facebook status

Tanınmışların “Facebook” statusları

Baxış sayı: 2. 272

Maraqlı ola biləcəyini nəzərə alıb, tanınmışlardan bəzilərinin son statuslarını bir araya topladıq:

Sosial şəbəkədən söhbət getdiyini nəzərə alıb – “Şəbəkə” (ANS) verilişinin aparıcısı Rahil Sayadoğludan başlayaq. Rahil son statusunda yazıb:  “Zarafat-zarafat yeni ili rədd eliyən xeyli adam var ölkədə. Çoxu da gənclərdi. Deyir “xristianların bayramı bizə lazım deyil”. Bunların beynini kim yedi, nə vaxt yedi, xəbərimiz olmadı. Mən də sevinirdim ki, getdikcə sekulyarlıq artır”.

Yazıçı Salam Sarvanın statusu da ciddi müzakirə mövzusu ola biləcək məzmundadır:  “İndi bir dostumla çay süfrəsi arxasında klassik ədəbiyyatımız haqda söhbət elədik. Ümumi fikir bu oldu ki, Nizaminin filosof şair kimi təqdim olunması mübahisəlidir. O, əsasən, özündən əvvəlki Yunan-Roma (bir az da Misirdə mövcud olmuş ibtidai-elmi təsəvvürlər) fəlsəfəsinin ötürücüsüdür. Adamın özünün heç bir fəlsəfi təlimi-zadı olmayıb”.

Millət vəkili Qənirə Paşayeva isə bu gün dünyasını dəyişmiş şair Nurəngiz Günü yad edib: “Bu gün gözəl şairəmiz, gözəl xanım, insan Nurəngiz Gün Allahın rəhmətinə qovuşdu. Bu gün onunla vidlaşdıq, amma gözəl söhbətləri, həsrət qoxuyan şeirləri hər zaman bizimlə olacaq. Nurəngiz xanımın ən qiymətlisi qızı Jalə xanıma və bütün əzizlərinə səbr, Nurəngiz xanıma isə təkrar rəhmət diləyirəm. Nur içində yatsın”.

Jurnalist Vüsalə Məmmədova sağlamlığının qeydinə qalır: “Passiv siqaret çəkmək ildə 600 min nəfərin ölümünə səbəb olur.

Qısası, bu gündən yanımda siqaret çəkməyə cəhd edən hər kəsi Ctrl+Shift+Del! Çox yaşamalıyam, əlimdə görülməli xeyli işim var  Onun-bunun tüstüsünün badına gedə bilmərəm. Sizə də məsləhət görürəm – həyatınızı heç kimin siqaretinin dumanında itirməyin”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə giley dolu status yazıb: “Dilqəm Əsgərov və Şahbaz Quliyevə erməni prokurorun tələbini eşitdik. Vəziyyət niyə bu həddə çatdı? Kimdir günahkar? Mənim bütün bu bəlalarda günahkar və cinayətkar hesab etdiyim ancaq ermənilərdi. Başqa heç kəsi ittiham etmək istəmirəm. Bu , çətin işdir, günahkar axtarmaq isə ən asan işdi. Erməni istədiyini edir, heç kəsdən də çəkinmir. Biz də imkanımız daxilində olanları etməliyik. Kimsə nə ise etmek istəyirsə, bizimlə əlaqə saxlasın. Aclıq aksiyası keçirdik, heç kəs adicə zəng də etmədi, aksiya keçirdik, heç kəs qoşulmadı və sair. Ağzına gələni danışanlar da oldu”.

Yazıçı-publisist Şərif Ağayar  bir az neqativ ruhlu statusla çıxış edib: “Bizi məğlubiyyətlərlə zəngin olan dərin tarixi kökərimizdən heç kim ayıra biləz…”

Yazıçı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə “Facebook”da gecələr bəyənə bilmədiyi statuslardan yazıb: “Millət, sizə bir etiraf edim dana… Gecə yuxu olmur, telefonda statuslara filan baxmalı olursan. Bəyəndiyim (yəni “like” mənasında yoxa, xoşuma gələn) paylaşımlar da çox olur. “Like” edə bilmirəm. Soruşun niyə? Soruşduz? Deyim də…. Ona görə ki, həmin dəqiqə inboxda soruşurlar ki, niye yatmamısan? Elə bil maa yuxu gətirəjəhlər hardansa. Həmin o gece beyendiyim paylaşımlar da səhər yadımdan çıxır. Millətə ziyan vuran mərdimazarlar.

Keçmiş telejurnalist Sevil Nuriyeva isə haqdan-nahaqdan bəhs edib: “Elə adamlar var ki, söylədikləri bəzən doğru olsa belə mahiyyətləri yalandan ibarət olduğu üçün söylədiyi doğru belə hörmətsiz olur… Belələri sussa daha çox fayda verir… Bir də haqq ele bir mərtəbədir ki, onu kirlilər çıxa bilməz. Sadəcə, çıxdığını imitasiya edər….”

Başqa bir teleaparıcı Azər Qismət Rusiya siyasətindən yazmaq zərurəti hiss edib: “İllər, əsrlər keçir, dünyanın siyasi düzəni günbəgün dəyişir, amma rus hələ də Pyotrun vəsiyyətindən əl çəkmir.”

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə metroda gördüyü ənənəvi davranışı, belə dümək mümkünsə, statusa çəkib: “Ən zəhləm gedən tiplərdən biri budur: metroya bir qaqaş minir, yanındakı qızı qolları ilə hər tərəfdən əhatəyə alır ki, amandır, birdən kimsə təsadüfən bunun civisinə toxunar, namus əldən gedər. Qeyrət cırır da, qaqaşı… Onun qızına erkək milçək toxunsa, qan salar”.

Yazıçı Əsəd Qaraqaplan isə ANS-in bostanına daş atıb: “ANS-in dublajları çox qeyri-adidir, adam dinləyəndə qarnını tutub dinləyir. Məsələn, türklərin dublaj elədiyi “ulan” sözünü “ədə” kimi kimi dublaj edirlər”.

Topladı: Vüsal 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir