KOMPUTER

Texnoloji terror: bizi nələr gözləyir?

Baxış sayı: 374

Texnologiyanın insanlar üçün vacib olduğu cəmiyyətimizdə bu vəziyyət uşaqlar üçün də vacib hala çevrilir. İnformasiya əsrinin gətirdiyi texnoloji yeniliklər sayəsində həm sürətli informasiya ala bilirik, həm də zamanla həm özümüz, həm də övladımız ondan asılı vəziyyətə düşür.

 

Uşaqları işimizə qurban veririk

Düzdür, texnoloji yeniliklərin bizə təklif etdiyi hər şeyi doğru və lazımlı yöndə istifadə işimizi asanlaşdırır, faydalı iş əmsalını artırır. Bununla yanaşı gündəlik həyatımızı, sosial münasibətlərimizi də onun sayəsində qurmağa çalışırıq. Bu isə zamanla uşaqlara sirayət edir. İndi evlərimizdə telefon və planşetlərdən, kompyuterdən asılı olan nəsil böyüyür. Təəssüf ki, hər gün artan texnologiya asılılığı uşaqlar üçün böyük təhlükə yaratmaqdadır.

Həyat tərzimizin getdikcə dəyişməsi, işləyən anaların sayının artması, oyunların onlayn müstəviyə keçməsi, əvvəlki kimi yoldaşlıq, dostluq əlaqələrinin olmaması uşaqları kompyuter ekranlarına bir az da yaxınlaşdırır. Televizor, planşet, telefon, kompyuterlə evdə hər addımda rastlaşan uşaq onun gündəlik oyun üçün nəzərdə tutulduğunu düşünür. Xüsusilə də məktəblərdə dərslərin kompyuterlə tədris edilməsi bu problemin böyüməsinə səbəb olur. Düzdür, texnoloji yeniliklər dövründə bu uşaqlarımızın üstünlüyüdür, amma hər uşaq əlində bir kompyuter, limitsiz internetlə istədiyi onlayn platformada gəzə, oyun oynaya, film izləyə bilir. Həm də valideyndən xəbərsiz…

 

Zəif, xəstəhal nəsil yetişir

Texnologiya düşkünlüyü uşaqların fiziki, ruhi və psixoloji sağlamlığına mənfi cəhətdən təsir edərək bir çox xəstəliyin əsasını qoyur. Pediatr Pəri Həsənova deyir ki, texnoloji asılılığı olan uşaqlarda ən çox rastlanan əlamətlər zəif görmə, ikili görmə, düzgün oturmamaq, onurğa əyriliyi kimi problemlərdir: “Belini düzgün tuta bilmədiyi üçün onurğasında əyrilik yaranan uşaqlarımız çoxdur. Üstəlik siniflərdə müəllimlər də daha o qədər çox nəzarət etmir, uşaqlar az qala partanın üstünə uzanaraq yazır. Kompyuter qarşısında o qədər hərəkətsiz, eyni formada dayanırlar ki, sonra qəddi düzəltmək çətin olur”.

Həkim deyir ki, hərəkətsizliyin başqa bir ciddi nəticəsi də piylənmədir: “Saatlarla kompyuter qarşısında oturan, yeməyini belə oyun oynaya-oynaya yeyən uşaqlarda çəki artır. Hərəkətsizlik ən çox körpə ikən ana südü yeməyən uşaqlarda da rast gəlinir, aktiv həyat tərzi keçirmirsə və üstəlik onlayn həyatdan asılı vəziyyətdədirsə onda çəki sürətlə artacaq və piylənmə problemi meydana çıxacaq”.

Texnoloji asılılığı olan uşaqların yuxu sistemi dəyişir, diqqətsizlik, etinasızlıq və əsəbilik normal hala çevrilir. İnternetdə keçirdiyi müddətlə bağlı ailədən xəbərdarlıq aldığı halda məhəl qoymaması, bəzən isterik hərəkətlər etməsi buna misal ola bilər. Həkimin sözlərinə görə təkrarlanan bədən hərəkətləri etməsi də uşağın texnoloji asılılığının bir nümanəsidir, məsələn oturduğu yerdə silkələnməsi, barmaqları ilə davamlı oynaması, evdə tez-tez o yan-bu yana gedib-gəlməsi.

 

Texnologiya dərsi maraqlı edir?

Pedaqoq Qənirə Məmmədova isə deyir ki, dərslərdə istifadə edilən texnoloji aparatlar uşaqlar üçün öyrənmə rahatlığıdır: “Onlar kitablardan, standart mətnlərdən bezirlər, kompyuterdə maraqlı, şəkilli, cəlbedici formada tədris edəndə dərsə maraqları daha çox olur. Amma təbii ki, dərsdən əlavə vaxtlarını da onunla keçirmək istəyəndə qadağalar etmək lazımdır. Çünki asılılıq yarada bilir və uşaq dərsdən əlavə bütün vaxtlarını da onunla keçirmək istəyir”.

Pedaqoq deyir ki, valideynlər evdəki internetə kod qoymaqla uşaqları müəyyən qədər texnoloji asılılıqdan xilas edə bilərlər: “Onların sevdiyi oyunların əksəriyyəti onlayn rejimdə oynanılır, əgər oyun üçün gündə müəyyən qədər vaxt təyin edilsə və yerda qalan zamanlarda internet söndürülsə, kod qoyulsa uşağı asılılıqdan xilas etmiş olarıq. Həmçinin, uşaqlara oyun yerinə maraqlı məşğuliyyətlər tapmaq olar, məsələn internetdə şəkil çəkmək üçün öyrədici saytlar var, plastilinlə nəsə düzəltmək üçün videolar var, belə şeylərlə başını qatıb oyunu yadından çıxarmaq olar”.

Pedaqoq deyir ki, uşaqları texnoloji alətlərdən qoparıb dostları ilə oynamağa göndərmək vacibdir: “Valideynlər qorxur ki, uşaq həyətdə qaçıb yıxılar, əzilər. Ona görə onları evə həbs edirlər, amma evdəki texnoloji terrorun uşaqları daha çox hədələməsinin fərqində deyillər. Qoyun uşaqlar həyətdə yaşıdları ilə qaçsın, oynasın, lap yıxılıb əzilsin, nəinki evdə kompyuterdə qanlı, gülləbaranlı oyunlar oynasın. Uşaqlar ünsiyyətdən qaçır, hamısı da texnoloji asılılıq səbəbindən. Dərs dediyim sinifdə 23 nəfərdən 14-nün gözü zəif görür və dəhşətli orasıdır ki, mən valideynə deyənədək onların bundan xəbəri olmur”.

komputer

Uşaqları texnoloji asılılıqdan necə xilas edək?

Həm həkim, həm də pedaqoq müsahiblərimizin köməyi ilə valideynlərə uşaqları texnoloji asılılıqdan qurtarmaq üçün bir sıra təkliflər hazırladıq.

Televizora baxma, kompyuterdə oyun oynama zamanlarını qısaldın, bunu edərkən uşağa onlarla çox zaman keçirməyin sağlamlığa zərərləri barədə danışın. İnternetə və uşağın çox baxdığı kanallara kod qoyun, beləcə sizdən xəbərsiz internetə girə və televiziya kanalına baxa bilməyəcək. Kompyuteri və televizoru uşaq otağına yox, qonaq otağına yerləşdirin. Unutmayın ki, texnologiya asılığı olan uşaqlar yaşlarına uyğun olmayan oyunlar oynaya, filmlər izləyə və beləcə aqressiv birinə çevrilə bilərlər.

Övladınızın gedib-gəldiyi qohumlar, yaşıdlarının ailələrinə də bu məsələdə xəbərdarlıq edin, uşaq siz qadağan etdiyiniz üçün onlarda istədiyi oyunu oynaya bilər. Uşağınızı onlayn mühitin maraqlı olduğu qədər təhlükəli olması, real dostluqların daha uzunömürlü olması barədə məlumatlandırın.

Uşaqların kompyuterdə oyun oynamaq üçün xüsusi vaxt təyin edin, bu zaman özünüz də onun seçdiyi oyunlara nəzarət edin, mümkünsə oyunları birlikdə oynayın. Onu virtual oyunlardan yayındırmaq üçün real oyunlar düşünün, evdəkilərlə birlikdə yeni və maraqlı əyləncələr tapın. Birlikdə rəqs etmək, uşaq oyunları oynamaq, sevdiyi nağılı səhnələşdirmək kimi maraqlı məşğuliyyətlərlə başını qatın.

Uşaqlarla qohumlara baş çəkin, qohumluq əlaqələrinin nə qədər vacib olmasını başa salın, qonaq gedərkən mümkün qədər telefon və planşetlərinizi evdə qoyun. Uşaqlara evdə sizə kömək etməsi üçün şərait yaradın, ona iş tapşırın. Məsələn, öz otağını səliqəyə salmasını, bezlə əşyaların tozunu almasını xahiş edə bilərsiniz.

Texnoloji yenilikləri həyatımızdan tamamilə çıxara bilmərik, bir çoxumuzun işi birbaşa onunla bağlıdır. Amma ondan asılılığı minimuma endirməklə həm özümüzə, həm də ailəmizə daha çox vaxt ayıra bilərik.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir