xeyanet

Xəyanət, yoxsa cinayət?

Baxış sayı: 888

“Həyat yoldaşım mənə xəyanət edib. Bundan sonra daha mən onunla yaşamaq istəmirəm. Əgər boşanmaq üçün məhkəməyə müraciət etsəm, onun mənə xəyanət etməsi faktı məhkəmədə mənə hansısa üstünlük yaradacaqmı?”

Bu, həyat yoldaşı tərəfindən xəyanət olunan qadının ünvanladığı sualdır. Ancaq bu sual insanı digər məqamları da düşünməyə vadar edir. Bəlkə, ailədə xəyanət edəcək şəxsə qarşı hər-hansı bir cəza və ya cərimə üsulu tətbiq olunsa, bu kimi hallar baş verməz… Yaxud da bu üsul ailəni dağılmaqdan sığortalaya bilərmi?

Qeyd edək ki, son dövrlər ailələrin dağılmasının əsas səbəblərindən biri də kişi və ya qadının həyat yoldaşına xəyanətilə bağlıdır. Boşanma zamanı və boşanmadan sonra isə ortaya bəzi hüquqi suallar və problemlər çıxır. Oxucu məktubunda sözügedən məsələyə gəldikdə isə, bir çox ölkələrin qanunvericiliyinə ailədaxili xəyanətlə bağlı maddələr var. Məsələn, Rusiyada əgər ailə hansısa tərəfin günahı ucbatından dağılırsa, xəyanət edənin əmlakı xəyanət qurbanının adına köçürülür. Bəs bizim Ailə Məcəlləsində isə xəyanətlə bağlı hansısa maddə nəzərdə tutulubmu və ya tutulmalıdırmı?

“Biz Şərq psixologiyasından qurtulmalıyıq”

İnsan Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri, ictimai vəkil Aynur İmranova hesab edir ki, ailədə xəyanət varsa, o ailə artıq dağılmış sayılır: “O ailədə artıq sevgi bitib və o, başqası haqqında düşünüb onun arxasınca gedirsə, deməli, evdəki artıq onunçün maraqlı deyil. Ancaq bir məsələ var. Azərbaycanda nə xoşluqla evlənilir, nə də ayrılanda irəli sürülən arqumentləri nəzərə alıb boşana bilinir. Ona görə də, mən hesab edirəm ki, biz Şərq psixologiyasından tamamilə qurtulmalıyıq. Bundan sonra ailə quracaq şəxslərin bir-birinə nə dərəcədə uyğun olması ailə mütəxəssisləri vasitəsilə müəyyən olunmalıdır. Hansı ki, bu, artıq Avropa ölkələrində, eləcə də Türkiyədə tətbiq olunur. Belə olarsa, ailələr daha möhkəm olar və xəyanətlə üz-üzə gəlməzlər”.

xeyanet

Söhbət mənəvi ziyandan gedirsə…

Aynur İmranova düşünür ki, insan birinə xəyanət edirsə, ilk növbədə, özünü aldadır: “Bu, özü də çox dərin psixoloji bir məqamdır və insan xarakterindən qaynaqlanır. Bununla bağlı bir cəza tətbiq edilməsinə mən doğru baxmıram.

Ancaq boşanma zamanı xəyanət olunan tərəfin hər hansı bir üstünlüyə sahib ola bilməsi nəzərə alınmalıdır. Çünki burada mənəvi ziyandan söhbət gedir. Bu mənəvi ziyana görə müəyyən maddələr nəzərdə tutula bilər. Ancaq konkret mal-mülklə ölçülə biləcəkmi, mənim bu barədə ciddi şübhələrim var.

 

xeyanet

“Bununla bağlı məsuliyyət müəyyən olunmalıdır”

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin əməkdaşı Sədaqət Paşayevanın sözlərinə görə, xəyanət üçün xüsusi məsuliyyət nəzərdə tutulmayıb: ” Ancaq bu, çox aktual məsələdir. Ailə daxilində həm qadın, həm də kişi tərəfindən xəyanət kimi hərəkətlər həm qınanmalı, həm də qanunla tənzimlənməlidir. Çünki bu kimi addımlar ailə münasibətlərinə və ailədə böyüyən övladlara, onların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına öz mənfi təsirini göstərir. Buna görə də, hesab edirəm ki, Ailə Məcəlləsində, Mülki Məcəllədə, məişət zorakılığına qarşı tətbiq edilən qanunda bununla bağlı məsuliyyət müəyyən olunmalıdır. Bu kimi hallar arzuolunmaz nəticələrə gətirib çıxarır. Çünki kişi qadına xəyanət edirsə, yaxud da qadını xəyanətdə günahlandırırsa, məsələ hətta ölüm hallarına qədər dərinləşə bilir”.

Hüquq müdafiəçisi təəssüflə bildirir ki, belə məsələlər qapadılır və sonrakı mərhələdə istintaq üçün mövzuya çevrilmir: “Araşdırılmır ki, həqiqətənmi belə bir xəyanət baş verib və yaxud digər hansı məqamlar var? Bu, ölkəmizdə hələ də həllolunmaz bir problem kimi qalır. Biz həmişə məişət zorakılığı ilə bağlı apardığımız maarifləndirmə işlərində cəmiyyətə çatdırmaq istəyirik ki, bu, bir dəyər anlayışıdır. Bunun üçün bizim qanunda hələ ki, bir məsuliyyət olmasa da, yəqin ki, gələcəkdə bununla bağlı dəyişiklik aparılacaq. Çünki bu, çox ciddi zorakılıqlara gətirib çıxarır və qarşısı alınmayaraq qalır. Ailə münasibətləri çərçivəsində nəinki boşanma, hətta cinayət-öldürülmə səviyyəsinə də gətirib çıxara bilir. Boşandıqdan sonra da qadınlar bu məsələ ilə bağlı ciddi problemlər yaşayırlar. Həqiqətən, bu, çox ağrılı və narahatlığa səbəb olan bir məsələdir. Ən azından, onu düşünməliyik ki, ailə könüllü bir məsələdir. İstər qadın, istərsə də kişinin xəyanət barədə düşünməsi belə günah hesab olunmalıdır”.

xeyanet

“Məsələ hüquq müstəvisində həll olunmalıdır”

Müsahibimiz qeyd edir ki, bu düşüncəni də formalaşdırmaq üçün mütləq qanunlara ehtiyac var: “Bəzi dəyərlər, məsuliyyətlər var ki, onları insanların ixtiyarına buraxdıqda, məsələni istədikləri formada həll edirlər. Bu da çox yolverilməzdir. Bununla bağlı mütləq müvafiq qanunvericilik müəyyən olunmalıdır. Ola bilsin ki, belə bir qanun qəbulu cəmiyyət tərəfindən qəbul olunmaz və ya səhv addım kimi qəbul olunar. Düşünərlər ki, insanlar özlərini idarə edə bilmirlərmi ki, onları dəyərləri də qanunla idarə olunsun? Ancaq fikrimcə, bu, keçici, müvəqqəti xarakter daşıya bilər. İnsanlar bu qanunla ailə münasibətlərinin sərhədlərini dərk edəndən sonra, artıq məsələ həlli yolunu tapar və belə bir problem yaranmaz”. Sədaqət Paşayeva məsələnin müəyyən hüquq müstəvisində tənzimlənməsinin tərəfdarı olduğunu bildirir.

Həmsöhbətimizin sözlərinə əsasən, bəzi ölkələrin qanunvericiliyində belə qanun tənzimləmələri ola bilər: “Hər bir ölkənin sanksiyaları onların dəyərlərinə uyğun olmalıdır. Biz təbii ki, kiminsə dəyərlərini mənimsəyib öz qanunvericiliyimizdə təmsil etməməliyik. Ancaq düşünürəm ki, bu məqamda insanların şüuruna, dünyagörüşünə, əxlaq normalarına təsir göstərəcək müəyyən-qayda qanunlar olmalıdır”.

Belə bir qanun qəbulu əslində müəyyən ailə dəyərlərinin qorunmasına zəmin yaradar. Hər hansı kişi və qadın ailə öhdəliklərini və məsuliyyətini anlayar və qanunlar çərçivəsində hərəkət etməyə məcbur olar. Bu da hər hansı bir ailəni dağılmaqdan qorumuş olar. Belə desək, xəyanətin də qanun daxilində bir “cəriməsi” olar. Ancaq təəssüflər olsun ki, hələ ki, Ailə Məcəlləsinə belə bir maddə əlavə olunmayıb. Bəs boşanma məhkəməsi zamanı bu, hər hansı şəkildə nəzərə alınırmı?

 xeyanet

“Mövcud qanunvericilikdə bu, nəzərə alınmır “

Vəkil Telman Əbilov da bildirir ki, mövcud qanunvericilikdə qadın və ya kişinin xəyanəti boşanmada nəzərə alınmır: “Boşanma bilərəkdən və istəyərəkdən baş tutanda birgə nikah dövründə əldə olunan əmlak qadın və kişi arasında bölünür. Burda qadının payının olub-olmamasının, nikah ərzində işləyib-işləməməsinin fərqi yoxdur, qazanılan əmlak iki yerə bölünür. Ailə məcəlləsində kişinin həyat yoldaşına xəyanət etməsinin boşanmaya səbəb olmasının qadınçün heç bir üstünlüyü yoxdur. Belə bir müddəa yoxdur. Bizdə səbəbdən asılı olmayaraq, əmlak iki yerə bölünür”.

 

Sevinc Fədai




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir