novruz bayrami

Torpaq çərşənbəsi – ölülərin ruhları ocağı fırlanır

Baxış sayı: 1. 107

Dörd ilaxır çərşənbələrdən sonuncusu “Torpaq” çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və “Novruz” bayramı gününə yaxın olduğuna görə insanlar tərəfindən daha çox sevilir. Bu çərşənbənin adı qədim inanca görə dünyanın yaradılışında vacib olan dörd ünsürdən biri olan torpağın adı ilə bağlıdır.

Torpaq çərşənbəsi ilə bağlı yazını təqdim edirik.

“Torpaq” çərşənbəsi sonuncu olduğu üçün daha təmtaraqlı qeyd olunur. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin rəmzi hesab olunur. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatırladır, paxlava isə mərkəzinə qoyulmuş fındıqla mifik mənasını özündə əks etdirir. Paxlava gizli mənasına görə qadın başlanğıcı, doğuluş ilə bağlıdır. Paxlavanın ortasına qoyulan badam, qoz, fındıq bu oxşarlığı daha da gücləndirir. Digər tərəfdən paxlava oyanmanı, sərt qış yuxusunda yaşamağa açılan gözü ifadə edir. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini gerçəkləşdirən bir adət kimi qəbul olunur.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevin sözlərinə görə, çərşənbələrin sonuncusu Axır çərşənbədir: “Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır: “Sonuncu çərşənbədə torpaq oyanır. Ulu əcdadlarımız torpağın oyanmasını ən şən, şux mərasimlər, nəğmələrlə qarşılayıb. Xalq arasında belə bir inam olub ki, dörd ünsürdən sonuncusunun – torpağın oyanması ilə Su, Od, Yel və Torpaq daha böyük güc alır və adamları qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarır”.

Ş.Albalıyev bildirib ki, ilaxır çərşənbələrin hər birinin ayrı-ayrı ünsürlərin adları ilə bağlı olmasına baxmayaraq, xalqımız çərşənbələrdən heç birini digərindən üstün, ya əskik tutmadan, hamısına eyni qaydada önəm verib. İlaxır çərşənbələrin hər birinin yaradıcı elementlərinə kompleks şəkildə yanaşıb. Məsələn, bütün çərşənbələrimizdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara su çilənir, eləcə də yel, torpaq ünsürü ilə də bağlı digər inanclar, mərasimlər o biri çərşənbələrdə yerinə yetirilir”.

Onun dediyinə görə, Torpaq çərşənbəsi özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur: “Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir. Bir çox regionlarda “Torpaq” çərşənbəsinin təntənəsi “Novruz” bayramını belə üstələyir. Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-qadınlar qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər”.

Qeyd edək ki, adətə görə Torpaq çərşənbəsində qız-gəlinlər, ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər.

Kişilər də həyət-bacada əsaslı işə başlayar. Bağ-bağat, həyət-bacaya əl gəzdirərlər, səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilərdi. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib-hazırlanırdı.

 

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tacir Səmiminin sözlərinə görə, yel çərşənbəsindən sonra gələn axırıncı çərşənbəyə – torpaq çərşənbəsinə qara bayram da deyirlər: “Qara əski inamla, ikili dünya ilə bağlıdır ağ – qara, xeyir – şər, dualizm ilə sıx bağlıdır. Qara bayramda daha çox qazan asılmalıdır və ətli xörəklər bişirilməlidir. Qədim inama görə ölənlərin ruhları adətən qara bayramda gəlib ocağı fırlanır. Əgər evdə-dava dalaş olsa, qazan asılmasa ruh küsür. Bu da evə, ocağa bədbəxtlik gətirir. Yəni bar-bərəkət göyə çəkilir. Adətə görə çərşənbədə hər bir ocaqda qazan asılmalıdır, eyni zamanda evdə sakitlik, mehribanlıq olmalıdır ki, ruh gələndə şən olsun, rahat dolanıb getsin. Bu da evdə barın-bərəkətin qalması, ocaqda barın-bərəkətin get-gedə artmasına səbəb olur. Bu inamlar son dövrə qədər yaşadılır” – deyə, T.Səmimi əlavə edib ki, adətə görə bunu icra edəndən sonra “Novruz” bayramına rahat hazırlaşırlar: “Torpaq çərşənbəsində bəzi yerlərdə qəbir üstünə gedir, ulu babaları yad edir, şirni qoyurlar, onun ruhuna fatihələr oxuyular və s”.

 

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir