tik-tok

“Tik Tok”: utanmağın daşını atdığımız yer

Baxış sayı: 412

Sosial şəbəkələr həyatımıza daxil oldu-olmadı, onsuz da bizdən çox şeyləri aldı. Dəyişdik, “müasirləşdik”, “yeniliklərə” boyun əyməli olduq, keçmişi unutmağa başladıq, hətta bəyənmədik, boş vaxtımız qəhət oldu, çünki kompüterlərin qabağından ta durmadıq, telefonları əlimizdən yerə qoymadıq. Kitab oxumaq unuduldu, yerini sosial şəbəkələrdə lazımlı-lazımsız əyləncələr aldı. Qohum-qardaşa qonaq getmək unuduldu, çünki sosial şəbəkələr bizi özünə elə bağladı ki, bütün bunları həyatımızın ikinci planına çevirdik. Xəstələrimizi telefonda soruşduq, yaşlılarımızdan telefonda xəbər bildik. Ölənlərimiz üçün telefonda başsağlığı verdik. Bayramlaşmaları telefonla etdik. Sosial şəbəkələr bizi bir-birimizə göstərdi, görüntülü danışdıq. Ta kiminsə evinə getməyə lüzum qalmadı.

Günlər ömrümüzdən ayları bir-bir qoparıb il edib arxivə verdikcə, sosial şəbəkələr daha da müasirləşdi, yeniləri yarandı və yarandıqca da bizdən əsər-əlamət qalmamağa başladı. Olduq özgəsi. Günlərin bir günü həyatımıza “Tik Tok” daxil olanda isə bütün sosial şəbəkələr kimi, ona da sevindik. Üstünlüklərini vurğuladıq, həvəsləndirmələrinə boyun əydik, əyləncələrinə aludə olduq. Ümumilikdə isə “Tik Tok”a vaxtımızı verdik. Bir də baxdıq ki, nə? Biz haradayıq, nə edirik, nələri paylaşırıq, nələri müzakirə edirik?

Baxdıq ki, biz utanmağın daşını çoxdan atmışıq. Burada elə şeylər paylaşırıq ki, İlahi-pərvərdigara, gözlülər olsun, görməsin. Ta bunlar haqqında danışmaq olmaz. Çünki hələ də utanan adamlar mövcuddur. Buna da minlərcə dəfə şükürlər olsun.

Baxdıq ki, cavan-cavan oğlanlar, həm də ki, hündürboylu, yaraşıqlı, burada küçənin, məhəllənin ortasında rəqs edirlər, utanmadan, qısılmadan. Dedik görən bunlar niyə belə edirlər, dedilər ki, məşhur olmaq istəyirlər. Xəyalımızda igidlərimiz, şəhidlərimiz, qazilərimiz canlandı. Düşündük ki, belə oğullarımız da var, belələri də.

Baxdıq ki, nəvə nənəsini söhbətə tutub onun şirin, yeri gələndə zarafatyana söhbətlərini çəkib burada paylaşır, bütün dünya da tamaşa edir. Sanki nəvə nənəsini lağa qoyduğunu bütün dünyaya reklam edir. Ana övladını çəkir, paylaşır, onu söhbətə tutur, uşaq isə yaşına uyğun olmayan tərzdə danışaraq uşaqlığı təhqir edir. Valideyn isə bunu inkişafın, müasirliyin təntənəsi kimi paylaşır…

Baxdıq ki, həyat yoldaşından ayrılan, qayınanası ilə yola getməyən, ailə problemləri ilə qarşılaşan, ərinin qazancına qane olmayan qadınlarımız “Tik Tok qəhrəmanına” çevrilib. Şəxsi problemlərini, sözünü-sirrini açıb dünyaya bəyan edir. Hər kəs də bir cür münasibətlə onlara rəy yazır. Mini qızışdırır, biri “ar olsun”,- deyir. Lakin minlər birlərdən çox olduğu üçün adam daha da qızışır, qızışdıqca da həddini aşır. Başlayır çoxseriyalı filmlər kimi növbəti hissələri çəkib, danışıb paylaşmağa.

Bu “Tik Tok” yarandı-yaranmadı, bizdən çox şeylər aldı. Fərqində olanlar yəqin ki var. Bir də ki, “Tik Tok, Tik Tok” deyirik. “Tik Tok” nə etsin axı? O, bir sosial şəbəkədir. Dayanıb yerində. Dil açıb danışmır, camaata “gəl, burada özünü biabır et” demir, “söz-söhbətini aç burada danış” demir, “video paylaşıb özünü biabır et” demir. “Tik Tok”da çox yaxşı mənada paylaşımlar da var ki, informasiyanı artırır, öyrədir, xəbərdar edir, arxivləşir.

“Tik Tok” dayanıb yerində, nə edir insanlar edir. Ümumilikdə həm yaxşıları, həm yaxşı olmayanları fonunda “Tik Tok”un bu gün bizdən aldıqları verdiklərindən dəfələrlə çoxdur. Bu gün nə qədər yalan, qeyri-rəsmi xəbərlər varsa, hamısı “Tik Tok”dan ətrafa yayılır. Nə qədər lazımsız-lüzumsuz söhbətlər, videolar var, hamısı “Tik Tok”da edilir, göstərilir. Biz nə edirik, hələ üstəlik götürüb həmin yalanları və lüzumsuzları digər sosial şəbəkələrdə də paylaşırıq. İnsanların beynini zəhərləyirik, yetişməkdə olan nəslin tərbiyə istiqamətini dəyişdiririk.

Elə bu səbəbdən də gəlin, barı övladlarımızı “Tik Tok”dan qoruyaq. Ağlımız nə kəsir, onu etməyək. Bir düşünək ki, bu yalan xəbər, lüzumsuz söhbət, əxlaqa sığmayan videolar bizim hansı dəyərlərimizi əlimizdən alır. Gəlin özümüzə bir az yazığımız gəlsin. Utanmağın daşını atdığımız bu məkanda onun bizdən aldıqlarının yerini verdiklərinin doldura bilməyəcəyini bir an da unutmayaq, gec olsa da. Bəlkə nələri isə qaytara bilərik…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir