Gultekin Sehhet

Sosial mediada xoşbəxt görünmək” tələbi niyə psixoloji təzyiqə çevrilir?

Baxış sayı: 851

“Sosial mediada insanlar getdikcə daha çox xoşbəxt görünmək, daim pozitiv və uğurlu həyat tərzi nümayiş etdirmək üçün təzyiq hiss edirlər. Bu, xüsusilə gənclər və gənc ailələr arasında ciddi psixoloji gərginliyə səbəb olur”.

Bu sözləri “Gencaile.az” saytına açıqlamasında sensor inteqrasiya üzrə təlimçipsixoloq Gültəkin Səhhət sosial şəbəkələrdə “ideal həyat” görüntüsünü yaratmaq üçün edilən səyləri şərh edərkən bildirdi.

Onun sözlərinə görə, insanın emosional vəziyyətinə, özünə münasibətinə və sosial qarşılıqlı əlaqələrinə təsir edən bir neçə əsas faktor var:

“İnsanın özünüdərki, aldığı sosial mesajlar, cəmiyyətin gözləntiləri və fərdin psixoloji dayanıqlığı bu prosesdə mühüm rol oynayır. Sosial mediada yayılan filtrasiyalı, qurulmuş və çox zaman reallıqdan uzaq həyat tərzləri fərdlərdə ‘geri qalma’ hissi yaradır. Nəticədə insanlar, xüsusilə də emosional baxımdan daha həssas olanlar, xoşbəxt görünmək üçün saxta bir imic formalaşdırmağa başlayırlar”, – deyə G. Səhhət vurğulayır.

sosial sebekeler

 

Psixoloqun fikrincə, bu halın uzunmüddətli nəticələri daha ciddi ola bilər: depressiya, özgüvən problemləri və sosial təcrid. O bildirir ki, insanların real hisslərini ifadə etməkdən çəkinməsi, psixoloji yüklənməni artırır:

“Sosial mediada hər kəs həyatının yalnız parlaq tərəfini göstərir. Bu da digərlərində ‘nə üçün mən belə deyiləm?’ sualını doğurur. Halbuki real həyat hər zaman tam xoşbəxtlik üzərində qurulmur. Bu reallığı qəbul etmək və sosial medianı da bu şüurla istifadə etmək vacibdir”.

Gültəkin Səhhət hesab edir ki, bu problemin aradan qaldırılması üçün maarifləndirici addımlar atılmalı, insanlara emosional sağlamlığın sosial təsdiqdən daha vacib olduğu aşılanmalıdır:

“Sosial şəbəkələrdə gerçək duyğuları, səmimi anları paylaşmaq, bu platformaları bir-birimizi daha yaxşı anlamaq üçün istifadə etmək daha faydalı olar. Əsas məsələ – xoşbəxt görünmək deyil, həqiqətən də daxili rahatlıq və psixoloji balans hiss etməkdir”, – deyə psixoloq əlavə edir.

 

Hazırladı: İlahə Atəş




6 şərh “Sosial mediada xoşbəxt görünmək” tələbi niyə psixoloji təzyiqə çevrilir?

  1. Sevda Asim

    Çox aktual mövzudu. Açığı, bəzən elə mən də sosial şəbəkəyə girəndə özümü digərləri ilə müqayisə edirəm və düşünürəm ki, “bəlkə mən nəsə düz etmirəm?”. Halbuki ətrafda baş verən real hadisələr tam başqa şeylər deyir. Təşəkkürlər bu mövzunu qaldırdığınız üçün.

    Cavabla
  2. Əli Qarayev

    mence bu yazilanlar tam dogrudur. sosial sebekelerde millet elə bir yasayis gosterdir ki, adam utanir oz adi gununden paylasmaga. her sey ideal deyil axı. herkesin heyatinda cetin anlar var, amma hec kim onu gostermek istemir.

    Cavabla
  3. Bəylər Mirzəyev

    Psixoloqun dediklərinə tam razıyam. Sosial şəbəkələrdəki “xoşbəxtlik yarışı” çoxlarını depressiyaya salır. İnsanlar real həyatdan uzaq düşür. Bu barədə cəmiyyətin maariflənməsi çox vacibdir.

    Cavabla
  4. Samira Ali

    Bir az abartmirsiz? Yəni adamlar istədiklərini paylaşır da, bu onların seçimi deyil? Hamını buna görə günahlandırmaq düzgün deyil. Psixoloji təzyiq varsa, bu şəxsi zəiflikdən də qaynaqlana bilər.

    Cavabla
  5. Mahirİsayev

    men bele dusunurem ki, insanlar artiq basqasina ne gosterir-gostersin, en cox ozunu inandirmaga calisir ki, guya her sey yaxsidir. bu tezyiqi en cox da gencler hisses edir. bu cur yazilarin cox olmasi lazimdi. sag olun.

    Cavabla
  6. Nuray Əmirova

    Mövzu maraqlidi. Amma men razi deyiləm ki, insanlar saxta görünmək üçün can atır. Ola bilər kiminsə həyatı doğrudan da gözəldi, biz də onu görəndə narahat oluruq. Problem paylaşanlarda yox, qəbul edə bilməyənlərdədi bəlkə də?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir