ZIYAFET

Sovet rəhbərlərinin gecə ziyafətləri, bahalı içkilər, qadınlar və dövlətin havaya sovrulan pulları… – FOTOLAR

Baxış sayı: 1. 487

SSRİ rəhbərlərinin kabinetdən kənar həyat tərzi həmişə çox ciddi şəkildə məxfi saxlanılıb, ictimaiyyətə sovet ideologiyasının əsas daşıyıcıları olan siyasi liderlərin çox sadə, sıravi vətəndaşlardan fərqlənməyən yaşam tərzi təqdim olunub.

Məsələn, uzun illər cəmiyyətə Vladimir İliç Lenini çiynində şalban daşıyan zəhmətkeş rəhbər, İosif Stalini ölümündən sonra evindən yalnız bir şinel çıxan “ədalətli hökmdar”, Nikita Xruşovu öz əkib-becərdikləri ilə dolanan ideal kommunist, Leonid İliç Brejnevi Moskvanın ərzaq mağazalarının piştaxtalarındakı ərzaqlarla qane olan lider kmi tanıtdırıblar.

Amma həqiqətdə hər şey tam əksinədir. SSRİ süquta uğradıqdan sonra açılan arxivlər, rəhbərlərin xidmət personalında çalışanların söylədikləri, liderlərin müasirlərinin xatirələri fərqli bir mənzərəni əks etdirib.

Leninin qida rasionu proletarların düşündüyü kimi heç də təkcə sıyıqlardan, şorbalardan və qara çörəkdən ibarət olmayıb. Rəhbər rusların daha çox istifadə etdiyi “samaqon” arağının heç dadını da bilməyib. Konyak və pivəyə daha çox üstünlük verən Leninə alkoqollu içkilər xüsusi olaraq Qərb ölkələrindən gətirilib.

1.jpg (53 KB)

Vladimir İliçin xidməti avtomobili də sovet idelogoyasından qat-qat sürətli olub. O, öz hərəkət rahatlığını “Rolls-Royce” avtomobilində tapıb. Vəfatından sonra o da məlum olub ki, onun xarici ölkələrin banklarında şəxsi hesabları da varmış.

İosif Stalinin həyat tərzi kənardan çox sadə görünsə də, rəhbər heç də işdən sonra bağında oturub, çay içə-içə “Pravda” qəzeti oxumaqla məşğul olmayıb. Məlum olduğu kimi, Stalin çox tez-tez bağında gecə yarıyadək davam edən ziyafətlər təşkil edib. Bu ziyafətlərdə əsasən onun yaxın silahdaşları, Beriya, Mikoyan, Molotov, Xruşov, Malenkov, Bulqanin və digərləri iştirak ediblər.

2.jpg (91 KB)

Həmin ziyafətlərlə bağlı Stalinin Kuntsevodakı bağının komendantı Orlov öz xatirələrini belə bölüşüb: “Stalin belə ziyafətləri tez-tez təşkil edirdi və bu ziyafətlər gecə yarıyadək çəkirdi. Süfrələri zəngin olurdu. Həmin dövr üçün defisit sayılan ərzaq məhsulları süfrəyə düzülürdü. Qeyd edim ki, xüsusi bir qrup Stalinin təminatı ilə məşğul olurdu, onlar həm də xarici ölkələrdən rəhbərin zövqünə uyğun olaraq içkilər, tütün məmulatları, ərzaq məhsulları gətirirdilər. Və sözsüz ki, böyük vəsait hesabına başa gələn bu alış-verişin pulları dövlət hesabına ödənilirdi.

Həmin dövrdə dövlət rəhbərlərin təminatı üçün pul vəsaiti ayrılırdı, amma mənim hesablamalarıma görə, Stalinin təminatına xərclənən pul ayrılmış limitdən 15-20 dəfə artıq olurdu. Stalin əsasən yerli ərzaq məhsullarına və Gürcüstanda məxsusi onun üçün hazırlanmış içkilərə üstünlük verirdi.

Amma rəhbər qonaqlardan səxavətini əsirgəmirdi, onları sıravi sovet vətəndaşının yuxusuna belə, girməyən təamlara, içkilərə qonaq edirdi. Rəhbərin ən çox sevdiyi meyvə banan idi. Elə buna görə də mühafizə rəisi, general Vlasik tez-tez “vneştorq”a zəng edirdi və ilk sualı da belə olurdu: Stalinin bananları hazırdı?”

4.jpg (157 KB)

21 il SSRİ-nin ticarət naziri olmuş Aleksandr Struyevin rəhbərlərin yaşam tərzi ilə bağlı xatirələri də maraqlıdır. Nazir Nikita Xruşovla bağlı xatirələrində yazıb: “Xruşov hakimiyyətə gələndə vilayət partiya komitələrinin imtiyazlarını ləğv etdi, katiblər mühafizəçilərdən, ikinci xidməti avtomobildən, məzuniyyət zamanı əlavə puldan məhrum oldular. Bunun əvəzində Nikita Sergeyeviç xüsusi imtiyazlara malik olanların “qızıl dəstə”sini yaratdı. Bu dəstəyə yalnız nazirlər, Mərkəzi Komitənin katibləri və marşallar daxil ola bilərdilər, özü isə dəstənin “başçısı” idi.

Şəhərin mərkəzində 7 otaqlı mənzildə yaşayan Xruşovun ilin hər mövsümünə uyğun bağ evləri var idi. Bu bağ evlərində rəhbərin istirahəti və xizək sürmək üçün meydançalardan tutmuş, yay-qış hovuzlarına qədər bütün şərait yaradılmışdı. Hətta Xruşov səhərlər təzə süd içmək üçün hər bağ evinə inək də gətizdirmişdi. Özünü xalq arasında sadə göstərən Xruşov öz hakimiyyət illərində kifayət qədər zəngin yaşayıb. Bir nazir kimi mən onunla dil tapmaqda həmişə çətinlik çəkmişəm.

Ona nəyi isə başa salmaq çox müşkül bir məsələ idi. Özünü mütləq hakim sayan Xruşov məmurlarla münasibətdə çox kobud adam idi, qışqırmağı, söyməyi, təhqir etməyi ilə hamını özündən incik salırdı. Amma bu kobudluğa baxmayaraq, silahdaşları onunla mədəni davrandılar, çox sakit bir şəraitdə onu vəzifəsindən uzaqlaşdıraraq, təqaüdə göndərdilər…”

3.jpg (145 KB)

SSRİ-nin ərzaq mağazalarından bixəbər olan Leonid İliç Brejnev isə zəngin və dəbdəbəli həyat tərzi sürməyi ilə bəlkə də dünyanın bütün siyasi liderləri arasında fərqli bir şəxsiyyət olub. Bahalı hədiyyələrə qarşı ehtiraslı olan, qadınlarla münasibətdə “kişilik” liderliyini əldən verməyən, məclislərin başında qədəhi əldən yerə qoymayan Leonid İliç öz hakimiyyəti illərində sözün əsl mənasında, padşah ömrü yaşayıb.

Onun istifadə etdiyi bütün əşyalar, geyimlər, avtomobillər, mebellər, hətta ov zamanı işlətdiyi silahlar sovet rejiminə zidd gedən “antisovet” ölkələrdən gətirilib. Amma “insafən” qeyd etmək lazımdır ki, Brejnev ömürboyu SSRİ istehsalı olan “Zubrovka” arağına və “Novost” siqaretinə heç vaxt xəyanət etməyib.

Əvvəlki rəhbərlərlə müqayisədə SSRİ-nin qısamüddətli liderləri olmuş Andropov və Çernenko sovet ideologiyasına daha sədaqətli olaraq sadə həyat tərzi sürüblər.

 

İlham Cəmiloğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir