market

Supermarketlər bizi super aldadır

Baxış sayı: 445

Marketlər bizə köhnə ərzaq satırlar, bəli, satırlar. Elə vaxtaşırı biz jurnalistlər özümüz dəfələrlə belə hallarla qarşılaşmışıq və yazmışıq. Köhnəyə təzəni əlavə edib başımızı aldadırlar, bəli, aldadırlar. Məsələn, bir kiloqram ət alırsan, yarısı qara rəngə çalır, yarısı qırmızı rəngə. Aldığımız ərzaq və tərəvəzin qiymətinin bəzən kassa çeki ilə əlaqəsi olmur, bəli, olmur, həm də dəfələrlə belə olur. Elə bu yaxınlarda mən özüm belə bir halla qarşılaşmışam.Hazırda isə, əziz sakinlər, ehtiyatlı olun, marketlər guya ərzaq və digər məhsullarda endirim edirlər, lakin kassada bizə onun əvvəlki qiymətini ödədirlər. Əksər marketlərdə bu, belə olduğundan bir-bir marketlərin adını saymağa ehtiyac durmadım. Çünki atalar da deyir ki, sözü at ortaya, yiyəsi götürəcək.Özümün də başıma gəlib. İki gün öncə isə supermarketlərdən birində kassa qarşısında utanan gənc bir qadının başına gələnləri də seyr etdim. Deməli, xanım cəmi üç adda məhsul götürmüşdü. Onlardan biri endirim qiymətinə imiş. Xanım da hesablayıb ki, hər üçü birlikdə filan qiymətə olacaq, pul qabında da bir o qədər pul var. Götürüb gəlib kassaya. Kassada isə ona ayrı qiymət dedilər. Kaş ki, siz o qadının insanların içərisində düşdüyü vəziyyəti görə bilərdiniz. “Axı bu qədər etməməli idi”,- dedi. Və başladı pul qabını qurttalamağa. Kassir isə, “yox, belə edir”,- dedi. Xanım isə “axı bu butulkada endirim yazılmışdı” deyə gileyləndi. Kassir də bir xeyli girələnəndən sonra axır dedi ki, yox, endirim yoxdur. Gənc xanım isə ala bilmədi, çünki üzərində o qədər pul yox idi. Həmin butulkanı kassaya qoyub, digər iki ərzağın pulunu ödəyib çıxdı.Bu yaxınlarda marketlərdən birindən şor almışdım. Qiyməti endirimdə idi. Nə isə, aldım, çıxdım, evdə təsadüfən çekə baxanda gördüm ki, endirimli qiymətə hesablanmayıb. Səhəri gəldim marketə, müdiri çağırdım, sözümü dedim, lakin az qala məni borclu çıxarmışdılar, lakin təəssüf, çıxara bilmədilər. Çünki ağıllı olub əvvəldən şəkillər çəkmişdim.Market müdirinə dedim ki, bəlkə dünən mənim cibimdə yalnız bu şorun endirimli qiyməti qədər pul vardı. Bəs mən kassa qarşısında nə vəziyyətə düşərdim? O isə bunu mən düşündüyüm qədər də həyəcanla qarşılamadı. Bax o gənc xanım mənim düşəcəyim vəziyyətə düşdü. Kassa qarşısında ödəməyə pulu olmadı və utandı. Yəni supermarket onu utandırdı, hissləri ilə oynadı.Bu günlərdə böyük marketlərdən birində bir xanımın gileyi ilə qarşılaşdım. Soruşanda, dedi ki, sarı etiketlərə nə alsanız, diqqətli olun, kassada adamı aldadırlar.Bilirsiniz, diqqət etmirik. Giririk marketə xeyli ərzaq, tərəvəz və digər məhsullardan alıb çıxırıq. Endirimdə olan məhsullara diqqət etmirik. Məsələn, mənin yuxarıda qeyd etdiyim həmin çekə baxmağın ilk dəfə idi. Çoxları da mənim kimi. Çekə diqqət etmirik, ancaq çox aldadılırıq. Yalnız az sayda məhsul alanda bu hiss olunur.Marketlərə sual olunur: niyə belə edirsiniz? Məgər az qazanırsınız ki, bu yola da əl atırsınız? Bir düşünün ki, satdığınız məhsulları hansı qiymətə alıb, camaata hansı qiymətə satırsınız. Xeyriniz qat-qatdır. Bununla kifayətlənməyib hər gün məhsulları onsuz da 1-2 qəpik qaldırırsınız. Görəndə ki, məhsulun istifadə müddəti bitir, bu zaman guya endirim edib alıcı yığmaq istəyirsiniz, o da qaş düzəltdiyiniz yerdə göz çıxarırsınız. Ancaq bunu da bilə-bilə edirsiniz.Sizə kim bu haqqı verir ki, camaata yalan satırsınız? Sizlərə bu haqqı kim verir ki, camaatı aldadırsınız? Sizə bu haqqı kim verir ki, kassa qarşısında insanların hissləri ilə oynayırsınız?..Diqqətli olun, əziz alıcılar. Gözlərinizi dörd açın, baxın. Nə üçün biz 1 manat yerinə 2 manat xərcləməliyik. Bir manat yerinə 1 qəpik də xərcləməyin. Görürsünüz, marketlər torbaları da bizə 3 qəpiyə satırlar. Hansı ki, satıcı satdığı məhsulu nəyinsə içərisinə qoyun təqdim etməlidir. Hələ kassada sual da verirlər. Torba lazım olacaq? – Yox, qoltuğumuzda daşıyacağıq. Belə isə, onlar 3 qəpiklərinin dəyərini bilirlərsə, biz nə üçün 1 qəpiyimizin qiymətini bilməyək. Ərinməyin, aldıqlarınızı çeklə tutuşdurun, endirimli məhsulların şəklini çəkin, kassada qiymətlərə diqqət edin, pulunuzu əlinizdən alanlarla bundan başqa mübarizə yolu yoxdur…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir