qumru eyvazova

Xarici nikahın pozulması necə həyata keçirilir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 524

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra həm Avropa həm də Amerika dövlətləri arasında yaranmış həm iqtisadi, həm də siyasi münasibətlərin inkişafı zəminində vətəndaşlar arasında ölkələrə köç sürətlə artmışdır. Kimisi əmək fəaliyyəti ilə bağlı, kimisi isə təhsillə bağlı ölkə xaricinə köç etmişdir. Eləcə də, müxtəlif xarici ölkələrdən Azərbaycana xarici vətəndaşların gəlib yaşaması halları da artmışdır. Bunun nəticəsi olaraq da, təbiidir ki, müxtəlif  tanışlıqlar yaranmış və xarici vətəndaşlarla Azərbaycan Respublikası vətəndaşları arasında nikah bağlanması halları çoxalmışdır. Qeyd etmək istərdik ki, bu hal müsbət haldır və həm Azərbaycan Respublikasının Ali qanunu olan Konstitusiyaya görə, həm də Ailə Məcəlləsinə əsasən yolveriləndir.

Lakin ailə qurulduqdan sonra bu cür ailələrdə problemlər yarandıqda, təbidir ki boşanma yəni nikahın pozulması halları da az deyil və bunun biz gündəlik olaraq şahidi oluruq.

Lakin həm Azərbaycan vətəndaşında, həm də xarici vətəndaşda bir sual yaranır, necə boşanım?

İlk öncə qeyd etmək yerinə düşər ki, istər tərəflərin hər ikisi Azərbaycan vətəndaşı olsun, istərsə də biri xarici vətəndaş olsun, əgər tərəflər arasında birgə nikahdan övlad doğulmayıbsa, və yaxud doğulmuş övlad yetkinlik yaşına çatıbsa, onlar öz nikahlarına xitamı ASAN Xidmət və yaxud Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yerli Qeydiyyat Şöbələri vasitəsilə həyata keçirə bilərlər.

Lakin əgər tərəflərin yetkinlik yaşına çatmamış birgə övladları varsa, hətta hər iki tərəf razı olsa belə, bu cür nikah yalnız məhkəmə qaydasında pozula bilər.  Belə olan halda, Nikahın pozulmasını arzu edən tərəf ilk öncə Mediasiya prosesinə başlamalıdır. Bunun üçün isə qanunvericiliklə tələb olunan sənədlər (apostil/leqallaşdırma tələb olunmayan ölkələr istisna olmaqla, əcnəbiyə məxsus sənədlər apostil/leqallaşdırılmış formada) təqdim edilməlidir.

Çox vaxt boşanmaya müraciət edən tərəf Azərbaycan Respublikasının vətəndaşı olur və onlar öz xarici ər/arvadına qarşı iddia qaldırmaq istəyir. Belə olan halda, ortaya bir problem çıxır – həmin ər/arvadın Azərbaycan Respublikasında qeydiyyatı olmur, və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən onun qeydiyyatı barədə arayış almaq (onun qeydiyyatı sistemdə olmadığı üçün) mümkün olmur.

 

Bəs belə olan halda hansı addımlar atılmalıdır?

Qeyd edək ki, boşanmaq niyyəti olan Azərbaycan Respublikasının vətəndaşında ər/arvadın şəxsiyyətini təsdiq edən sənəd və orada onun öz ölkəsinin qeydiyyatı varsa, bu işin hallarını yüngülləşdirir. Belə ki, mediasiya prosesində atılacaq addımlar və sonradan məhkəməyə sübut qismində veriləcək sənədlər arasında onun həqiqətən də həmin ölkədə hansı ünvanda qeydiyyatda olması artıq sübut olunmuş kimi hesab ediləcək və məhkəmə tərəfindən qəbul ediləcəkdir. Gələcəkdə isə məhkəmə bildirişləri onun qeydiyyatda olduğu ünvana birbaşa göndəriləcəkdir.

 

Əgər cavabdeh olan xarici ölkə vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd yoxdursa, o zaman onu hardan əldə etməli?

Qeyd edək ki, nikahın pozulmasına niyyətli olan Azərbaycan Respublikasının vətəndaşı boşanmaq istədiyi ər/arvasının vətəndaı olduğu ölkədən onun qeydiyyatda olmasını sübut edəcək sənədi əldə etməlidir. Təbidir ki, bunun üçün iddiaçı tərəf həmin ölkədə vəkil/hüquqşünas vasitəsilə də bu sənədi əldə edə bilər və gələcəkdə məhkəmə işinin məhz Azərbaycan Respublikasında qaldırılması məqsədilə həmin sənəd toplusunu həm mediasiyaya, həm də məhkəmə instansiyasına təqdim etməlidir.

 

Mediasiya və məhkəmə prosesi neçə müddət çəkir?

Mediasiya prosesi istər Azərbaycan Respublikasının vətəndaşları arasında, istərsə də, qarışıq nikahlar arasında 20- 30 gün ərzində yekunlaşır. Mediasiya prosesini keçdikdən sonra iddiaçı tərəf iddia ərizəsini və ona əlavə edilmiş zəruri sənədləri müvafiq birinci instansiya məhkəməsinə təqdim edir. Məhkəmə ən azı 3 ay çəkir, lakin, vəziyyətin mürəkkəbliyindən asılı olaraq, hakimin məhkəmə araşdırmasının müddətini uzatmaq hüququ vardır. Birinci instansiyada işin baxılma müddəti bitdikdən sonra, məhkəmə yekun qərarı elan edir və tərəflər qətnaməni aldığı tarixdən bir ay ərzində ondan şikayət vermədikdə, qətnamə öz qanuni qüvvəsini alır.

Tərəf  nikahın ləğvi ilə bağlı məhkəmə qətnaməsini aldıqdan sonra, bu nikahın pozulması barədə şəhadətnamənin alınması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələri/ASAN Xidmət Mərkəzlərinə müraciət edə bilər (Qeyd: Qətnamənin icrasının yeri, yəni qeydiyyat şöbəsi adı qətnamənin nəticəvi hissəsində qeyd edilir). Nikahın pozulması barədə şəhadətnamənin alınması üçün müvafiq dövlət rüsumunu ödənilməlidir. Hər iki sənəd, yəni həm qətnamə, həm şəhadətnamə tərəfdə olduğu halda, onun tərcüməsi və notarial qaydada təsdiqi, eləcə də, sonradan apostil və yaxud leqalizasiya edilməsi artıq tərəfin iradəsindən və onun ölkəsinin hansı formanı qəbul etməsindən asılıdır.

Əksər ölkələrdə, Azərbaycan Respublikasının sənədlərinin xarici ölkələrdə apostil edilmiş nüsxəsi tələb olunur. Lakin məsələn, Almaniya Federativ Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının yalnız leqallaşdırılmış forması tələb olunur. Bunun edilməsi isə apostil versiyadan fərqli olaraq bir az vaxt aparır və uzun prosedur tələb edir. Belə ki, sənəd notarial qaydada tərcümə və təsdiq edildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən, sonra Xarici İşlər Nazirliyindən, daha sonra isə Almaniyanın Azərbaycandakı Səfirliyindən təsdiqini tapmaqla keçməlidir. Təbii ki, adıçəkilən prosedurların hər birində dövlət rüsumu mövcud olduğundan, tərəf onların hər birini ödəmək məcburiyyətindədir. Yuxarıda sadalanan prosedurlardan bu sənədlər keçdikdən sonra, onlar artıq hazır edilmiş sayılır və tərəfin öz ölkəsində keçərlidir.

 

Vəkil Qumru Eyvazova, Vəkillər Kollegiyasının üzvü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir