erken nikah

Vəkillər Kollegiyasının sədri: “Erkən nikahlar insan hüquqlarının pozulmasına səbəb olur”

Baxış sayı: 479

“Azərbaycanda hələ də yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir. Bu hal cəmiyyət tərəfindən ciddi qınağa səbəb olsa da, təəssüf ki davam etməkdədir”.

Bu fikirləri səsləndirən Vəkillər Kollegiyasının sədri Anar Bağırov xatırladır ki, Ailə Məcəlləsinə əsasən, nikah nikah yaşına çatmış kişi ilə qadının könüllü ittifaqıdır. Lakin qeyd edilən prinsipə zidd olaraq və dövlətimizin erkən nikahla mübarizə sahəsində apardığı siyasətə baxmayaraq, ölkəmizdə hələ də, yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir.

vekil ANAR BAGIROV

“Bu hal cəmiyyət tərəfindən ciddi qınağa səbəb olsa da, təəssüf ki, davam etməkdədir. Erkən nikahlar sağlamlığın qorunması, təhsil, əmək və şəxsi toxunulmazlıq hüquqları kimi insan hüquqlarının pozulmasına səbəb olur. Beynəlxalq hüquq cəmiyyətində, erkən nikahın hətta, köləliyin bir forması kimi tanınması tələb olunur. Qeyd edilən problemin effektiv şəkildə qarşısının alınması üçün vətəndaşların müəyyən təbəqəsinin hüquqi düşüncəsi dəyişməli və bunun üçün hüquqi maarifləndirmə işləri gücləndirilməlidir”, – Bağırov deyir.

“Azərbaycanda Ailə Məhkəmələri yaradıla bilərmi” sualı ətrafında da fikirlərini bildirən Vəkillər Kollegiyasının sədrinin sözlərinə görə, ailə qanunvericiliyinə əsasən, nikahın gələcəkdə tərəflərdən birinin sadəcə istəyi ilə, maneəsiz şəkildə (buna ciddi əsaslar olmadan) məhkəmə qaydasında pozulmasına imkan verir:

“Yəni nikahda olan tərəfin biri, istənilən formal əsas və səbəb göstərməklə (münasibətlərin pozulması, xasiyyətlərin uyğun gəlməməsi və s.), digər tərəfin istəyi olmadan, nikaha məhkəmə qaydasında xitam verilməsinə nail ola bilər. Bu səbəbləri göstərməsə belə, şəxsin sadəcə nikahın pozulması ilə bağlı iradə ifadəsi buna kifayətdir. Belə olan hallarda, məhkəmə, 3 aylıq müddət gözləməklə nikaha xitam verə bilər”.

Kollegiya rəhbərinin fikrincə, ailə mübahisələrinin spesifikliyini, mürəkkəbliyini nəzərə alaraq, ailə sahəsində ixtisaslaşan hakimlərin və ya Ailə Məhkəmələrinin yaradılması zəruridir:

“Xarici ölkələrin təcrübələrinə diqqət etdikdə görə bilərik ki, bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə Ailə Məhkəmələri mövcuddur. Eyni zamanda Rusiyanın Ali Məhkəməsində Mülki Kollegiyanın tərkibində ailə işlərinə baxan xüsusi tərkib formalaşdırılıb. Düşünürəm ki, bu praktika bizdə də tətbiq edilsə, ailə problemlərinin və boşanmaların səbəbini dərindən öyrənilməsinə zəmin yaradacaq və nəticə etibarı ilə boşanmaların sayının azalmasına müsbət təsir göstərəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir