 2018-ci ildə isə 36 min 141 olub.

Mehriban Zeynalova deyir ki, rəhbərlik etdiyi sığınacaqda vaxtilə qız uşağı dünyaya gətirdiyinə görə evdən qovulan qadın da olub. Amma hazırda yoxdur. Bununla belə, o, müşahidələrinə əsaslanaraq hesab ki, bəzən qadınların özləri də qız uşağı dünyaya gətirmək istəmir: “Düzdür, ailəsi, əri tərəfindən buna görə basqıya məruz qalanlar olur. Amma bizim sorğumuz olmuşdu, nəticəsi özümüzü də təəccübləndirmişdi – kişilər daha çox tolerant olmuşdu, nəinki qadınlar. Biz o sualın üzərində düşünməliyik ki, niyə qız uşağı istəməsinlər? Axı biz övlad sevən millətik? Burada qadınların. Qızların təhlükəsizliyi məsələsi meydana çıxır. Cəmiyyət qadının üzərinə çox məsuliyyət yükləyir. Qızların haqqında neqativ fikirlərin yayılması kimi halların da təsiri var. Kişilərlə bağlı müzakirələr aparılmır, amma qadınlarla bağlı nə qədər müzakirələr olur. Mən əminəm ki, bir sıra qadınlar həm də bu cür səbəbdərdən qız uşaqları böyütməkdən çəkinirlər”.

Həkim-ginekoloq Təranə Həsənova deyir ki, abortun zərərləri, mümkün fəsadlarıyla bağlı internetdə kifayət qədər məlumatlar olmasına baxmayaraq, bu halların artması təəssüf doğurur. Məhz selektiv abortların bir sıra hallarda qadının öz iradəsiylə deyil, ailənin basqısıyla baş verdiyini düşünən həkimin fikrincə, bu hallar əvvəllər də olub, gələcəkdə də olacaq: “Bu məsələdə ailə faktoru ciddi rol oynayır. Burada da təkcə bir tərəfi günahlandırmaq doğru olmazdı. Yəni təkcə kişi belə istəyir deyə deyil. Elə qadınlar var ki, mütləq oğlu olmasında israrlıdır. Bundan ötrü hər şeyə hazırdır. Elə ailələr də var ki, orada oğlan uşağının mövcudluğu üçün qadına təzyiq olunur”.

abort

Həkim əlavə edib ki, Azərbaycanda yeni doğulanların cins nisbətindəki pozuntu orta məktəblərin sinif otaqlarında açıq-aşkar görünür: “Sinif otaqlarına daxil olanda uşaqlara nəzər salmaq kifayətdir ki, mənzərəni aydın görəsən. Oğlanların sayı qızlardan kəskin şəkildə çoxdur…”

Təhlilçilər deyir ki, demoqrafik proseslər təsirini qısa müddətdə göstərmir. Qızlarla müqayisədə oğlan uşaqlarının sayında belə artım gələcəkdə ictimai həyatın müxtəlif sahələrində ciddi problemlərə gətirib çıxaracaq.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir