402582_513557648673649_373150204_n

“Ümid edirəm, bu müsahibəni kişilər oxumayacaq” – MÜSAHİBƏ

Baxış sayı: 2. 833

–         Artıq neçə müddətdir ana statusunu daşıyırsınız?

–         2011-ci il 3 dekabr tarixindən, artıq iki ildən çoxdur, bu gözəl, məsuliyyətli, şərəfli adı daşıyıram.

–         İlk dəfə ana olanda təcrübəsiz idiniz yəqin. Kiminsə yardımı dəymişdi körpəni saxlamaqda?

–         Düzü, təcrübəsiz saymazdım özümü, çünki 27 yaşında ana olmuşdum, amma övlad saxlamaqda həmişə böyük sözünə, məsləhətinə ehtiyac olur. Mən də anamın, qaynanamın köməyindən yararlanırdım.

– Amma müasir gəlinlərin bir çoxu elə hesab edirlər ki, bu işi daha yaxşı özləri bacarar, böyüklərin bu işə qarışmasını həmişə qəbul etmirlər. Bəlkə də böyüklərin üsullarını, metodlarını artıq köhnəlmiş hesab edirlər.28079_543003019062445_1323663791_n

–         Hər insan necə individualdırsa, eləcə də ana olmaq da individual hissdir. Mən o cür  xanımları da alqışlayıram, mən şəxsən həm öz bildiklərimdən, oxuduqlarımdan, həm də böyüklərin siz demiş metodlarından istifadə edirdim. Heç bir nənə nəvəsinin pisliyini istəməz. Bəzən onların məsləhətinə qulaq asıb, müasir metodla da həll etmək olar, məncə.

–         Bir az daha əvvələ qayıdaq, məsələn elə hamiləlik dönəmlərinə. Ən çox nədə çətinlik çəkirdiniz? Xüsusi bir bəslənmə reseptiniz var idi, yoxsa?

–         Elə də geri qayıtmağa ehtiyac yoxdu, çünki indi o gözəl və çətin dövrü yaşayıram. İkinci dəfə ana olmağıma cəmi üç gün qalıb. Amma birinci və ikinci hamiləlik dönəmləri müqayisə etsək, birinci hamiləliyimdə mən iş qadını idim. Bütün günü iş rejimində olduğumdan, düzü, mənim üçün heç də çətin olmadı. Həm hamiləliyimi keçirdirdim, həm də işləyirdim. Xüsusi bəslənmə yox idi. Sadəcə, havada çox olurdum, meyvə-tərəvəzlə çox qidalanırdım. Məsələn, onda bir səhv etmişdim ki, süd məhsulları az istifadə etmişdim. Amma o səhvimi bu dəfə düzəltdim, süd məhsullarını rasionuma saldım. Bu dəfə daha yaxşı qidalansam da, budəfəki dönəm daha çətin oldu, mənim üçün. Bunun səbəbini bəzən böyüklər onunla izah edirlər ki, dalbadal ana olanda orqanizmdə yorğunluq olur, filan.

–         Birinci və ikinci hamiləliyiniz arasında nə qədər fərq var ki?

–         Birincini çox yüngül keçirmişdim, heç bir toksikozum olmamışdı. Bütün günü gəzirdim. Amma ikinci hamiləlikdə çətin oldu, toksikoz göz açmağa imkan vermirdi. Özümü o qədər ağırlaşmış hiss edirəm ki, düzü evdən çölə çıxmaz hala gəldim. Çox kilo aldım və s. və ilaxır.

–         Bəs zaman olaraq nə qədər fərq var? İkinci hamiləlik üçün nə əcəb belə tez qərar verdiniz?

–         Zaman fərqi olaraq, bir il 6 aydan sonra yenidən ana oldum. Biz qərar vermədik, tale özü qərar verdi.

–         Aborta münasibətiniz necədir? Nə vaxtsa müraciət etmisiniz? Amma səmimi olaq.

–         Vay-vay… Dünyada ən nifrət etdiyim ifadədir, desəm yalan olmaz yəqin ki… Xeyr, heç vaxt müraciət etməmişəm. Etmərəm də. Hamilə qalmamışdan qabaq bunu əvvəlcədən fikirləşmək lazımdır. İndi min dənə müasir konrtraseptivlər mövcuddur – istənilməyən hamiləlik üçün. Günaha batmaqdansa, orqanizmi zəiflətməkdənsə, xanımlar o üsullardan istifadə etsinlər.

–         Hamiləlik müddətində çoxlarının ürəyi nəsə çəkir. Sizdə nəsə belə bir hal olub?

–         Birincidə dondurma, ikincidə balıq istəmişdim.(gülür)

–         İlk övladınızın neçə yaşı var?603266_513465595349521_448379524_n

–         İki yaş bir aylıqdı.

–         Bəs övladınızın xüsusi bir bəslənmə formulu varmı?

–         Gündə 4 dəfə qidalanır. Çalışırıq rasionunda hər gün meyvə və süd məhsulu olsun. Mütləq şəkildə hər gün gəzintisi var. Hava soyuq oldu, isti oldu fərqi yoxdu.

–         Özünüzü gənc ana kimi təcrübəli hesab edirsinizmi? Məsələn, ən sadəsi uşağın qızdırması qalxanda ilk olaraq nə etməli olduğunuzu bilirsinizmi?

–         Belə bir deyim var, xoşum gəlmişdi bu ifadədən, bir uşaq anası orduda əsgər kimidi, iki uşaq anası orduda zabitdir, üç uşaq anası artıq xüsusi təyinatlıdır. Mən də yəqin əsgər və zabit arasındakı dönəmdəyəm. Uşağın qızdırması qalxanda ilk növbədə qaçaraq qızdırma salıcı siroplara və şamlara əl atmamışdan qabaq qızdırma dərəcəsini dəqiqləşdirmək lazımdır. Bəlkə bu sadəcə olaraq 37.2-dir, məsələn, bu cür qızdırmaya dərman ehtiyac yoxdu. Sadəcə, isti zoğal çayı ilə uşağı tərlədib, o cür qızdırmanı salmaq olar.

–      Bir çox analar həkimlərin əlindən “dad” edir. Bəs siz necə? Həkimlərlə “aranız” necədir?248249_542996115729802_166970113_n

–     Mənim şükür bu sahədə bəxtim gətirib deyəsən. Mən rəfiqələrimin arasında gec ana olduğumdan artıq bir növ onların da təcrübələrindən yararlanmışam. Ona görə elə hamilə dönəmindən artıq qızıma yaxşı pediatr əlaqə nömrələri tapmışdım. Bir də mən bu fikirdəyəm ki, hər bir ailənin öz ailə uşaq həkimi olmalıdır. Məsələn, bizdə elədir. Hər üç aydan biri Nilay qızımı həkiminin yanına aparıram. Profilaktik tədbirlər üçün və s.  Allah eləməsin, bir az ağır xəstələnəndə həkimi gecə də olsa evimizə gəlir. Yəni o artıq Nilayın ilk günündən həkimidir.

 

–         Bəs son dövrlərdə daha çox rast gəlinən ana və uşaq ölümləri haqqında nə deyə bilərsiniz? Sizcə, bu anaların məsuliyyətsizliyidir, yoxsa həkim savadsızlığı?

–         Bu, yalnız birmənalı şəkildə həkim savadsızlığıdır. Bu yazıq ana onsuz da əziyyət çəkir, bətnində körpəni yetişdirir, sonra da xəstəxanaya gəlir ki, sağ salamat şəkildə uşağını dünyaya gətirsin, bu da artıq o həkimin ixtiyarındadır. Həkim də savadsızlığı ucbatından onun və balasının qatilinə çevrilir.

–         Bəlkə doğru həkim seçimi etmirlər?

–         O da ola bilər. Amma dogru həkim seçimi özü də mübahisəlidir. Axı bu həkim artıq doğum şöbəsində işləyirsə, bu, artıq normal həkim olmalıdır da. Bu gün kimi aydındır axı.

–         Son zamanlar artıq analar özlərini daha çox təhlükəyə atmamaq üçün qeysəriyyə əməliyyatına  üstünlük verirlər. Bəs siz?

–         Düzü bu qeysəriyyə əməliyyatlarını heç sevmirəm. Amma hərçənd ki, mən özüm də ikinci dəfə qeysəriyyə əməliyyatı ilə ana olacam. Mənim durumum bir az başqadır. Çünki mən ana olana qədər iki ağır əməliyyat keçirmişdim və təbii yolla ana olmağım sadəcə mümkün deyildi. Amma indi analar təbii doğuşdan çox qeysəriyyəyə üstünlük verirlər, bu isə  istənilən halda təbiətə qarşıdı.

–         Övladınızda hər hansı bir qeyri-adi istedad hiss edirsinizmi?

–         Hər bir övlad doğuluşundan valideyni üçün möcüzədir. Nilay da mənim üçün. İstedad deyəndə ki, hələ çox balacadı, bunu hiss etməyim üçün, amma oynamağı və şəkil çəkməyi, daha doğrusu divarları yazmağı çox sevir.

–         Hər hansı bir özünəməxsus sözləri filan varmı?

–         Özünəməxsus deyəndə ki,  “Maşa və ayı” cizgi filmini “qadi-qadi” deyə çağırır. Bir də suya “fu” deyir. Və bir də atasını hər dəfə bir cür cağırır.

–         İkinci dəfə ana olmaq üçün dövlət, yoxsa özəl səhiyyə müəssisəsini seçmisiniz?

–         İkisində də özəl tibb müəssisəni seçmişəm.483646_600831549946258_1452904681_n

–         Səbəb?

–         Özəl tibb müəssisələrində istədiyim şəraiti gördüyüm üçün.

–         Son olaraq gənc analara məsləhətiniz, ürək sözünüz varmı?

–         Gənc analara və övladlarına xoşbəxtlik və sağlam həyat arzulayıram. Həkim, dərman seçimində həmişə ehtiyatlı olsunlar.

 Hazırladı: Səbinə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir