Futbolcu

Əfsanəvi türk futbolçu: “Mən həm həyat yoldaşımla, həm də…” – EKSKLÜZİV MÜSAHİBƏ

Baxış sayı: 7. 809

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı Azərbaycan mediasına ilk müsahibəsini verən Türkiyə futbolunun tanınmış siması, “Trabzonspor”un əfsanəvi futbolçusu  Hami Mandıralıdır.

 

–  Futbolçu olmaq istəyinizə ailənizin münasibəti necə olmuşdu?

–  Futbolçu olmaq istəyim ailəm tərəfindən çox normal qarşılanmışdı. Hətta atam mənə xeyli dəstək olmuşdu. Özü futbolu çox sevirdi və bu səbəbdən də mənim fitbolla məşğul olmağımda maraqlı idi.

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

–  Yəqin ki, teatrda çalışardım, aktyor olardım. Insanlarla ilişkilərim çox yaxşıdır. Ətrafımdakı adamlarla ünsiyyət qurmağı xoşlayıram.

– Evlənməyə qərar verdiyiniz zaman gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmaqda tərəddüd etmədi ki?

–  Yox, əsla belə bir problem olmadı. Bəlkə də bunun səbəbi ailə  quran zaman hər ikimizin yaşının az olması idi. Belə demək mümkünsə, biz birlikdə yaşadıq və birlikdə böyüdük.

– Futbolçu peşəsi elədir ki, adətən evdən kənarda olurdunuz. Ailənizdən uzaq qaldığınızda ən çox hansı çətinliklərlə üzləşirdiniz?

–  Futbol çox çətin peşədir, amma mən öz işimi sevdiyim üçün ciddi çətinliklə üzləşmədim. Əksinə, bundan hər zaman zövq alırdım. Təbii, insanın evindən, ailəsindən uzaq olması müəyyən çətinliklər yaradır. Sevdiklərimiz üçün hər zaman darıxırdıq.  Amma dediyim kimi,  insan peşəsini sevəndə bu tip çətinliklərin öhdəsindən gəlmək mümkün olur.

HAMI

– Sizcə, bir futbolçu üçün ailə qurmağın müsbət və mənfi tərəfləri hansılardır?

– Yuxarıda da dediyiim kimi,  çox erkən ailə qurmuşam. O vaxt mənim 20, həyat yoldaşımın isə 17 yaşı var idi. Ailə daxilində sevgi və sayğı istənilən səviyyədə olanda insanın həyatı da nizamlı şəkildə olur ki, bu da bütün məsələlərdə müsbət təsirini göstərir. Məsələn, mən qarşılaşdığım bütün çətinliklərdə ailəmin mənim arxamda olduğunu bildiyimdən rahat şəkildə toparlana bilirdim.

–  Futbol adamları adətən ictimaiyyətin diqqət mərkəzində olur. Yəqin ki, sizin üçün də vəziyyət fərqli deyil.  Bu səbəbdən  həyat yoldaşınızdan qısqanclıq hiss edirsinizmi?

– Mən sevdiyim peşənin peşəkarı olduğum üçün mətbuatın, ictimaiyyətin gündəmində olmağım çox normaldır. Həyat yoldaşım bu baxımdan məni yaxşı başa düşür. Mən həm həyat yoldaşımla, həm də işimlə də evliyəm və bu üzdən həyat yoldaşımın məni qısqanması anlamsız olardı.

–  Hansı tanınmış futbolçularla ailəvi dostluq münasibətləriniz var?

–  Ailəvi olaraq münasibətimizin olduğu hər hansı bir futbolçu yoxdur. Bunun səbəbi isə əksər futbol adamlarının müxtəlif şəhərlərdə yaşaması, bir-birindən uzaq olmasıdır. Ən yaxşı halda hansısa tədbir zamanı qarşılaşdığımız dostlarımız olur. Amma mənim üçün çox dəyərli olan futbolçu dostlarım var. Onlarla eyni hədəf uğrunda mübarizə aparmaq hər zaman xoş idi.  Vaxtaşırı həmin xatirələri yad edirik ki, bu da bizdə yüksək əhval-ruhiyyə yaradır.

– Əlinizdə belə bir imkan olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

–  İnsanlara qarşı xoş niyyətli olmağım və insanların vaxtaşırı bundan istifadə etməsi məni həmişə narahat edir.  Yəqin ki, özümlə bağlı baş verən hadisələrə reaksiyam daha fərqli olsaydı,  heç kim mənim təmiz niyyətimdən istifadə edə bilməzdi.

– Futbolçu kimi ən çox hansı qərarınızdan dolayı peşmanlıq hissi keçirmisiniz?

– Futbolçu karyeram ərzində yeganə səhvim, sonradan məyus olduğum qərarım Almaniyanın “Şalke 04” klubu ilə yollarımı ayıraraq Türkiyəyə dönməyimdir. O vaxt “Trabzonspor”a qayıtmaqdansa, Almaniyada qalmalıydım.

MH

– Ən çox hansı hücumçu ilə oynamaq sizin üçün xoş idi və hansı müdafiəçiyə qarşı oynamaq istəmirdiniz?

– “Trabzonspor”da uzun müddət Şota Arveladze ilə tandem təşkil etmişik. Onunla birlikdə oynamaqdan zövq alırdım. Meydanda çox gözəl anlaşırdıq. İkimizin təşkil etdiyi hücumlar zamanı vurduğumuz qolların sayını unutmuşam.  Sualınızın ikinci hissəsinə gəlincə,  Bülənt Qorxmaz istəmədən də olsa, çox sərt oynayırdı. Ona qarşı oynamaq istəmirdim.  Bir də sabiq “Beşiktaş”lı Rəcəb Çətinin adını çəkə bilərəm. Ona qarşı oynayanda yer aldığı cinah istiqamətinə getmək istəmirdim. – (gülür-T.M.)

 

Söhbətləşdi: Tural Məmmədov

Xüsusi olaraq “Gencaile.az” üçün

Trabzon, Türkiyə

HAMI MH

sOTA

HM

futbolcu 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir