KONUL Telmanqizi

Tanınmış psixoloq: “Cütlüklər anlamalıdır ki…” – MÜSAHİBƏ

Baxış sayı: 6. 263

“Gencaile.az” saytının qonağı tanınmış psixoloq Könül Telmanqızıdır.

 

– Könül xanım, sizcə, ailə psixoloqu ailələrin qorunub-saxlanmasında nə dərəcədə önəmli rol oynayır?

– Ailə psixoloqu anlayışı xarici ölkələrdə uzun illərdir ki, mövcuddur. Bizdə isə bu fəaliyyət növü yalnız son illərdərdə populyarlıq qazanmağa başlayıb. Bu baxımdan son bir ili xüsusən qeyd edə bilərəm ki, müraciət edənlərin sayı artmaqdadır. Hətta mən işlədiyim elə ailələr var ki, ailə şəkilində ayda 1-2 dəfə kansultasiya üçün müraciət edirlər. Onu da deyim ki, ən çox müraciət işləyən cütlüklər tərəfindən olur. İstər ümumi yorğunluq, istər tərəflər arasındakı anlaşılmazlıqlar, istərsə də valideyn-uşaq münasibətlərindəki problemlərə görə psixoloqa üz tuturlar. Psixoloqla birgə məsələnin həll yolunu tapmaq daha asan olur. Məsələn, mən son vaxtlar müşahidə edirəm ki, valideynlər daha çox övladları ilə anlaşmazlıq yaşayanda ailə psixoloquna müraciət edirlər. Hansı ki, uşaqları ilə münasibətlərdə düzgün yanaşma seçə bilmirlər. Məhz belə məqamlarda psixoloq dəstəyi ilə problemi yoluna qoymaq olur. Ümumiyyətlə, ailə psixoloqu həm valideyn-uşaq ilişkisinin, həm də kişi-qadın münasibətlərinin nizamlanması baxımından önəmlidir. Mənim işlədiyim elə ailələr var idi ki, boşanmaq həddində idilər, ancaq mən dövriyyəyə girəndən və onlarla həm ikilikdə, həm də fərdi şəkildə söhbət edəndən sonra yollarına birlikdə davam etməyə qərar verdilər və indinin özündə də xoşbəxt yaşamağa davam edirlər. Belə demək mümkünsə, psixoloq otağında tərəflər özlərini və qarşı tərəfi yenidən kəşf etməyə imkan tapırlar ki, bu da yaranmış anlaşmazlığa daha fərqli baxmaqlarına, imkan yaradır ki, bu da sonda münasibətlərin düzəlməsinə zəmin yaradır. Yox, əgər tərəflər öz səhvlərini görməyəcəksə, ancaq qarşı tərəfi günahlandıracaqsa, pisləşən münasibətlər fonunda özünə hesabat verməkdən boyun qaçıracaqsa, onda ailənin təməli sarsılacaq və uçuruma doğru gedəcək.

 

– Ailə institutlarını dağıdan səbəblərdən danışarkən daha çox maddi problemlər və ailədaxili münaqişələr önə çıxarılır. Daha hansı səbəblər ailələrin dağılmasını şərtləndirir?

– Təbii ki, dediyiniz problemlər var. Ancaq ailə həyatı qurmağa hazırlaşan insanlar özlərini psixoloji cəhətdən buna hazırlamalıdırlar. Cütlüklər anlamalıdır ki, onların ailə həyatında heç də hər şey həmişə yaxşı olmayacaq. Belə demək olarsa, onları enişli-yoxuşlu yolların gözlədiyini anlamalıdırlar. Adətən cütlüklər üçün toya qədərki dönəm çox yaxşı keçir. Nişanlı olan cütlüklər üçün hər şey yolunda gedir və bəzən elə olur ki, evləndikdən sonra ötən günlərin axtarışında olurlar. Belə olduqda isə ailə düzəninə adaptasiya olmaq çətinləşir və psixoloji problemlər yaranmağa başlayır. Amma tərəflər əvvəlcədən özlərini ailə həyatında yarana biləcək çətinliklərə hazırlamaqla və bu problemləri birgə dəf etməyə çalışmaqla bütün problemləri yoluna qoya bilərlər.

Konul Telmanqizi

– Boşanmaq nə zaman çarə ola bilər?

– Böyük ümidlərlə başlayan nigahlar bəzən boşanmalarla qeyd olunur. Boşanma ilə nəticələnən bədbəxtlik çox vaxt depressiyaya gətirib çıxarır: Boşanma iki insanın arasındakı duyğusal və şəxsi əlaqənin sonudur və evli bir cütün narahatlıq hissi duyduğu nöqtədə cütlərin problemlərinin başlatdığı narahatlıq hissində ortaya çıxır. Boşanmanın bir çox psixoloji səbəbləri var. Boşanma hallarının yaşanmaması üçün ailədə birinci sevgi, hörmət və güvən olmalıdır. Ailədə yaranacaq məişət problemlərini, cütlüklər arasındakı anlaşılmazlıqları və övlad problemini öz münasibətlərində anlayışla qarşılayaraq həll edə bilərlər.  Ailəni qorumaqda əsas amil keçid dövrünü adlamaqdır. Ən çətini ailə həyatının ilk illəridir. Yeni ailəyə adaptasiya olmaq, onun qaydalarına uyğunlaşmaq vaxt tələb edir. Bir insanın buna dözümü yoxdursa, heç cür yeni qaydaları qəbul edə bilmirsə, ailəsi dağılır. Ruh və zehinin hazır olmadığı hadisələri vücud da həyata keçirə bilməz. Hər şeyden öncə insan psixoloji cəhətdən hər şeyə özünü hazır tutmalıdır. Yaranmış stressin başlıca səbəbi də insanın özü ilə bağlı olduğu üçün, cütlüklər ilk  növbədə hərtərəfli olaraq psixoloji cəhətdən buna hazır olmalıdırlar ki, yaranacaq problemləri həll edə bilsinlər. Gənclərimiz bütün çətinliklərin həlli yolunu boşanmada görməsə, cütlüklərimiz əvvəlki həyatı düşünmədən arxada qoymaqda, gələcək həyata doğru qorxmadan addımlasa, uşaqlarla bağlı və digər çətinlikləri aradan qaldırmağa uyğunlaşmaqda müəyyən dövrü keçərsə, psixoloji cəhətdən də ailədə yaranacaq hər şeyə hazır olacaqlar.

 

– Ailə qurmuş cütlüklərin boşanma səbəbi haqqında yuxarda danışdıq. Təbii, səbəblər olduqca çoxdur. Necə düşünürsünüz, insanlar həyat yoldaşı seçərkən səhvə yol verirlər?

– Dediyiniz kimi, bu haqda öncəki sualların birini cavablandırarkən bəhs etdim.  Amma şübhəsiz, səbəblər kifayət qədərdir. Məsələn, sonsuzluq problemi ailələrin dağılmasına yol açır. Təəssüf  ki, hazırda ailələr övlad dünyaya gətirmək məsələsində üzləşdikləri problemin həlli üçün aparılan müalicələrin effekt verməsini gözləmədən boşanma yolunu seçirlər. Təxminən iki il öncə bir cütlüklə işləyirdim. Tərəflər bir-birini çox sevsə də, evlilikdən sonrakı 5 il ərzində uşaqlarının olmaması ailədə problem yaradırdı. Həmin gəlinə qarşı evdə qaynanası və baldızları tərəfindən təzyiq edilirdi. Onlar atalarının nə qədər yaşayacağını bilmədiklərini və bu səbəbdən onun ən qısa zamanda nəvə sahibi olmasını arzuladıqlarını deyirdilər. Bunun üçün hətta qardaşlarının ailəsinin dağılmasına da razı idilər ki, onu yenidən evləndirsinlər. Belə məqamlarda bu cür düşünən adamlara əlavə söz demək mənasızlaşır. Düzdü, sonradan həmin ailənin övladı oldu, ancaq bu problem bir çox ailələrdə var ki, heç də hamıda belə xoş sonluqla bitmir və boşanma ilə nəticələnir. Bundan başqa,  evləndikdən sonra düzgün seçim etmədiyini düşünənlər və bu səbəbdən boşanmağa qərar verənlər də az deyil. Həmçinin ailə həyatına hazır olmayanlar da var. Məsələn, tərəflərdən birinin psixologiyası oturuşmuş, digərinin isə rahat həyata alışmış olursa, bu da ailələrin dağılmasını şərtləndirir. Belə problem olmasın deyə gənclərimiz öncədən bir-birini yaxşı tanımağa çalışmalı və münasibətlərini qarşılıqlı hörmət əsasında qurmalıdırlar. Qarşılıqlı hörmət olan ailələrin təməli möhkəm olur. Təməli möhkəm olan ailələrdə isə sağlam övladlar böyüyür. Ümumiyyətlə, bu məsələlər zəncirvaridir. Bu tip məsələlər düzgün idarə olunarsa, problem də olmayacaq.

 

– İllər əvvəl insanlar psixoloqla məsləhətləşməyi özləri üçün böyük kompleks hesab edirdilər. Maraqlıdır, bu baxımdan hazırda hansısa dəyişiklik varmı?

– Əvvəlki illərlə müqayisədə yaxşıya doğru çox dəyişiklik var. Hətta məsələn, valideynlər övladlarının mütamadi olaraq psixoloqla təmasda olmasını da istəyirlər. Ancaq təbii ki, hələ də insanların bir qismi psixoloqa müraciət etməkdə tərəddüd edirlər. Təəssüf  ki, psixoloqa müraciət edənlər bunu yaxın qohum və qonşularından gizlədirlər. Ya masajçıya getdiklərini deyirlər, ya da stomatoloqa. Bunun da səbəbi insanların psixoloqla psixiatrı bir-birindən fərqləndirə bilməməsidir. Hansı ki, insanların psixoloqa və ya psixiatra müraciət etməsində qorxulu heç nə yoxdur. Məsələn, ailədə cütlüklər arasında problem varsa və ya uşaqların mütəxəssis köməyinə ehtiyacı varsa, belə məqamlarda ictimai rəyi nəzərə almaq lazım deyil. Başqalarının nə düşünəcəyi yox, sizin problerinizin həlli önəmlidir.

 

– Karonavirusla bağlı elan olunmuş karantin rejimində ər və arvadın davamlı olaraq evdə birlikdə zaman keçirməsinin cütlüklər arasında problemlər yaradacağı ehtimal olunur. Necə düşünürsünüz, bu nə dərəcədə realdır və bu problemlə üzləşməmək üçün tərəflər necə davranmalıdırlar?

– Sözsüz ki, hazırkı vəziyyət ailə münasibətlərinə də öz təsirini göstərir. Xüsusən problemli ailələrdə daha çox hiss etmək olar bunu. Həmin cütlüklər birlikdə vaxt keçirdikdə həmin anlaşmazlıqlar daha çox gündəmə gəlir və belədə problem də böyüyür. Ancaq karantin dövründə evdə olan cütlüklər bu vəziyyəti düzəltmək üçün imkan əldə etdiklərinin fərqinə varmalıdırlar. Əgər tərəflər  buna qədər problemi günün sonunda müzakirə edirdilər və yorğun başla aparılan müzakirələrdən sonra həll yolunu tapmaq bir az da çətinləşirdisə, indi soyuq başla təhlil etmək imkanı qazanan cütlüklər problemi daha rahatlıqla çözə bilərlər.

konul

 

– Yeri gəlmişkən, koronavirus pandemiyasının sürətlə yayılması insanlarda da təşviş və gərginlik yaradır. Bu durumda insanlara necə davranmağı məsləhət görürsünüz?

– Qlobal miqyasda üzə çıxan bu vəziyyətin psixoloji təsirləri təbii ki, mənfi ola bilər. Çaxnaşma immunitet sisteminə mənfi təsir göstərir.  Sonra “nocebo effekti” işə salınır.  Nocebo effekti çaşqın bir insanın başındakı prosesləri canlandırır, buna görə həqiqətən oxuduqları və ya eşitdikləri simptomları hiss etməyə başlayırlar. Əvvəlcə çaxnaşma vəziyyətindən çıxmalı və vəziyyətin ciddiliyini sakit qəbul etməli, özünüz üçün qeyd olunan qaydalara əsasən şüurlu tədbirlər görməyə başlamalısınız. Bizim psixikamız müxtəlif yollarla işləyə bilər, müxtəlif məhsullar istehsal edən bir fabrikdir. Bir insanın düşüncələrə nəzarəti itirməsi və onların hiperbolizasiyası ilə əhatə olunduğu zaman, şüuru dolduran duyğular və davranış üzərində tam bir itkisi olduğu qorxudan ortaya çıxır. Özünüzü panikaya saldıqca, qorxu halı sizdə daha da artacaq. Bu da sizin psixoloji problemlərinizin artmasına səbəb olacaq. Qorxu hər virusdan daha pisdir, çünki qısa müddət ərzində insanın immunitet sisteminə mənfi təsir edə bilər. Çətinlik sindromu burada çox işləyir, stress çox olduqda və insanın fasilə vermək imkanı olmadıqda, nəticədə bədən çox tükənmiş olur. Mənfi şeyləri fikirləşməklə həyatınızı qorxduğunuz şeylə deyil, istədiyiniz müsbət hadisələrlə doldura bilərsiniz. Vücudunuzun və toxunulmazlığınızın nə dərəcədə müdrik olduğunu düşünün.Toxunulmazlıq haqqında müsbət düşüncələr toxunulmazlığınızı artıracaqdır. Məsələn, hər gün yeni bir şey öyrənməyi bir qayda halına gətirin. Onlayn təlim keçmək istəmirsinizsə də, uzun müddət izləmək istədiyiniz bir şəbəkədə bir film izləyin, sevdiyiniz kitabı oxuyun və ya dünya muzeyləri vasitəsilə virtual gəzintiyə çıxın. Ən əsası pozitivliyinizi qoruyun.

 

Söhbətləşdi: Tural Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir