VALİDEYN

Uşaqlarda aqressivlik varsa, nə etməli?

Baxış sayı: 365

Demək olar ki, bütün yaş dövrlərində valideynlər uşaqlarının aqressivliyindən şikayət edirlər. Ancaq təəssüf ki, valideynlər çox vaxt buna onların özlərinin səbəb olduqlarını unudurlar. Hətta uşaqlarda aqressivliyin qarşısını almaq əvəzinə öz mənfi reaksiyaları ilə onları daha da aqressivləşdirirlər.

Bütün uşaqların özlərinə görə hərəkətli olduqları dövrlər var. Xüsusilə, danışmağa yeni başlayan uşaqlarda belə hallar daha çox müşahidə olunur. Belə hallarda uşağa “aqressiv” damğası vurmaq olmaz. Unutmayın ki, aqressivliyin qarşısının alınmasında psixoloji dəstəklə yanaşı, valideynlərin düzgün mövqeyi də çox vacibdir. Buna görə də, hər kiçik hərəkət üçün uşağa “aqressiv” damğası vurmaq əslində onu aqressivliyə sövq etmək deməkdir.

 

Aqressiv uşaq kimdir?

– Aqressiv uşaq başqalarına zərər verməyə çalışır, təpikləyir, dişləyir, tüpürür.

– Bəzən hərəkətlə, bəzən isə sözlə “hücuma keçir”.

– Aqressiv uşaq cəmiyyət qanunlarına tabe olmaq istəmir.

– Çox vaxt gərgin və əsəbi olur.

– Ətrafındakılarla ünsiyyət qurmaqda çətinlik çəkir.

– Hər dəqiqə münaqişəyə hazırdır.

– Həmişə cəzalandırılır, ancaq bu, onu o qədər də narahat etmir.

– Problemlərini sülh yolu ilə həll etməyə meyilli deyil.

– Dostluq əlaqələri zəifdir.

– Həmişə fiziki gücünə arxalanır.

usaq

Aqressivliyin səbəbləri nə ola bilər?

1) Orqanik səbəblər: Beyin təbəqəsinin iltihablanması kimi hallar aqressivliyə səbəb ola bilər. Belə vəziyyətlərdə əsasən dərman müalicəsi tətbiq olunmalıdır.

2) Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi: Aqressivliyin ən mühüm səbəblərindən biri də budur. Məlum olduğu kimi uşaqlar çox sürətlə böyüyürlər. Bu böyümə ilə yanaşı onların enerji ehtiyatları da artır və uşaq enerjisini boşaltmağa ehtiyac duyur. Burada əsas məsələ uşağın enerjisini düzgün istiqamətləndirməkdir. Məsələn, bunun üçün uşağınızın idmanla məşğul olmasına və ya qumla oynamasına icazə verə bilərsiniz. Əgər belə bir imkanınız yoxdursa, ən azı evə qum torbası almaq və ya vaxtaşırı onunla güləşmək olar.

3) Uşağın başqalarından nümunə götürməsi: Bu nümunə uşağın öz valideyni, dostları, yaxınları və ya bir TV qəhrəmanı ola bilər.

4) TV-dəki zorakılıq səhnələri: Bunun üçün uşağın baxdığı televiziya proqramlarını nəzarət altında saxlamaq lazımdır. Bundan başqa, belə səhnələrə rast gəldikdə, onları şərh etmək və doğru olmadığını vurğulamaq olar.

5) Ailə daxilindəki gərginlik və uşağın zorakılığa məruz qalması: Evdəki gərginlik nifrətə, nifrət isə aqressivliyə səbəb ola bilər.

6) Zorakılığa təhrik: Uşağa istehza etmək və ya uşağın xoşagəlməz sözlərə məruz qalması…

7) Valideynin aqressivliyi artıran reaksiyaları: Məsələn, uşağın aqressiv tələblərini yerinə yetirmək. Bu vəziyyətdə siz bir növ uşağınızın aqressivliyini mükafatlandırmış olursunuz.

VALIDEYN

Aqressivliyin qarşısını necə almaq olar?

1) Hər şeydən əvvəl aqressivliyə səbəb olan amilləri müəyyən etmək lazımdır. Valideyn bu məsələdə lazım gəlsə, bir mütəxəssisdən də kömək ala bilər.

2) Uşağa idmanla məşğul olmaq, qum və ya qum torbası ilə oynamaq, güləşmək kimi enerjisini boşalda biləcəyi alternativlər təklif olunmalıdır.

3) Hansı televiziya proqramlarına baxdığını, kimlərlə dostluq etdiyini nəzarət altında saxlamaq lazımdır. Ancaq bütün hallarda uşağa təzyiq göstərmək olmaz.

4) Ailə daxilində əmin-amanlıq hakim olmalıdır. Zorakılığa yol verilməməlidir.

5) Aqressivliyə aqressivliklə cavab vermək olmaz. Əksinə, aqressiv uşaqla söhbət etməli və qəti şəkildə fiziki gücə yol verməməlisiniz.

6) Uşaq aqressivliyi ilə öz məqsədinə nail olmamalıdır. Valideyn bu məsələdə qətiyyətli olmalıdır.

7) Uşağın fəallığını artırmaq üçün onun üzərinə müxtəlif məsuliyyətlər qoymaq olar.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir