Aydan Mehdiyeva

“Əgər uşağın nitqi yaşına uyğun inkişaf etməzsə…” – LOQOPEDLƏ MÜSAHİBƏ

Baxış sayı: 449

“Gencaile.az saytının “Həkimim” rubrikasının budəfəki qonağı Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin rəhbəri loqoped Aydan Mehdiyevadır.

 

– Son illərdə Azərbaycanda nitqi qüsurlu uşaqların sayında ciddi artım müşahidə olunur. Sizcə,  bu problemin geniş yayılması nə ilə bağlıdır?

–   Uşaqların nitqinin inkişafına təsir göstərən əsas amillər bioloji və sosial-psixoloji faktorlardır. Amma ümumilikdə nitq qüsurunun yaranmasından bəhs etdikdə bir çox səbəblərdən danışmaq olar. Bəzən valideynlərin fərqinə varmadığı bir çox nüanslar bu problemə yol açır. Məsələn, ailələrdə düzgün olmayan nitq tərbiyəsi verilir. Valideynlərimiz uşaqların  səhv tələffüzünə əvvəldən diqqət yetirmir. Nitq qüsurlarının bir səbəbi də eşitmənin pozulmasıdır. Çox vaxt valideynlər bunu hiss edə bilmirlər.

 

– Eşitmə ilə bağlı məsələyə toxundunuz. İstərdim ki, eşitmə qüsurlu uşaqlarda loqopedik prosesin necə aparılmasından danışasınız.

–  Yuxarıda dediyim kimi eşitmə pozulduqda nitq problemi yarana bilər, amma təəssüf ki, bu gün valideynlər bu haqda geniş bilgi sahibi deyillər. Odur ki, müayinə zamanı ilk olaraq eşitməyə baxılır. İkinci mərhələdə uşağın artikulyasiya orqanlarının vəziyyəti yoxlanılır. Dilin qısalığı, uzunluğu, qalınlığı, dilçəyin olub-olmaması, haça olması, dişlərin çox xırda, seyrək və ya heç olmaması, ağız qapanması, dodaqların, yumşaq və sərt damağın vəziyyəti, ağız suyunun axması, nəfəsalma, ümumilikdə artikulyasiya aparatının hərəkətliliyi nəzərdən keçirilir. Yaradılışdan belədir ki, biz gördüklərimizi, eşitdiklərimizi tətbiq edib sözlə ifadə edirik. Ona görə də eşitmənin insan həyatında rolu böyükdür. Xarici qıcıqlanmanı alır, eşidir, reaksiya verir, cavablandırır. Əgər uşaqda anadangəlmə, sonradan qazanılma kimi ağır eşitmə, ikitərəfli və ya birtərəfli eşitmə qüsuru müşahidə olunarsa, biz loqopedlər onlarla səslərin deyilişi, söz ehtiyatının artırılması, cümlənin qurulması üzərində işləyir, nitqi formalaşdıraraq onların söz ehtiyatını artırırıq. Biz onlara suallar verərkən anlayıb, düzgün məqsədyönlü şəkildə cavablanmasını formalaşdırırıq.

usaq

– Uşaqlarda kəkələmə problemi anadangəlmə olur, yoxsa sonradan yaranır?

– Kəkələmə ağır nitq qüsurlarından biri hesab olunur. Oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir. Kəkələmənin yaranmasına uşağın və ya valideynlərin nevroloji xəstəlikləri, irsi faktorları, psixotravmaları, baş beyin zədələnmələri, burun-boğaz-qırtlaq xəstəlikləri, nitqin inkişaf geriliyi, uşağın somatik zəifliyi kimi səbəblər aid edilir. Bir sözlə, səbəblər müxtəlif ola bilər. Konkret səbəb adlandırmaq düzgün olmaz. Adətən, iris, bioloji, sosioloji faktlar nəzərdə tutulur. Bioloji faktlar deyərkən, uşağın keçirdiyi  psixi, nevroloji, somatik xəstəliklər aid edilir. Sosioloji faktlara isə düzgün olmayan nitq tərbiyəsi, çoxdillilik, sosial mühit, pedoqoji baxımsızlıq kimi amilləri qeyd edə bilərik.

 

– Nitq qüsurları içərisində ən geniş yayılanları hansıdır?

– Ən geniş yayılmış nitq qüsuru dislaliyadır. Bu qüsur məktəbə qədər uşaqlar arasında geniş yayılıb. Bu, səs tələffüzü qüsurudur, yəni uşaqlar müəyyən səs qruplarını tələffüz etmir. Xüsusilə fışıltılı səsləri, habelə “y”,  “r”, “l” və “k”, “d”, “x” kimi damaq samitlərini deyə bilmirlər. Eyni zamanda, uşağın yaş fiziologiyası ilə bağlı olan qüsurlar mövcuddur. Uşaq hansısa səsi tələffüz etmir, ya qarışdırır, ya da əvəzləndirir. Dislaliya düzgün olmayan nitq tərbiyəsidir. Məsələn, ailələrdə uşaq deyir ki, “buvva ver”,  ana da həmin “buvva” sözünü təkrarlayır. Ən yaxşı variant odur ki, uşağa elə körpəlikdən “su” deməyi öyrədəsən. Uşaq sözü, səsi düzgün tələffüz etmirsə, dərhal onu saxlayıb düzgün variantın tələffüzünə alışdırmaq lazımdır. Bir çox uşaqlar “r” səsini deyə bilmirlər. Bu hal, yəni rotatizm də disaliyanın bir növüdür. Onu loqopedsiz düzəltmək mümkün deyil. Dizarteriya qüsuru isə uşaqlarda sinir toxumalarının düzgün inervasiya olunmaması ilə şərtlənən bir qüsurdur. Bu qüsur üzvü, mərkəzi xarakter daşıyır. Yəni baş-beyin qabığının zədələnməsi nəticəsində əmələ gəlir. Əlamətləri yenə də uşaqlarda tələffüz pozulmalarına, onlarda  nitq hərəkətliyinin zəifliyi ilə müşahidə olunur. Bu zaman uşaqların səsli mimikası donuq formada olur. Çünki yanaq, dil əzələləri zəif işləyir. Dizarteriya daha çox ana bətnində əmələ gələn bir qüsurdur. Uşaq ana bətnində olarkən müxtəlif travmalar alır, baş-beyində qan dövranın pozulması və s. yaradır.

aydan Mehtiyeva

– Danışığın gecikməsi hansı yaşdan sonra problem hesab olunur və hansı neçə yaşa qədər müalicə ilə aradan qaldırıla bilər?

– Bir yaşdan sonra uşaq tək-tək, təxminən, 10-20 arası söz deməyə başlayır. Yaş artdıqca- bir yaş yarımında uşaq istifadə etdiyi aktiv sözləri kiçik cümlələrə, kiçik suallara çevirərək, nitqini zənginləşdirir. Hər yaş artdıqca, nitqi anlaması formalaşarsa, söz ehtiyatı artarsa, cümlənin quruluşu mürəkkəbləşərsə, bu nitqin normal inkişafının göstəricisidir. Əgər uşağın nitqi yaşına uyğun inkişaf etməzsə, söz ehtiyatını artırmazsa, artırdığı sözlərdən cümlə qurmazsa, bu nitqin gecikməsinin göstəricisidir. Nitqin dinamikası önəmlidir. Yəni, 3 yaşdan sonra uşağın nitqi inkişaf etməzsə təbii ki, nitq inkişafdan qalmış sayılır. Ona görə də 1-3 yaş arası nitqin məhsuldar inkişaf dövrü hesab edilir. Problemin müalicə ilə nə qədər müddətə aradan qalxmasına gəlincə, bu suala dəqiq cavab vermək mümkün deyil. İlk öncə uşağın nitq qüsurunu yaradan səbəblərdən, loqopedə (defektoloq) müraciət etdiyi vaxtdan və uşağın potensialından asılıdır. Bəzi nitq qüsurları var ki, məsələn səs tələffüzü qüsurları [R, L, Ş, Ç, D, T və s.] onları 10 dərsdən 60-90 dərsə kimi aradan qaldırmaq mümkündür. Mürəkkəb nitq qüsurlarından biri olan dizartriya zamanı loqopedik məşğələlər fasilələr olmaqla uzunmüddətli ola bilir.

 

– İrsi keçən dil qüsurlarını necə müalicə etmək olarmı?

– Hər bir qüsuru müalicə etmək mümkündür. Təbii biz ağır qüsurlardan danışmırıq. Məsələn, kəkələmə valideyndən genetik keçə bilər. Ola bilsin ki, o valideyni də lazım olan vaxtda, məqamda müalicə etməyiblər. Nə olar ki, irsidir, valideyn istəyir ki, uşağı müalicə olunsun.

 

– Müasir dövrdə aktual olan autizmli uşaqlarda nitq qüsurlarının həlli üçün nələr edilir? Bu uşaqlarla məşğul olmaq, məncə, daha çox diqqət və qayğı tələb edir.

– Əfsuslar olsun ki, müasir dövrdə bu, ən çox hazırda rast gəldiyimiz problemlərdən biridir. Belə halların son zamanlar nə üçün artdığı haqqında tədqiqatlar, araşdırmalar aparılır. Loqopedlər, psixoloqlar, psixopedaqoqlar, reflektoloqlar müalicəvi idmanları, masajları autizm sindromlu uşaqlarla kompleksli şəkildə işləyir, onların davranışı, emosiyası, kommunikasiya bərpası üzərində çalışırlar. Bir loqoped yalnız uşağın nitqi üzərində yox, eyni zamanda onun emosiyası, əqli bacarığının artırılması ilə də işləyir. Yəni bir loqoped tək olaraq deyil, kompleksli yanaşma edir. Fərdi şəkildə başlayır, kiçik qruplar, sonra böyük qruplarla davam edir. Valideynin dəstəyi ilə üçlü piramida kimi iş prosesi gedir: uşaq, mütəxəssis və valideyn. Bu formada bizim korreksiyamıza kompleksli təsir olur. Məqsəd autizm sindromlu uşaqları sağaltmaq deyil. Onlar fərqlidirlər. Biz fərqliliyi başa düşərək onların cəmiyyətə uyğunlaşmasını istəyirik. Çox təəssüf ki, bəzi autizmli uşaqların potensialı aşağı olduğuna görə, onların nitqi formalaşmır. Amma o demək deyil ki, biz orada dayanırıq. Bu zaman kartlardan, jestikadan istifadə edirik. Xüsusi kartlarla, jest dili ilə bir gün ərzində uşağa nəsə öyrədilmir, o özü də bir təlimdir. Çünki bu, uşaqlarda birmənalı deyil, sistemli problemlərdir.

loqoped

– Təbii ki, haqqında danışdığımız problem elədir ki, bunun təkcə hansısa mərkəzdə həll olunmasını gözləmək olmaz. Şübhəsiz, valideynlər də bu istiqamətdə mütəxəssislərə yardımçı olmalıdırlar. Bu baxımdan valideynlərə nə məsləhət görərdiniz?

– Müasir dövrün valideynləri hədsiz informasiyalara sahib olmalarına baxmayaraq, gərgin iş fəaliyyətindən uşaqlarına səmərəli vaxt ayıra bilmirlər. Nitqin inkişafında emosional kontaktın, emosional münasibətin olması çox önəmlidir. Əgər valideynlər uşaqları ilə emosional bağlılığı tənzimləyə bilmirsə, bu uşaqda təkcə onun insanlara kontaktına yox, həm də ünsiyyətinə maneə törədə bilər. Emosional inkişaf olan yerdə IQ inkişaf edir. Belə olduqda nitq də inkişaf edir və uşaq cəmiyyətdə özünə fərqli yer tapır, özünü doğruldur. Bu doğrultma da gələcəkdə uşağın inkişafına böyük təkan verir. Əgər uşaqda qüsur varsa, o uşağın qüsurlarını yox, onun uğurunu görməyi sevin. Onda həyat sizin üçün daha fərqli, daha gözəl olacaq. Mənim valideynlərə tövsiyəm odur ki, uşaqları ilə canlı ünsiyyətə daha çox üstünlük versinlər. Teatrlarda, kitabxanalarda və s. kimi yerlərdə birgə vaxt keçirsinlər. Ordan aldıqları təəssüratları bölüşərək, valideyn öz uşağının daxilində olan müsbət və mənfi potensialları aşkar edir. Bəzən uşaqda heç bir qüsur olmadan da, ünsiyyətdə çətinliklərlə üzləşirlər.

 

Söhbətləşdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir